Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Pənah Hüseyn dövlət cinayəti edib?

Pənah Hüseyn dövlət cinayəti edib?

Elçibəy iqtidarında baş nazir postu tutmuş Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayıb. Yaxın tarixə aid olan bu mühüm sənəd sabiq baş nazirin “Facebook”dakı səhifəsində paylaşılıb.

Sənəddən də göründüyü kimi, dövlətə rəhbərlik edən yüksək vəzifəli şəxslər Elçibəy iqtidarına qarşı başlayacaq və yekunda onu devirəcək 4 iyun Gəncə qiyamından cəmisi 7-8 gün əvvəl bir araya gələrək, ölkəni və onu əlaqədar edən digər məsələləri müzakirə ediblər. Stenoqramdan da göründüyü kimi, iqtidarın baş naziri Pənah Hüseyn iclasda yoxdur. Sonra bunun səbəbləri aydın olur: həmin zaman kəsiyində Pənah Hüseyn Londonda, danışıqlarda olub.

DMK-nın iclasının protokolunda gündəlikdə 4 məsələnin yer aldığı qeyd edilir: 1. Qərarların icra vəziyyəti. 2. Fövqəladə vəziyyət haqqında. 3. 28 May – İstiqlal günü haqqında. 4. Mövcud hərbi vəziyyət haqqında.

Məlum sənəd ictimailəşəndən sonra geniş müzakirələrə səbəb olub. Bir sıra siyasilər və Elçibəy hakimiyyətində təmsil olunmuş şəxslər Pənah Hüseyni dövlət sirrinə aid olan məxfi sənədi yaymaqda ittiham ediblər. P.Hüseynin özü isə protokoldakı bir sıra məlumatlar və başqa məsələlərin hüquqi nöqteyi-nəzərdən məxfi sənədlərin statusuna uyğun olmadığını bildirib.  Doğrudan da çox maraqlı suallar ortaya çıxır: P.Hüseyn məlum sənədi yaymaqla hansısa qanunsuzluğa yol veribmi?

  • Fərhad Mehdiyev: “Sənədə əhəmiyyətli məxfilik qrifi vurulsaydı, onda Pənah Hüseynin onu evində saxlaması belə hüquqi məsuliyyət yarada bilərdi”

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin sənədin original versiyası ilə tanış deyil: “Bu səbəbdən də mövzuya daha əhatəli hüquqi qiymət vermək çətinləşir. Biz məlum sənədin medaida yayılan variantı, yəni məzmunu ilə tanışıq, amma sənədin orijinalını görsəydik, onun hansı dərəcədə məxfi məlumatlara aid olduğunu müəyyən edə bilərdik. Məzmun baxımından dövlət sirrinə aid olan məlumatların olduğunu iddia etmək olar. Belə sənədlərin məxfilik dərəcəsi “Dövlət sirri haqqında” Qanunun tələblərinə əsasən təsnifatlandırılır. Orada qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələrinə aid edilən məlumatlar dövlət sirrinə aid kateqoriyadır. Bu qəbildən olan sənədlər qriflənməlidir. Yəni onlara məxfi, xüsusi məxfi və ya tam məxfi kimi adlar verilməlidir. Onların da qorunma müddəti var. Bu, qanunda öz əksini tapır. Məsələn, məxfi məlumatın mühafizə olunması müddəti 10 ildir. Elə sənədlər var ki, onların məxfilik müddəti 75 ildir. Məncə, burada cinayət tərkibi olmamalıdır. Çünki həmin məlumatların ictimailəşməsi dövlətin təhlükəsizliyi üçün hər hansı bir təhdid yaratmır. Həmin işlər üzrə müəyyən hüquqi addımlar atılıb, hətta məhkəmə hökmləri də var. Bir daha xatırladım ki, biz sənədin hansı kateqoriya üzrə qrifləndiyindən xəbərsizik. Bu sənədə əhəmiyyətli məxfilik qrifi vurulsaydı, onda P.Hüseynin onu evində saxlaması belə hüquqi məsuliyyət yarada bilərdi. Çünki analoiji məzmunlu sənədlər evdə yox, dövlət idarələrinin arxivində saxlanmalıdır. Hüquqda hər hansı məzmunlu sənədi dövlət sirrinə aid etmək olmur. Bir daha qeyd edirəm ki, qrifinə baxmalıyıq. Bununla ətraflı tanış olmaq istəyirsinizsə, “Dövlət sirri haqqında” Qanunun 5-ci və 13-cü maddələrinə nəzər yetirmənizi istərdim”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …