Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Quli: “Azərbaycanda bir gün də qalmaram”

Quli: “Azərbaycanda bir gün də qalmaram”

Azərbaycanın ən titullu “qanuni oğru”larından hesab olunan Nadir Səlifovun artıq Gürcüstana getdiyi iddia olunur

Azərbaycanın ən titullu “qanuni oğru”larından hesab olunan “Lotu Quli” ləqəbli Nadir Səlifov oktyabrın 24-də azadlığa buraxılıb. Bu barədə ilk məlumatı ilk dəfə müsavat.com saytı yayıb. N.Səlifovun azadlığa buraxılması xəbəri dərhal manşet xəbərlər sırasında yer alıb. Çünki uzun illərdir həbsdə olan və 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Lotu Quli”nin 2021-ci ildə azadlığa buraxılması gözlənilirdi.

Penitensiar Xidmət öncə bəyan edib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması, ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər. Günün sonuna yaxın məlumat rəsmən təsdiqlənib.

Bildirilir ki, “Lotu Quli” Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, özü və vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə vəsatəti təmin edib və o, cəzasını qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan “Lotu Quli” dərhal ölkəni tərk edib. “Report” isə öz mənbələrinə istinadən “Lotu Quli”nin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyini iddia edib. “Nadir Səlifov 8 saylı CM-in rəisinin adına ərizə ilə müraciət edərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş edib. Rəis onun istəyini təmin edib” deyə, xəbərdə bildirilirdi.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən N.Səlifov həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. Bu səbəbdən də onun məhz Gürcüstana getməsi məntiqli görünür. Yeri gəlmişkən, vəkillərindən biri illər öncə “”Quli”yə istinadən belə bir söz demişdi: “”Quli” deyir ki, azadlığa buraxılsa, bir gün də Azərbaycanda qalmaram”.

“Lotu Quli” haqqında qısa arayış. Nadir Səlifov 1972-ci ildə doğulub. Keçmiş SSRİ məkanında tanınan qanuni oğrulardandır. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. Oğru aləmində Gürcüstandan olan, azərbaycan əsilli Otari Bədəlovla (ləqəbi “Otar”) yaxın münasibətləri olub. 1992-ci ildə Nadir Səlifov qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. 2005-ci ildə isə onun haqqında cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürülərək cəza müddəti daha 7 il artırılıb.

2005-ci ilin oktyabr ayının 14-də sonda bəraət aldığı ittiham üzrə keçirilən məhkəmədə dediyi son sözlərdən bəzi seçmələri indi xatırlatmaq onun haqqında az məlumatı olanlar üçün hansısa əlavə informasiya ola bilər: “Mən bu gün Azərbaycanda yeganə ”qanuni oğru”yam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Bu ilin payızında mənim “zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə “proqonum” olub. Və hər şey də bundan sonra başlayıb… Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən “qanuni oğru”yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür. Mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik…”

Belə iddialar var ki, “Lotu Quli”nin basqılarla üzləşməsi o, həbsxanada narkotik dövriyyəsini əngəlləyəndən sonra yaranıb. Bildirilirdi ki, o, narkotiklərin qanunsuz dövriyyəsində əli olan şəxslərin qəzəbinə tuş gəlib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …