Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / İmişlidə hər cür “allahsızlıq” edən Vilyam dözmədi, şahidə “Allahın olsun” dedi

İmişlidə hər cür “allahsızlıq” edən Vilyam dözmədi, şahidə “Allahın olsun” dedi

İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə dinləmələrində ona rüşvət vermiş daha bir neçə nəfər şahid qismində dindirilib. Şahid ifadələri keçmiş icra başçısının yoxsullara yardım üçün ayrılan pullara belə göz dikdiyini, həmin vəsaitin cüzi hissəsini yardıma ehtiyacı olanlara verib qalanını özünə götürdüyü, şəhid ailələri üçün tikilən yaşayış binasından mənzillərin verilməsi üçün şəhid yaxınlarından da rüşvət aldığı üzə çıxıb.

“Nazim müəllim gəldi, dedi tikinti dayandırılmalıdır…”

 Əvvəlcə şahid qismində iş adamı, İmişli rayon sakini Həsən Zahidov dindirilib. O, ifadəsində deyib ki, rayonda sərəncam əsasında tikinti işləri aparırdı, amma günlərin birində  icra hakimiyyətinin arxitektura şöbəsinin müdiri gələrək tikintini dayandırıb.

“Sərəncamı əvvəlki icra başçının vaxtında almışdım. Arxitektura şöbəsinin müdiri Nazim müəllim gəldi, dedi ki, tikinti dayandırılmalıdır. Səbəbini soruşanda pul vermək lazım olduğunu dedi. İcra başçının adından məndən 2 min manat istədi, məcbur olub pul tapıb verdim. Əgər verməsəydim polis göndərib tikintini dayandıracaqdılar. Bilirəm ki, o pulu verməməli idim. Amma məcbur idim, tikməliydim, dolanışığım ordan çıxırdı”,-sahibkar deyib.

Kasıba 6 min yardım ayırdı, cəmi min manat verdi

Digər şahid isə İmişlinin yoxsul sakinlərindən Teymur Quliyev olub. O,  məhkəmədə deyib ki, maddi vəziyyəti ağır olduğu üçün 2019-cu ildə İmişli rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciət əsasında ona yardım qismində 6 min manat pul ayrılıb, amma həmin puldan cəmi 1000 manat veriblər. “Atam ağır xəstə idi, atam rəhmətə gedəndə dəfn etməyə  imkanım olmadığından yardım üçün icra hakimiyyətinə müraciət etdim. Mühasib Cəmil Musayev dedi ki, sənə yardım olunacaq, amma bizə də verməlisən. Altı min manatdan mənə min manat verdilər”,-o deyib.

Digər rayon sakini Xəyyam Məmmədov da analoji ifadə verib. İşsiz olduğunu deyən X.Məmmədov yardım xahişi ilə  İmişli rayon icra hakimiyyətinə müraciət etdiyini, ona 7 min manat yardım ayrıldığını bildirib: “Bankdan götürdüyüm pulun hamısını maliyyə şöbəsinə  verdim. Çünki İcra Hakimiyyətinin maliyyə şöbəsində tapşırmışdılar ki, pulu bankdan götürüb ora vermək lazımdır. Həmin puldan mənə cəmi 100-200 manat verdilər, qalanını özlərinə götürdülər”.

Kafe işlədəndən 1500 manat

Qardaşı ilə birgə İmişli-Beyləqan yolunun kənarında yeməkxana işlədən şahid Habil Cəfərov da Vilyamın kassasına pul verənlərdən biridir. O, deyir ki, obyekti bir qədər genişləndirmək  qərarına gəlmişdi. Arxitektura şöbəsinin müdiri  isə onlara əlavə tikinti aparmaq üçün pul ödəmək lazım olduğunu bildirib: “Nazim Rəsulov dedi ki, icra başçısına pul verməlisiniz. Mən də 1500 manat verdim, tikintiyə icazə verdilər”.

V.Hacıyevin vəkili şahiddən rüşvət tələb olunması ilə bağlı nə səbəbə görə məhkəməyə müraciət etmədiyini soruşub. Şahid deyib: “Bilirəm, rüşvət vermək cinayətdi, amma neyləyim, ailəmi dolandırmalıyam”.

JEK müdiri Fəxrəddin: “Mən savadsız adamam, belə şeyləri bilmirəm…”

İmişli rayon Mənzil Təsərrüfatı Birliyinin sədri Fəxrəddin Qarayev də məhkəmədə dindirilib, o, rayon ərazisində keçirilən tədbirlərə görə icra hakimiyyətinə rüşvət verdiyini deyib: “Tədbirlər olanda pul istəyirdilər. Müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermişəm”.

Şahid yaxın qohumuna rayon ərazisində tikilən binalardan üçotaqlı mənzil almaq üçün baş mühasib Cəmil Musayevə 12 min manat verdiyini də açıqlayıb: “Cəmildən xahiş etdim. Bunun üçün 12 min manat vermək lazım olduğunu dedi. Həmin məbləği verdik, qohumuma mənzil verdilər”.

Vəkil:

-12 min manatı verdiyinizi niyə rəsmiləşdirmədiniz?

Şahid:

-Ağlım kəsmədi, mən orta təhsilli adamam, belə şeylərdən başım çıxmır.

Vəkil:

-JEK rəisi işləmisiniz, amma ağlınız kəsməyib?

Şahid bu deyilənə reaksiya verməyib, susub.

Əvvəllər “Azərişıq” ASC-nin Aran regional idarəsində, hazırda isə Qarabağ regional şöbəsində işləyən Canəhməd Əhmədov isə ev almaq üçün baş mühasib Cəmil Musayevə 10 min manat verdiyini, mənzilin sənədlərini aldığını, ödənişlə bağlı çek istəsə də, vermədiklərini deyib.

İmişlidə seçki: “Səs yığsan da xeyri yoxdu, pul verməsən qoymazlar…”

İmişli şəhər bələdiyyəsinin sədri Babək Kazımov isə məhkəmədə daha maraqlı fakt açıqlayıb. Bildirib ki, bələdiyyə sədri olmaq üçün icra başçısına 30 min manat rüşvət verib. “Vilyam Hacıyev mənə xəbər göndərdi ki, pul verməsən, bələdiyyə sədri ola bilməyəcəksən. Mən də həmin pulu Cəmil Musayevə verdim. Çünki pul verməsən xeyri yoxdu, səs toplasan da seçilməyə qoymurlar. Seçiləndən sonra da məndən pul aldılar, şirinlik üçün 5 min manat verdim”,-o deyib.

Amma bələdiyyə sədri iddia edib ki, seçkilərdə səs toplayıb, yəni qanuni seçilib, pulu isə seçkinin nəticələrini “legitimləşdirmək” üçün verib.

Vəkil bu yerdə ondan soruşub:

-Qanuni yolla seçilmişdinizsə, niyə 35 min manat verirdiniz?”

Bələdiyyə sədri:

Çünki maneə törədənlər olurdu…

Amma şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət yaranıb. B.Kazımov istintaqa verdiyi ifadəsində deyir ki,  2015-ci ildə bələdiyyə sədri seçilmişdi, 2020-ci ildə yenidən seçilmək istəyəndə icra başçısı ona “pul verməsən, seçilməyəcəksən” xəbərini yollayıb. Yenidən bələdiyyə sədri olmaq üçün isə 30 min manat istəyib.  O, da həmin pulu baş mühasibə çatdırıb.  “Pul verməsən, səs toplasan da seçilməyə qoymurdular. Seçilsən də, imkan vermirdilər işləməyə. Məcbur olub pulu seçkinin reallaşması üçün vermişəm”,-bələdiyyə sədri istintaqa ifadəsində belə deyibmiş.

Vilyam bu yerdə dözmədi, şahidə qışqırdı: “Allahın olsun…”

Daha sonra prosesdə İmişli rayon Mədəniyyət Şöbəsinin müdiri Nazim Əzimov dindirilib. O, ifadəsində 2016-cı ildən bu vəzifədə işlədiyini, müəssisənin təmiri üçün ayrılan vəsaiti  – cəmi  31 min 276 manat pulu icra hakimiyyətinə verdiyini bildirib.

Şahidin ifadəsi sabiq icra başçısını qəzəbləndirib:

-Özün ol, Allahın olsun. Səni müdir təyin etmişəm. Ömür boyu səndən pul istəməmişəm. Allah qarşısında cavab verəcəksən”.

Şahid isə İcra Hakimiyyətinə çatdırdığı ümumi məbləği nəzərdə tutduğunu bildirib, pulları şəxsən Vilyama vermədiyini desə də muhasibə verdiyini təsdiqləyib.

Vilyam Hacıyev şahidə etirazını davam etdirib:

 -Bunlar muhasiblə əlbir olub öz aralarında cinayət ediblər, mənim xəbərim olmayıb, özləri yeyib, bölüb, dağıdıblar. Yalan danışırsansa  Allah sənə qənim olacaq!

Məhkəmə isə bu gərginlikdən sonra digər şahid Mütəllim Qədirovun ifadəsi ilə davam edib. O bildirib ki, rayonda şəhid ailələri üçün tikilmiş binadan mənzil almaq üçün müraciət edib. Və İcra Hakimiyyətində şəhid yaxını kimi ona 2 otaqlı mənzil  verməyə razılaşıblar, amma 10 min manat “şirinlik” almaqla.

Məhkəmə prosesi aprelin 4-də davam edəcək.

Virtualaz.org

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …