Ana səhifə / Manşet / 27 ildə Naxçıvanda tətbiq edilmiş qeyri-adi “qayda-qanunlar

27 ildə Naxçıvanda tətbiq edilmiş qeyri-adi “qayda-qanunlar

Ötən həftədən bəri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir. Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində aparılan əməliyyat, komitənin ləğvi və burada bəzi şəxslərin həbsi ilə yanaşı, gömrükdə indiyədək mövcud olan qeyri-rəsmi qadağalar ləğv edilib.

Naxçıvanı Türkiyə ilə birləşdirən Sədərək və İranla birləşdirən Culfa gömrük məntəqələri İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bəzisini aradan qaldırıb.

Hazırda bu məntəqələrə müvəqqəti olaraq Bakıdan yoxlama üçün gələn DTX əməkdaşlarının  nəzarət etdiyi bildirilir. Yerli sakinlərin  verdiyi məlumata görə, Türkiyəyə getmək üçün 50 kilo tərəvəz keçirmək şərti və 15 günlük məhdudiyyət artıq tətbiq edilmir. Bundan əlavə, İran və Türkiyədən gətirilən ərzaqlara da qadağalar aradan qaldırılıb.

Adının çəkilməsini istəməyən Şərur sakini  deyir ki,  Sədərək gömrüyündən Türkiyəyə rahat keçib və istədiyi ərzağı alıb, geri qayıdıb:

“Eşidəndə ki, 50 kilo tərəvəz keçirmək şərtini qaldırıblar, qulaqlarıma inanmadım. Giriş və çıxışda Bakıdan gələn DTX əməkdaşları oturub, hər şeyə nəzarət edirlər. Gömrük işçiləri quzuya dönüblər. Hər dəfə gedib-qayıdanda bizi təhqir edən, mallarımızı əlimizdən alan əməkdaşlar birdən-birə dəyişib, mülayim, mədəni adamlara çevriliblər. Dedilər ki, qayıdanda nə istəsəz, gətirin. Əvvəl adambaşına 5 kilodan artıq ərzaq qadağan idi, ət qismi isə qəti olmazdı. İndi isə hər şey sərbəstdir. İnsanlar azadlığa çıxıb. Bizdən 4-5 dəfə ucuzdur deyə, ərzağı maşın-maşın daşıyırlar Türkiyədən. Hamı bilir ki, bu hal müvəqqətidir. DTX gedəndən sonra hər şey əvvəlki qaydada olacaq. Ona görə hamı əlinə keçəni alıb gətirir. Mən də xeyli ərzaq alıb, rahat Naxçıvana keçirdim”.

Culfa Gömrük Məntəqəsi də ərzaq və digər məhsulların gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Babək rayon sakini deyir ki, bu səbəbdən İrana da axın artıb:

“İranda qiymətlər çox ucuzdur. Əvvəl bir kilo da olsun, ərzaq buraxmırdılar. Bu dəfə sərhəd açılandan heç nə demirlər. DTX əməkdaşları nəzarət edir. Digərləri kimi mən də özümlə zəruri ərzaq məhsulları aldım və rahat keçirə bildim. Ayda 30 kiloqram norma var. Amma güzəşt edirlər. Müəyyən qədər artıq olanda söz demirlər. Bundan əlavə avtomobilimə iki təkər almışdım. Burada həmin təkərlər 80 manatdır. Oradan o qiymətə ikisini aldım. Gömrükdə də maneçilik törədilmədi”.

Naxçıvanda tətbiq edilən  və vətəndaşların etirazla qarşıladığı məsələlərdən biri də

nömrə nişanı Naxçıvana aid olmayan avtomobillərin MR-də bir aydan artıq sürülməsinə icazənin verilməməsidir. Naxçıvan sakinləri bildirirlər ki, bununla bağlı Dövlət Yol Polisi əməkdaşları reydlər keçirib, MR kodu ilə başlamayn avtomobillər saxlanaraq cərimə duracaqlarına aparılırdı. Orada  isə sahiblərindən 3 gün ərzində Naxçıvan ərazisindən çıxaracağı ilə bağlı iltizam alındıqdan sonra avtomobillər geri qaytarılırmış . Eyni zamanda, Naxçıvanda istehsal tarixi 5 ildən artıq olan avtomobillərin qeydiyyata salınması da qadağan olunmuşdu. Belə maşınların da baha olması əksər MR sakinlərinin maşın almaq istəyini ürəyində qoyurdu.

Narazılıq doğuran başqa bir qadağa Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına gətirilən mallara gömrük rüsumunun  tətbiq olunması ilə bağlıdır.

Ölkə qanunlarına görə, gömrük orqanları malların yalnız Azərbaycanın gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı rüsum ala bilər. Amma xırda ticarətlə məşğul olan Naxçıvan şəhər sakini deyir ki, Bakıdan bura gətirilən hər kiloqram yük üçün şəhər Gömrük İdarəsi onlardan 10 qəpikdən başlayan “idxal rüsumu” alırmış:

“Malımızı əsasən İran vasitəsiylə gətiririk. Maşınlar Biləsuvar gömrüyündə möhürlənir. Bütün yolu rahat gəlir. Bizim tərəfə çatan kimi düz sürdürürlər Naxçıvan şəhər gömrüyünə. Möhür orada açılır. Sonra malın sahibini çağırırlar ki, gəl gömrük rüsumunu ödə, malını apar. Ödəmədinsə, müsadirə edib, özləri satırlar”.

Malın hər kilosu üçün gömrük işçiləri onlardan 10-30 qəpik pul alır: “Malın dəyərinə görə hesablayırlar, bahalı malın rüsumu da çox olur. Belə olanda biz də qazana bilmirik. Bizim qazanc da elə hər kiloda 40-50 qəpikdi. Bəzən rüsumu çox alırlar, heç o da qalmır. Onda biz də məcbur qalıb, malların satış qiymətini qaldırırıq”.

Sakinlər ödədikləri pul üçün qəbz ala bilmədiklərini də söyləyirlər.

Bundan əlavə, narazılıq doğuran məqamlardan biri də kişilərin Naxçıvanda daimi qeydiyyatdan çıxarılmasına qoyulan qeyri-rəsmi qadağadır. Azərbaycanın digər bölgələrindı ev alan vətəndaşlarımız üçün orada qeydiyyatdan çıxıb, öz evinə düşmək əsl müşkülə çevrilib.

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Yaxın  günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək. Hazırda sözügedən binada mağazanın açılışına hazırlıq işləri görülür.

Bununla da bütün  market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan süni maneələr artıq aradan qaldırılıb. Qeyd edək ki, indiyədək Naxçıvanda heç bir market və restoran şəbəkələrinin fəaliyyətinə icazə verilməyib.

Ancaq bir faktı da qeyd edək ki, Azərbaycan mərkəzi hakimiyyətinin  həyata keçirdiyi bu anti-korrupsiya addımlarına tam başqa don geyindirmıyə çalışanlar da var. Bəziləri hətta ifrata vararaq,  güya Naxçıvanda  separatizmin baş qaldırdığına dair heç bir əsası  olmayan məlumatlar tirajlayır. Yanlış olaraq belə rəy formalaşdırmağa çalışırlar ki, güya bu addımların əsas hədəfi muxtar respublikanın rəhbərliyidir. Bunun izahı çox sadədir. Azərbaycanın hər yerində olduğu kimi, həmin bölgədə də korrupsiya ilə mübarizə çərçivəsində addımlar atılır. Eyni zamanda, Vasif Talıbovun ailəsinə aid şəxslərin saxlandığına, işdən çıxarıldığına dair təsdiqini tapmayan  məlumatları da bura aid edə bilərik. Bütün bunlar heç də o anlama gəlmir ki, bu illər ərzində müsbət işlər görülməyib. Naxçıvanda aparılan bərpa-quruculuq işləri və bunun fonunda yaradılan səliqə-sahmanı, ən ucqar kəndlərdə belə normal sosial infrastrukturun yaradılmasını, taksi sürücülərinin vahid formadan istifadəsini, yas yerlərində israfçılığın qarşısını almaq məqsədilə atılan bütün addımlar müsbət yönümlü fəaliyyət kimi dəyərləndirilə bilər.

İstənilən halda, Naxçıvanda aparılan son islahatlar ordakı vətəndaşlarımızın  maddi rifahını daha da yaxşı edəcək.

Məhəmmədəli QƏRİBİ

Həmçinin oxuyun

ABŞ-ın Azərbaycandakı səfiri: “İttihamların çoxu uydurmadır, məqsəd jurnalistlərin səsini kəsməkdir”

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bir qrup jurnalistlə görüşüb, onların …