Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Yeni ilin ilk yarım ayında ərzaq 10-30 faiz bahalaşıb

Yeni ilin ilk yarım ayında ərzaq 10-30 faiz bahalaşıb

Qubad İbadoğlu: “Bahalaşma həm də monopolist şirkətlərin qərarları ilə baş verir”

Yanvar ayının ilk 15 günü iqtisadi sahədə əsasən bahalaşma ilə yadda qaldı. Əsasən də ərzaq və gündəlik tələbat məhsullarının qiymətində ciddi artım oldu. Manatın tam üzən məzənnə rejiminə keçməsi, banklar üçün marjanın ləğv edilməsi dolların daha da bahalaşmasına səbəb oldu ki, bu özünü bazarlarda göstərdi. Bəs, görəsən ayın ilk yarısının nəticələri nə deyir, tendensiya necə olacaq, inflyasiya artacaqmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirdi ki, bahalaşma dinamik bir prosesdir və bütün sahələri əhatə edir: “Ötən ildən başlayan bahalaşma yanvar ayının ilk 15 günündə də özünü göstərdi. Ərzaq məhsullarının bahalaşması həm də monopolist şirkətlərin qərarları ilə baş verdi. Azərbaycanda istehlak mallarının istehsalı və satışı ilə məşğul olan əsas şirkətlər yanvar ayında qiymətləri 10 faizdən 30 faizə qədər bahalaşdırdılar. Bunların arasında çay, yağ, un və un məmulatları var. Görünən odur ki, yanvarda daha çox ərzaq məhsullarının qiyməti bahalaşacaq”.

İqtisadçının sözlərinə görə, bank və vergi sistemi ilə bağlı qanunvericilikdə edilən bir çox dəyişikliklər də qiymətlərin artmasına zəmin yaradacaq: “Əgər diqqət yetirsəniz görərsiniz ki, ötən il daha çox qeyri-ərzaq məhsulları bahalaşmışdı. Bu il ərzaq məhsullarındakı bahalaşma digər mal və xidmətləri üstələyəcək. Artıq bankların marjası götürüldü. Bu da banklarda manatın satışının müxtəlif məzənnələrini müəyyənləşdirdi. İndi elə bank var ki, onlarda dolların alış kursu ilə satış kursu arasındakı fərq 10 qəpiyə qədərdir. Bu da satış kursunun daha baha olmasına gətirib çıxarır. Dolların alış kursu aşağı olanda insanlar dolları banklara satmaqdan imtina edir və yenidən qara bazara üz tuturlar. Yəqin ki, getdikcə dolların alış və satış kursu arasındakı fərq azalacaq. Çünki bu bazarın ilkin reaksiyasıdır, sonrakı mərhələdə aralarındakı rəqabət kursun yaxınlaşmasına gətirib çıxara bilər”.

 

Manatın bundan sonra da dəyərdən düşəcəyini vurğulayan ekspert tam üzən məzənnə siyasətinin baş tutmayacağını qeyd etdi: “Amma manatın ucuzlaşması davam edəcək. Mərkəzi Bank elan etdi ki, manatı tam üzən məzənnəyə keçirib. Lakin bu, yenə də baş vermədi. Necə ki, 2015-ci ilin dekabrında üzən məzənnə rejimi elan olunmuşdu, sonradan yenə əvvəlki vəziyyətinə qayıtdı. Görünür, Mərkəzi Bank indi də manatı sərbəst üzən məzənnə rejiminə keçirməyə hazır deyil. Həmçinin, manat da bu rejimə hazır deyil. Bunun üçün müəyyən qədər işlər görülməlidir”.

İqtisadçının fikrincə, hazırda sahibkarların ən böyük problemlərindən biri də nağdsız hesablaşmalara qoyulan məhdudiyyətdir: “Yanvar ayı ümumiyyətlə ağır aydır, alıcılıq qabiliyyətinin aşağı düşüyü, dövriyyənin iki dəfə azaldığı bir aydır. Yanvar ayının özəlliklərindən biri də ondan ibarət oldu ki, ”Nağdsız hesablaşmalar haqqında” Qanun qəbul olundu. Bu ayda banklar və şirkətlər yeni qaydalarla işləməyə başladılar. Burada ən problemli məsələlərdən biri şirkətlərin vəsaitlərinin nağdsızlaşdırılmasından ibarətdir. “Nağdsız hesablaşmalar haqqında” Qanuna görə, nağd hesablaşmalarla bağlı müəyyən məhdudiyyətlər var. Banklar isə indiki halda bu məhdudiyyətə əməl etmədən şirkətlərin sifariş etdiyi qədər nağd vəsaiti onların ixtiyarına buraxmağa başlayıblar. Mənim fikrimcə, bu, sonradan vergi orqanlarının həmin şirkətlər üzərində cərimə tətbiq etməsinə gətirib çıxaracaq. Çünki “Nağdsız hesablaşmalar haqqında” Qanunda nəzərdə tutulan məhdudiyyətlərin pozulmasına görə Vergi Məcəlləsində cərimələr nəzərdə tutulub”.

Qubad İbadoğlu sahibkarların və vətəndaşların qanunvericilikdə aparılan son dəyişikliklərdən əziyyət çəkdiyini diqqətə çatdırdı: “Bu baxımdan Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin yanvar ayından başlaması da müəyyən mənada yenilikdir. Çünki 201 dəyişiklik baş verib, bunlar kifayət qədər çoxdur. Bu dəyişikliklər nəticəsində nağdsız hesablaşmalarda problem yaranıb, ölkədən kənara valyuta köçürmələrində problem yaranıb. bəzi adamlar öz övladlarının təhsil haqlarını belə köçürməkdə çətinlik yaşayırlar. Çünki bir çox banklar onlardan 10 faizlik vergi tələb edir. Əslində bu qanunda nəzərdə tutulmayıb. Sadəcə, Vergi Məcəlləsində edilən dəyişikliklərin izahında problemlər var. Banklar haqqında da təlimatlar hazırlanıb, ancaq tətbiq edilmir. Birdən-birə çoxlu dəyişikliklər edildiyindən indi onların tətbiqi məsələsində çətinliklər əmələ gəlib. Bundan da ən çox əziyyət çəkən sahibkarlar və vətəndaşlardır”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın