Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Vəfa Orucova ərini niyə və necə öldürdüyündən danışdı

Vəfa Orucova ərini niyə və necə öldürdüyündən danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 38 yaşlı Vəfa Orucovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.orgun xəbərinə görə, prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevlə qısqanclıq zəminində mübahisə edib. Belə ki, Musayev Vəfanın başqa şəxslərlə münasibətinin olmasından şübhələnib. Ər-arvad arasında münaqişə də bu üzdən yaranıb. Əri tərəfindən döyülən qadın bıçaqla Rövşənin kürəyindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən Vəfa Orucova ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində həyat yoldaşı tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını deyib. O, ərinə xəyanət etməsi ilə bağlı deyilənlərin yalan olduğunu söyləyib. V.Orucovanın ifadəsinə görə, əri əsassız yerə onunla mübahisə edib, dava salıb, hadisə zamanı bıçaqla vurmaq istəyib: “Bıçaq əlindən düşdü. Yerdən götürüb vurdum. Xüsusi amansızlıqla bağlı ittiham ağırdır, bununla özümü təqsirli bilmirəm”.

Şahid qismində mərhumun atası A.Musayev dindirilib. O, rayonda yaşadığını, oğlunun ailəsində baş verən söz-söhbətdən xəbərdar olmadığını, son iki ildə oğlunun evinə cəmisi iki-üç dəfə getdiyini deyib. Şahid sualları cavablandırarkən gəlininin adını bilmədiyi diş həkimi ilə münasibətinin olması haqda eşitdiyini deyib. Onun dediyinə görə, dava da elə bu səbəbdən baş verib.

V.Orucova isə bu sözlərin yalan olduğunu bildirib. O həmin diş həkimini mərhum əri Rövşən Musayevə görə tanıyıb: “Rövşən onun yanında dişlərini düzəltdirirdi. Mənə dedi ki, yaxşı həkimdir, sən də dişlərini elə ona düzəltdirərsən. Sonra Rövşən onu bir dəfə də bizim evə gətirdi. Hətta baldızımın da dişlərini müayinə etdi. Mənim həmin şəxslə heç bir münasibətim olmayıb”.

Mərhumun atası tərəfindən V.Orucovanın taksi sürücüsü ilə də münasibətinin olduğu iddia edilib. Məlum olub ki, V. Orucova ərini bıçaqladıqdan sonra həmin taksi sürücüsünə zəng vurub.

V.Orucova isə deyib ki, taksi sürücüsünü məhəllədə yaşayan şəxs kimi tanıyıb: “Təcili yardıma zəng vurdum. Fikirləşdim ki, gec gələcək. Ona görə də taksiyə zəng elədim ki, gəlsin, Rövşəni xəstəxanaya tez çatdıraq. Ona zəng etməkdə məqsədim bu olub”.

Prosesdə V.Orucovanın hadisənin əsas şahidi olan 14 yaşlı oğlu da ifadə verib. Hadisə baş verən zaman evdə olduğunu deyən yeniyetmə ifadəsində bildirib: “Atamla anam mübahisə edirdi. Atamın əlində bıçaq var idi. Anamı vuranda bıçaq yerə düşdü. Sonra da anam atamı vurdu”.

Məhkəmə xatırladıb ki, şahid istintaqdakı ifadəsində bıçağı anasının əlində gördüyünü deyib. O isə bu ziddiyyəti həyəcanlı olması ilə izah edib.

Sualları cavablandırarkən hadisə baş verəndən sonra yaşananlardan danışıb. Məlum olub ki, təcili yardıma da ilk zəng edən o olub. Azyaşlı atası bıçaqlandıqdan sonra anasının kimə zəng etdiyini bilmədiyini deyib. Söyləyib ki, atası yaralı olanda qanı dayandırmaq üçün dəsmalla onun yarısını sıxıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabrın 24-də baş verib. Bakı şəhər sakini Rövşən Musayev ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb. Əməliyyat-axtarış tədbirlərinin gedişində mərhumun arvadı Vəfa Orucova hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

İlkin məlumata görə, mərhumun spirtli içki qəbuluna görə arvadı ilə tez-tez mübahisələri olub. Sonuncu belə mübahisə isə qətllə nəticələnib.

V.Orucovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …