Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / Ecevitin 1974-cü il əfsanəvi “Kipr xidmətini” Ərbakanın adına yazanların əsl məqsədi nədir?

Ecevitin 1974-cü il əfsanəvi “Kipr xidmətini” Ərbakanın adına yazanların əsl məqsədi nədir?

1974-cü il iyulun 20-də Bülənt Ecevitin Türkiyədə Baş nazir olduğu dönəmdə baş verən mühüm bir hadisənin təhrif olunması ilə bağlı cəhdlər müşahidə edilir. Hadisələrin 45 illiyinin qeyd olunduğu vaxtda dövriyyəyə bir “sənədli film” buraxılıb. Türkiyədə kimlərsə tərəfindən  hazırlanan həmin film “YouTube” portalına yerləşdirilib.

Filimdə iddia olunur ki, 20 iyul 1974-cü ildə Kiprə ordu çıxarmaqla bağlı qərarı Ecevit yox,  dövrün Baş nazir müavini Nəcməddin Ərbakan verib. Filimdə bildirilir ki, həmin dövrdə Baş nazir Bülənt Ecevit danışıqlar aparmaq üçün İngiltərədə olub. Dönəmin Türkiyə ordusunun Baş Qərargah rəisi Semih Sancarın Ərbakanla məsləhətləşməsindən sonra Baş nazirin vəzifələrini icra edən Ərbakan Kiprə daxilolma əmri verib. Aydın şəkildə görünür ki, bu şanli tarixlə bağlı Ecevitin xidmətlərini kiçiltməyə, onu Ərbakanın adına yazmağa çalışırlar.

Qeyd edək ki, bu cür məlumatların sosial şəbəkələrin Azərbaycana aid seqmentində paylaşılması birmənalı qarşılanmayıb, mövzu ətrafında gərgin polemikalar aparılıb. Bizim araşdırmamızdan isə məlum olur ki, həmin əməliyyata  rəhbərliyi birbaşa Ecevit edib və bütün məsələlər Baş nazir kimi onun nəzarətində olub. Ecevitin ölkədə olmaması isə hazırlanan əməliyyatın uğurla həyata keçməsi üçün edilən diplomatik cəhdlərlə bağlı olub. Cünki bu, sıradan bir əməliyyat deyildi və bunun üçün də dünyanın supergüclərinin mövqeyini bilmək, etirazlarını neytrallaşdırmaq gərək idi. Hətta Ecevitin əməliyyatlara başlanması ilə bağlı Türkiyəyə “Ayşəgül tətilə çıxsın”  məzmunlu şifrəli bir mesaj göndərdiyi də bildirilir. Yalnız həmin xəbəri alandan sonra Türkiyə Kiprə ordu çıxarmaq istiqamətində hərəkətə başlayıb. Buradan aydın şəkildə görünür ki, Kipr əməliyyatı birbaşa Ecevitin rəhbərliyi və göstərişi əsasında həyata keçirilib.

  • Fərəc Quliyev: “Sırf onun projesi olub”

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə məsələlərin ortaya atılmasında məqsəd ümumi prosesi gözdən salmaqdır: “Həmin hadisələrə yalnız ərazi işğalı kontekstindən yanaşmaq olmaz. Türkiyə o zaman əzilən, öldürülən soydaşlarına sahib çıxdı. Ərdoğanın son çıxışında bir daha işarə olundu ki, orada yenidən türklərə qarşı hansısa mənfi münasibət olarsa, Türkiyə öz sözünü yenidən deyəcək. İkinci bir bəyanatı isə belə oldu: “Həmin ərazidəki var-dövlətə sahiblənmək istəyənlər bilməlidirlər ki, qarşılarında Türkiyəni və Türkiyə Kiprini görəcəklər”. Bilirsiniz ki, Aralıq dənizində Türkiyənin varlığına son qoymaq istəyirlər. Hətta Avropa Birliyi Türkiyəni sanksiya ilə hədələyir. Ortaya yeni xəritə qoyur. Eynən Yunanıstanın iddiaçı olduğu müddəalardır. Türkiyəni bununla enerji qaynaqlarından kənarda saxlamaq istəyirlər. Misir, Yunanıstan və Rum Kipri adlı bir format yaranıb. Zirvə toplantısında elan etdilər ki, Türkiyə həmin ərazini zəbt edib, lazım gəlsə, güc tətbiq edib həmin ərazini geri almaq lazımdır. Bütün bu proseslər, eyni zamnda, sizin dediyiniz istiqamətdə aparılan təbliğat prosesi gözdən salmağa, Türkiyəni dalana dirəməyə hesablanıb”.

Millət vəkilinin sözlərinə görə, bu məsələdə Ecevitin rolu danılmazdır: “Bu, sırf onun projesi olub. Həmin sənəddə onun imzası var. Bəli, “Ayşəgül tətilə çıxsın” adlı bir teleqram da vurulub. Bütün planı qurandan sonra Ecevit guya kənarda olduğu görüntüsünü yaratdı və proses uğurla baş verdi. Ərbakanın da rolu olub. Çünki onlar koalision ortağı olublar. Bu elə tarixdir ki, ayrı-ayrı fərqləri üz-üzə qoyub, prosesə xələl gətirmək olmaz. Türkiyənin sıxışdırılmasına yol vermək olmaz. Belə hadisələri fərdlər üzərində qurulan intriqalara bulaşdırmaq olmaz. Belə filmlərin hazırlanması sırf təxribata xidmət edir. Xahiş edirəm ki, bu ciddi məsələni daim diqqətdə saxlayın”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …