Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Vəkil müdafiə etdiyi şəxsin 6 milyonu qanunsuz yolla əldə etdiyini deyir – Müəmmalı dələduzluq işi

Vəkil müdafiə etdiyi şəxsin 6 milyonu qanunsuz yolla əldə etdiyini deyir – Müəmmalı dələduzluq işi

Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan satış müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb. İş adamının vəkili 6 milyona yaxın pulun qanunsuz yolda əldə edildiyini deyir.

Həsənov Samir Hafiq oğlu Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

İş üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutur.

Sonuncu məhkəmə prosesində ilk olaraq hakim Samir Əliyev zərərçəkmiş Şakir Ələkbərovdan həbsdə olan şəxsə verdiyi və aldığı pulları dəqiq hesablayıb-hesablamadığını soruşub. Çünki ötən proses məhz bu səbəbdən təxirə salınmışdı.

Zərərçəkmiş Şakir Ələkbərov hesabat apardığını, verdiyi pullara görə Samir Həsənovun ona nə qədər qazanc verdiyini və nə qədər borcu qaldığı hesabladığını bildirib.

Şakir Ələkbərov söyləyib ki, ümumilikdə Samir Həsənova 5 milyon 596 min manat pul verib.

Samir Həsənovdan 3 milyon 596 min manat pul aldığını deyən Şakir Ələkbərov bildirir ki, bu məbləğin hamısı onun qazancıdır.

Zərərçəkmiş kimi tanınan Şakir Ələkbərov hazırda ana məbləğ olaraq göstərdiyi 5 milyon 596 min manatı tələb edir.

Samir Həsənov isə iddianı qəbul etmir. Pulları qaytardığını deyir.

Prosesin davamında Şakir Ələkbərov Samir Həsənova verdiyi və geri ala bilmədiyi ilk məbləğ barədə danışıb.

Şakir Ələkbərov bildirib ki, Samir Həsənova verdiyi 98 min manata görə həftəlik 2550 manat qazanc alıb. 98 min manata görə ümumilikdə 176 min 800 manat qazanc alıb. O qeyd edib ki, bu qazanc ana məbləğ olan 98 min manata aid deyil və həmin pul Samir Həsənovda qalır.

Hakim Şakir Ələkbərova sual verib ki, Samir Həsənov pulları alanda və ona qazanc olaraq pul qaytaranda yanlarında kimlər olub?

Şakir Ələkbərov deyib ki, bütün bu söhbətlər ikisinin arasında olub.

Şakir Ələkbərovun vəkili müdaxilə edərək bildirib ki, müdafiə etdiyi şəxs məhkəmədə danışan zaman bəzən özünü itirir. Vəkil deyib ki, Şakir Ələkbərovla Samir Həsənov arasında alış-veriş olan zaman orada başqa şəxslər olub.

Vəkil əlavə edib ki, onlar Şakir Ələkbərovun Samir Həsənova vermək üçün pul aldığı şəxslərdi.

Hakim bir daha Şakir Ələkbərovdan dəqiqləşdirmək üçün soruşub ki, Samir Həsənov qazanc pullarını verəndə yanlarında üçüncü şəxs olubmu?

Şakir Ələkbərov cavab olaraq “xeyir” deyib.

Daha sonra Samir Həsənovun vəkili Şakir Ələkbərova sual verib ki, ötən prosesdə 98 min manata görə 183 min manat qazanc əldə ediyini deyib. İndi isə fərqli- 173 min 800 manat deməsinin səbəbi nədir?

Şakir Ələkbərov ötən prosesdə dəqiq hesablama aparmadığını bildirib.

Samir Həsənovun vəkili Şakir Ələkbərovdan neçə ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu soruşub.

Şakir Ələkbərov 1995-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib.

Vəkil Şakir Ələkbərovdan soruşub ki, ümumi gəliri ilə bağlı məhkəməyə vergi bəyannaməsi təqdim edə bilərmi? Vəkil bildirib ki, məsələni kökündən araşdırmaq üçün bu sualı verir və 5 milyondan artıq pulun mənbəyini öyrənmək istəyir.

Şakir Ələkbərovun vəkili müdaxilə edərək sualın çıxarılmasını istəyib və əlavə edib ki, bunun məsələyə aidiyyəti yoxdur.

Amma Şakir Ələkbərov suala cavab vermək istədiyini deyib. Bildirib ki, həmin pulları ayrı-ayrı şəxslərdən alıb.

Samir Həsənovun vəkili həmin şəxslərin adının məhkəmənin diqqətinə çatdırılmasını istəyib.

Hakim isə bu sualın verilməsinin hələlik tez olduğuu deyib və Samir Həsənovdan Şakir Ələkbərovdan nə qədər pul aldığını soruşub.

Həbsdə olan Samir Həsənov qeyd edilən 5 milyon 596 min manatı Şakirdən aldığını, lakin bir dəfəyə alınan pul olmadığını deyib. Samir Həsənov bildirib ki, Şakir Ələkbərovdan aldığı pulun məbləğini, faizlərini, qaytardığı pulların qeydiyyatını aparıb və hamısını da hesablayıb.

Samir Həsənovun vəkili təkrar olaraq Şakir Ələkbərovdan pulları kimdən aldığını soruşub.

Hakim isə bu sualın hələlik çıxarıldığını xatırladıb. İzah olaraq isə hakim bildirib ki, Samir Həsənov pulu aldığını etiraf etdiyi üçün bu məsələ hələlik müzakirə olunmur.

Samir Həsənovun vəkili Şakir Ələkbərova sual verib ki, 3 milyon 596 mini qazanc olaraq alıbmı?

Şakir Ələkbərovun vəkili bu sualın yönəldici sual olduğunu və çıxarılmasını istəyib.

Bu zaman Şakir Ələkbərov suala cavab olaraq 3 milyon 596 min manatın qazanc olduğunu deyib və bildirib ki, Samir Həsənov ona bu məbləği qaytarmaqla aldadıb: “Mənim öz pulumu özümə qaytarırdı. Mənim etibarımı qazanırdı”.

Prosesin davamında Samir Həsənovun vəkili Şakir Ələkbərovdan siqaret alverinə nə zaman başladıqlarını soruşub.

Şakir Ələkbərov bildirib ki, Samir Həsənovla 2017-ci ildə tanış olublar və həmin il də Samir ona iş görməyi təklif edib.

Suallara cavabında Şakir Ələkbərov bildirib ki, Samir Həsənov 2017-ci ildə aldığı pulları qaytarıb. İlk qaytarmadığı pul 2019-ci ildə verdiyi məbləğlərdir.

Samir Həsənovun vəkili təkrar Şakir Ələkbərova sual verib ki, 6 milyona yaxın pulun mənbəyi ilə bağlı məhkəməyə izah verə bilərmi: “Hörmətli məhkəmə, biz bilməliyik ki, bu adamın bu qədər pulu olub, yoxsa yox”.

Şakir Ələkbərovun vəkili bu suala təkrar etiraz edib.

Hakim bu sualın çıxarıldığını deyib.

Samir Həsənovun vəkili məhkəməyə xatırladıb ki, çıxarılan sual Şakir Ələkbərovun pulları kimdən alması ilə bağlı verilən sual olub: “Hörmətli məhkəmə, vergi bəyannaməsi təqdim etməsi ilə bağlı sualı çıxarmadınız”.

Şakir Ələkbərovun vəkili bu suala müdaxilə edərək deyib ki, müdafiə etdiyi şəxs pulu qanunsuz sahibkarlıqla əldə edib və bu heç nəyi dəyişmir.

Samir Həsənovun vəkili deyib ki, bu ifadələr məhkəmə protokoluna qeyd edilməlidir.

Şakir Ələkbərovun vəkili deyib ki, bu ifadəni onun adından protokola qeyd edə bilərlər.

Samir Həsənovun vəkili isə etiraz edərək bu ifadənin Şakir Ələkbərovun adından yazıla biləcəyini deyib.

Şakir Ələkbərovun vəkili isə müdafə etdiyi şəxsin yox, bunu özünün dediyini qeyd edib.

Samir Həsənovun vəkili isə suallara Şakir Ələkbərovun cavab verməli olduğunu deyib və vəkilin müdaxilə etməməsini istəyib.

Şakir Ələkbərovun vəkili isə belə sualın verilə bilməyəcəyini deyib.

Samir Həsənovun vəkili buna yalnız məhkəmənin qiymət verə biləcəyini söyləyib.

Vəkillər arasında yaranan gərginliyə hakim müdaxilə edib.

Hakimin sualına cavab olaraq isə Şakir Ələkbərov deyib ki, pulların hamısını qanuni yollarla əldə edib və heç bir vergi problemi olmayıb.

Ardınca isə Şakir Ələkbərov düzəliş edərək pulları ayrı-ayrı şəxslərdən əldə etdiyini bildirib.

Samir Həsənovun vəkili Şakir Ələkbərovdan soruşub ki, Samirə veridyi və adığı pulların qeydiyyatını harada aparıb?

Şakir Ələkbərov deyib ki, şəxsi dəftərində aparıb və məhkəməyə təqdim edə bilər.

Məhkəmə tərkibində olan digər hakim Cavid Hüseynov da Şakir Ələkbərova sual verib.

Cavid Hüseynov əvvəlcə Şakir Ələkbərovdan bir daha dəqiqləşdirib ki, Samir Həsənova nə qədər pul verib və indi nə qədər tələb edir.

Şakir Ələkbərov 5 milyon 596 min manat verdiyini. Aldığı 3 milyondan artıq pulun sadəcə qazanc olduğunu bildirib.

Məhkəmə araşdırması davam edir.

İttihama görə Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manat alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.

Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.

Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb, daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib. Hər gün üçün edilən alış və satışdan onlara qazanc əldə edib.

S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.

Təqsirləndirilən Həsənov ittihamlarla razılaşmır. Deyir ki, aldığı pulları qazancı ilə birlikdə qaytarsa da indi Şakir Ələkbərov onu şərləyərək əlavə pul istəyir. S.Həsənov əlavə edir ki, Ş.Ələkbərovdan 5 milyon pul alsa da, 6 milyon manatdan çox pulu qazancı ilə birlikdə qaytarıb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …