Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Ermənilərin Qarsa ayaq açmasına sərt etiraz: “Həmin bələdiyyə sədri barədə sərt ölçü götürülməsini tələb edirik”

Ermənilərin Qarsa ayaq açmasına sərt etiraz: “Həmin bələdiyyə sədri barədə sərt ölçü götürülməsini tələb edirik”

Türkiyədə keçirilən son bələdiyyə seçkilərindən sonra bölgənin strateji əhəmiyyət daşıyan və Azərbaycanla sərhədə çox yaxın olan Qars və İğdır bələdiyyələrinə nəzarət kürdlərin partiyası kimi tanınan HDP-nin əlinə keçdi. Son bələdiyyə seçkilərində həmin şəhərlərdə seçkiləri qazanan partiyanın təmsilçiləri hazırda sözügedən bələdiyyələrə rəhbərliyi həyata keçirirlər.

Maraqlıdır ki, bu hadisədən sonra Ermənistanı təmsil edən nümayəndə heyətləri bölgəyə ayaq açmağa başlayıblar. Ermənistanla Türkiyə arasında heç bir diplomatik münasibətlərin olmadığını, eləcə də rəsmi İrəvanın məlum bölgəyə açıq ərazi iddiası etməsini nəzərə alsaq, onda HDP-li bələdiyyə başçılarının ermənilərə göstərdikləri bu isti münasibətin həm də Türkiyənin dövlət siyasətilə uzalaşmadığını iddia etmək olar.

Türkiyənin Qars bələdiyyəsi sədrinin erməni heyəti qəbul etməsi və ardından onlara təşəkkür ünvanlaması hər iki qardaş ölkədə böyük etiraza səbəb olub. Ziyalı və siyasətçilər bu addımı ciddi tənqid ediblər. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələr isə etirazlarını keçirdikləri aksiya ilə ifadə ediblər.

Türkiyədə keçirilən son bələdiyyə seçkilərində Qars şəhərindən bələdiyyə sədri seçilən HDP partiyasından olan kürd əsilli Ayhan Bilgenin ermənipərəst hərəkətinə həmin ölkənin siyasi dairələrindən də etiraz gəlib. Qeyd edək ki, Ayhan Bilgen sədr seçildikdən sonra Türkiyənin dövlət siyasətinin əksinə olaraq, işğalçı Ermənistanla sıx əlaqə qurmaq niyyətini öz hərəkətlərində açıq göstərir. Ermənilərin Qarsa səfərlərini təşkil edən və Ermənistandan gələn müxtəlif vəzifəli şəxslərə xüsusi qayğı göstərən A.Bilgen sonucu dəfə Ermənistanın idman, mədəniyyət və turizm təşkilatının rəhbəri İşxan Zakaryan, İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan və tarixçi Aşot Soqomonyanı qəbul edib. Görüşdən sonra isə o, sosial şəbəkədəki hesabında erməni heyətə xüsusi təşəkkürünü elan edib.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və orada yaşayan soydaşlarımız bununla bağlı etiraz aksiyası keçiriblər. Türkiyə vətəndaşlarının da dəstək verdiyi aksiyada ermənilərin tarixi türk torpaqlarında törətdikləri soyqırımı aktları xatırladılıb, Türkiyənin ayrı-ayrı bölgələri ilə yanaşı, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı hadisələrinə diqqət çəkilib. Aksiya iştirakçıları bildiriblər ki, Ermənistanla Türkiyənin Qars bölgəsi arasında əlaqələrin qurulması ermənilər tərəfindən törədilmiş böyük cinayətlərə bəraət verməyə, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa yönəlib.

Qars bələdiyyə sədrinin belə ermənipərəst hərəkətlərinə Türkiyə və Azərbaycanda ziyalılar, siyasətçilər, millət vəkilləri də etiraz ediblər.

Türkiyə parlamentinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, bu tip hərəkətlər yolverilməzdir. Qars bələdiyyə sədrinin bu davranışı həm Türkiyə-Azərbaycan qardaşlığına, həm də Türkiyə dövlətinin siyasətinə ziddir.

Azərbaycan-Türkiyə parlamentlərarası dosluq qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə də türkiyəli həmkarı ilə eyni fikirdədir. Qeyd edək ki, bu hadisəyə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlarla yanaşı, Milliyyətçi Hərəkat Partiyasının deputatları da sərt reaksiya göstəriblər.

Həmin bölgə ilə sıx təmasları olan, tez-tez İğdır və Qarsda layihələr icra edən İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, bu hadisədən dərin sarsıntı keçirib: “Həmin ərazi həm Türkiyə, həm də bizim üçün strateji əhəmiyyət daşıyır. Bilirsiniz ki, ermənilər Fransada “Qərbi Ermənistan” dövlətinin varlığını elan ediblər. İddialarına görə, elə həmin ərazilər Ermənistana aiddir. Təsəvvür edin ki, yeni erməniçilik konsepsiyasında belə həssas məqamların yer aldığı bir vaxtda Qarsın bələdiyyə başqanı ermənilərdən ibarət məmurların təmsil olunduğu heyətə qucaq açır. Hətta məqsəd qoyurlar ki, Ermənistanın Gümrü bələdiyyəsi ilə Türkiyənin Qars bələdiyyəsini qardaşlaşdırsınlar. HDP-nin bu xəyanəti çox geniş vüsət alıb. Onlar iş adamları səviyyəsində də əlaqələrin genişlənməsi layihəsi üzərində işləyirlər. Türkiyəyə dövlət səviyyəsində ərazi iddiası olan Ermənistanla hansısa bələdiyyə səviyyəsində belə əlaqələrin qurulması yolverilməzdir. Hesab edirəm ki, Türkiyənin başqa qurumları bu məsələyə müdaxilə etməlidirlər. Söhbət Türkiyənin daxilində fəaliyyət göstərən hər hansı bir erməni dərnəyindən deyil, Ermənistan nümayəndə heyətindən gedir. Bu, açıq-aşkar, Türkiyə dövlətinə qarşı yönələn bir addımdır. Belə hərəkətlər həm də Azərbaycanda birmənalı olaraq mənfi qarşılanır. Biz həmin bələdiyyə sədri barədə sərt ölçü götürülməsini tələb edirik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …