Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Ölkədən samovar çıxarmağa icazə almaq lazımdır

Ölkədən samovar çıxarmağa icazə almaq lazımdır

Xalça Muzeyinin sözçüsü: “Bir günə verilən şəhadətnaməyə 50 manat rüsum ödəməlisən”

– Nə istəyir?

– Hmm… Uşaq oyuncağı. Təşkil edərik.

Telefon danışığını bitirincə üzünü içəridəkilərə tutaraq, – “Turistdir, qədim uşaq oyuncağı istəyir”, – deyir.

– Qədim uşaq oyuncağı? Turist onu necə çıxaracaq bəs sərhəddən? Buna da icazə alınacaq?

Telefonla danışan adam – Bakıda – İçərişəhərdə yerləşən qədim və əntiq əşyalar, o cümlədən, xalça və qədim el sənəti nümunələri satılan mağazalardan birinin sahibi Bəxtiyar Məmmədli gülür:

– Biz 20-30 ilin oyuncağına da “qədim” deyirik. Buna icazə lazım deyil. Ancaq bu samovarlara lazımdır. O, əliylə taxçaya düzülmüş, qızılı rəngdə, təzəliyi parıltısından bəlli samovarları göstərir.

– Yerli məhsuldur ki?

– Yox, İranındır, amma dəxli yoxdur, gömrük mütləq bunun qədim əşya olmadığını təsdiqləyən şəhadətnamə tələb edəcək.

Bakı, İçərişəhərdə əntiq mallar satılan mağaza. 23yan2017

Bakı, İçərişəhərdə əntiq mallar satılan mağaza. 23yan2017

Bəxtiyar Məmmədli deyir ki, mağazadakı xalça və kilimlər qədim deyil, indi dövrə aiddir, amma yenə, xarici turist alarsa, ölkədən çıxarmaq üçün əlində sertifikatı olmalıdır.

Bakıda şəhadətnaməni xalça və incəsənət muzeyləri verir.

“Siz turist gətirin, sertifikat problem deyil”

Bəxtiyar Məmmədli deyir ki, belə mallara, əsasən, avropalı turistlər maraq göstərirlər: “Ərəb turistlərindən bizə bir fayda olmadı. Onlar belə şeyləri neyləyirlər? Özləri də Şərq mədəniyyətinə aiddirlər, onlarda da belə əşyalar çoxdur. Belə əşyalara ancaq avropalılar, bir də özümüzünkülər maraq göstərirlər”.

Alverin zəiflədiyindən gileylənən mağaza sahibi deyir, yetər ki turist olsun, sertifikat almaq çətin deyil. Onun sözlərinə görə, müştəri xaricidirsə, sərhəddə hansı əşyanın problem törədəcəyini deyirlər: “Onlar onsuz da qaydalara bələddirlər. Razılaşırıq, məsələn, deyirik, 1 saata gəl, sertifikat hazır olacaq. Adətən, razılaşırlar, gedib-gəzib-gəlib malı götürürlər”.

Mağazada olan mis qablar, qazanların, məcməyi və səhənglərin, azı, 70-80 il tarixi var. Bəxtiyar Məmmədli deyir ki, bu əşyaları ancaq Azərbaycan daxilində istifadə edənlər alır: “Onsuz da qədimi sayıldığından, şəhadətnamə verilmir deyə, bunları xarici müştəriyə təklif də eləmirik. Azərbaycanda kimsə restoran açır, köhnə qablardan dekorasiya qurmaq istəyir, gəlib bizdən alırlar. Təzəsi köhnəsindən bahadır”.

“Dedilər, biz göndərsək də, gömrük geri qaytaracaq”.

“İranın, Rusiyanın samovarını başqa bir ölkəyə aparırıqsa və mallar yeni dövrə aiddirsə, niyə icazə almalıyiq?”, – Bakı sakini Coşqun Eldaroğlunun sualıdır. O deyir ki, Norveçli dostunun xahişi ilə ona Bakının “Sədərək” yarmarkasından samovar alıb: “Rusiya istehsalı olan adi samovar idi. Poçta aparanda məndən götürmədilər ki, sertifikatsiz olmaz. Dedilər, biz göndərsək də, gömrük geri qaytaracaq”.

Coşqun Eldaroğlunun sözlərinə görə, daha sonra İncəsənət muzeyinə gedib, ancaq orda da komissiya həftədə bir dəfə yığışır: “Müşahidəmə görə, komissiya formal xarakter daşıyır. Rüsum ödəmək lazımdır. Mən 15 manat ödədim, amma orda adamlardan soruşdum, dedilər, rüsum kimi 30 manat istənilib”.

Şəhadətnamə 5 il etibarlıdır

AzadlıqRadiosu-nun müxbiri İncəsənət muzeyi ilə əlaqə saxlaya bilməsə də, Azərbaycan Xalça Muzeyi qədim el sənəti nümunələrinə şəhadətnamə verdiyini təsdiqlədi. Muzeyin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul AzadlıqRadiosu-na bildirib ki, həftəiçi hər gün Azərbaycan Xalça Muzeyinə müraciət edilə bilər: “Bir gün ərzində sertifikatın əldə olunması üçün rüsum 50 manatdır, 7 gün ərzində verilməsi üçün rüsum 30 manatdır”.

Fuad Rəsul əlavə edib ki, təqdim olunan şəhadətnamə 5 il etibarlıdır. Onun sözlərinə görə, müəllif əsərlərinə də sertifikat təqdim olunur.

Xalça Muzeyinin sözçüsü onu da vurğulayıb ki, 1950-ci ildən əvvəlki qədimi əşyalara, xalça və xalça məmulatına sertifikat verilmir.

Mədəni sərvətlərin siyahısında nələr var?

Əşyalara şəhadətnamə verilməsi “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarı ilə tənzimlənir. Həmin qərarda “mədəni sərvətlər”in siyahısı açıqlanır:

– təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;
– kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;
– əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
– tətbiqi-sənət əsərləri – xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları;
– səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri;
– qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.);
– şifahi xalq yaradıcılığı nümunələri;
– arxeoloji və numizmatik xarakterli əşyalar;
– flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.

Həmin qaydaya görə, ekspertizaya təqdim olunmuş əşyanın Azərbaycan üçün tarixi-elmi-mədəni əhəmiyyəti təsdiqlənməzsə, ixracına icazə verilir. Əhəmiyyətli sayılarsa, o zaman Azərbaycanın özü bu mala müştəri çıxa bilər. (Azadliq.org)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın