Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / “Bölmədə oğlumu fiziki təzyiqə məruz qoyub, narkotiklə şərləyiblər” – Video

“Bölmədə oğlumu fiziki təzyiqə məruz qoyub, narkotiklə şərləyiblər” – Video

Haşımovlar ailəsinin üzvləri deyir, oğulları Məhəmməd Haşımov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Məhəmməd Haşımov Aviasiya Akademiyasının Hüquq fakultəsində təhsil alırdı. Atası Habil Haşımov deyir, 29 mart tarixində Xətai rayon 34-cü polis bölməsindən ona zəng edib deyiblər ki, oğlu ilə bərabər bölməyə yaxınlaşsın.
Habil Haşımovun sözlərinə görə, 34-cü polis bölməsində ona əsasən İranla bağlı suallar veriblər: 
“Biz orada olanda mənə bu sualı verdilər ki, sənin İranla bir əlaqən var? İrana gedib-gəlmisən? Mən bildirdim ki, xeyr. Oğluma da həmin sualı veriblər. Biz sadəcə namaz qılanıq, oruc tutanıq, inanclı insanlarıq”.  
Haşımov deyir, onlara bütün bu sorğu-sualın səbəbi deyilməyib. Təqsirləndirilən şəxsin anası Zöhrə Haşımovanın sözlərinə görə 34-cü polis bölməsindən çıxdıqdan sonra evə qayıtmaq üzrə yola düşüblər. Amma polis bölməsindən gələn zəngdə onlara deyilib ki, bölməyə qayıtsınlar. Oğlunuza bir neçə sualımız da var. 
Ailə yenidən polis bölməsinə qayıdıb. Bölməyə daxil olduqdan sonra yaşananları Zöhrə Haşımova belə təsvir edir: 
“Biz elə təzəcə çatmışdıq ki, polislər gəlib oğlumu bizim əlimizdən alıb elə birinci mərtəbədə yerləşən tədqiqatçı otağına apardılar. Mən gözümlə görürdüm. Boylandım görüm ki, nə məsələdir, niyə mənim uşağımın ətrafında toplanıb başının üstünü kəsdirmisiniz? Oradakı polis əməkdaşları da məni güdür ki, otağa yaxın getməyim. Elə bir addım irəli atıram, üstümə gəlirlər ki, siz çıxın çölə. Mən sonradan başa düşdüm ki, mənim övladıma orada əməliyyat qurublar. Orada onu fiziki təzyiqə məruz qoyub, narkotiklə şərləyiblər” .
Məhəmməd Haşımovun saxlanılması ilə bağlı polisin yazdığı protokolda onun saat 21:50-də Xətai rayon ərazisində saxlanıldığı yazılıb. Ailə üzvləri isə əldə etdikləri təhlükəsizlik kameralarının görüntülərinə istinadən deyir ki, Məhəmməd həmin gün saat 21.43-də onlarla bərabər İnşaatçılar metrosu yaxınlığında, yəni Yasamal rayonunda olub.  
Məhəmməd Haşımovun atası deyir ki, oğlunun saat 21.50-də saxlanıldığını rəsmiləşdirsələr də, onların əlində saat 22:22-də polisin ikinci dəfə onları çağırması üzrə 34-cü polis bölməsinə qayıtmalarının görüntüsü var. 
Daxili İşlər Nazirliyininin sözçüsü Elşad Hacıyev bildirib ki, məsələdən xəbərdardırlar. Hazırda başlanılan cinayət işilə bağlı istintaq hərəkətləri davam etdirilir. Məhəmməd Haşımovun ailəsi əllərindəki maddi sübutlarla müvafiq qaydada istintaqa müraciət edə bilər. Haşımovlar deyir ki, istintaqa artıq müraciət etsələr də, hələ ki, onlara cavab verən yoxdur.

Həmçinin oxuyun

“Azinforum” ictimailəşdirdiyi mövzu dövlət qurumlarını hərəkətə gətirdi-“Gənclik” ətrafı təmizləndi+Video

Azinforum.az-ın metronun “Gənclik” stansiyası ətrafındakı piyada səkülərin mağaza və “obyekt” sahibləri tərəfindən qanunsuz zəbt edərək, …