Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / Azinforum.az saytı xanım soydaşımıza dəstək verdiyi üçün, Rusiyanın tanınmış KİV-lərinin preysinqinə məruz qalıb

Azinforum.az saytı xanım soydaşımıza dəstək verdiyi üçün, Rusiyanın tanınmış KİV-lərinin preysinqinə məruz qalıb

Bir neçə gündür ki, Azinforum.az saytı Rusiyanın ən nüfuzlu telekanallarının dilindən düşmür. Hətta Rusiyanın məşhur “NTV” kanalı da Azinforum.az-da yayımlanan bir müraciətlə bağlı xüsusi reportaj hazırlayıb. Həmin videonu paylaşıram. Bu ərəfədə Rusiyanın nüfuzlu KİV-lərini təmsil edən 10-larla jurnalist əlaqə saxlayaraq məndən mövzu ilə bağlı münasibət öyrənib.

Söhbət Surqut şəhərində yaşayan əslən Tovuz rayonundan olan Məmmədova Raya Sabir qızı ilə bağlı yayımladığımız müraciətdən gedir. Həmin müraciətdə 3 azyaşlı uşaq anası olan Raya Məmmədova Azərbaycan xalqından kömək istəyir. Vəziyyətin niyə bu həddə çatması ilə bağlı əvvəl bir neçə yazı ilə çıxış etmişəm. Qısa olaraq bir daha xatırladıram ki, 7 ay əvvəl Raya Məmmədovaya “rus xalqını təhqir etdiyinə” görə cinayət işi açılıb.

Raya Məmmədovanın hüquqlarını Surqutdakı Azərbaycan diasporunun sədr müavini, hüquqşunas Amil Abbasov “müdafiə” edib. Əslində isə Amil Abbasov Raya Məmmədovanın vəziyyətinin pisləşməsindən başqa heç bir addım atmayıb. Proses uzunu Raya xanıma bildirib ki, onun dediklərinin etsə, hər şey yaxşı qurtaracaq. Xanım soydaşımız ona inanaraq, vəkilin dediyinə əməl edib. Hətta rus xalqından üzr də istəyib.

Nəhayət , dekabr ayının sonunda, məhkəmə prosesi yekunlaşmaq ərəfəsində olanda, Amil Abbasov Raya xanıma bunları deyib: “Narahat olma, sənə 4 il iş verəcəklər, mən bir ildən sonra səni çıxaracam”. Amil Abbasov tətəfindən aldadıldığını görən Raya Məmmədova bu məsələni ictimailəşdirəcəyini deyir və vəkil ona etiraz etmir.

Nəticədə, Raya Məmmədovanın 4 dəqiqəlik videomüraciəti Azinforum.az tərəfindən yayımlanır. Tam ifşa olduğunu görən Amil Abbasov Raya Məmmədovanın müraciətini Rusiyanın əlaqədar qurumlarına edir və onun “zərərli” olduğunu həmin ölkənin mediasında şərh edir. Bir sözlə, Azərbaycan diasporunun nümayəndəsi və vəkil öz soydaşımızı müdafiə etmək əvəzinə, onun gözdən salınması və cəzalanması ilə bağlı aparılan kampaniyasının ön sıralarında yer alır.

İndi də çalışdıqları budur ki, Raya Məmmədova icazəsiz videomüraciət etdiyinə görə, qanunu pozduğunu əsaslandırıb, buna görə də məhkəmənin gedişi boyunca onun barəsində həbs qətimkan tədbiri seçməyə nail olsunlar. Məhz bu proses getdiyi dönəmdə Raya Məmmədovanın azərbaycanlı olan həyat yoldaşı ilə bağlı deportasiya qərarı çıxarılıb. Təəssüflər olsun ki, Surqut şəhərindəki diaspor rəhbərimiz Azad Seyidov da bu prosesdə Amil Abbasova dəstək verir.

Azad Seyidov və Amil Abbasov

Kim Raya Məmmədovanı müdafiə edirsə, xanım soydaşımız barədə yalan informasiya verməklə onun özünün güya əxlaqsız, həyat yoldaşının isə kriminal adam olduğuna dair rəy formalaşdırırlar. Hətta xanımın güya erməni əsilli olduğuna dair nalayiq böhtan atmaqdan belə çəkinmirlər.

İstinad mənbəyi kimi isə Rusiya mediasında gedən birtərəfli, qərəzli materialları götürürlər. Bir sözlə, yanvar ayın 25-də üç azyaşlı azərbaycanlı körpənənin taleyi həll olunur. Onların anası ilə bağlı həbs qərarı çıxarılarsa, çox nümunəvi davranışları ilə seçilən körpələr uşaq evinə veriləcək. Bununla da Surqutdakı Rusiya vətəndaşlarının təhqirlərinə və hədələrinə cavab verdiyinə görə xanımın və onun timsalında bir azərbaycanlı ailənin gələcək taleyi qaranlığa qərq edilə bilər. Ailənin maddi imkanı zəif olduğuna görə, hazırda vəkil də tuta bilmirlər. Xahiş edirəm, bu postu maksimum paylaşaq ki, soydaşımıza dəstək ola bilək.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …