Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Hüseyn Abdullayevin məhkəməsində Gülyaz Məmmədova dindirildi: zərərçəkənlər “Quska” ilə barışıb

Hüseyn Abdullayevin məhkəməsində Gülyaz Məmmədova dindirildi: zərərçəkənlər “Quska” ilə barışıb

Hüseyn Abdullayev növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəməyə hakim Həbib Həsənov sədrlik edib.

Musavat.com xəbər verir ki, prosesdə zərərçəkmiş qismində Vəzir Rəcəbov ifadə verib. Məlum olub ki, V.Rəcəbovun Abdullayevlər ailəsinə məxsus zavodda səhmi olub. Lakin uzun müddət ona düşən payı almadığı üçün zərərçəkmiş kimi tanınıb.

Rəcəbov şikayət və tələbinin olmadığını, həmin illərdə özü pulunu almadığını deyib: “Məni prokurorluğa çağırıb dedilər ki, divident olub, amma almamısınız. Mən bunu unutmuşdum. Amma zavodda səhmlərim var idi”.

Zərəçəkmiş bildirib ki, pulu ödənilib.

Digər zərərçəkmiş Bənövşə Şeydayeva da eyni məzmunlu ifadə verib: “Bilmirəm ki, zərərçəkənəm, yoxsa xeyir görən. Çağırıb ifadə aldılar. O zaman səhmlər yoldaşımın adına idi. 1997-98-ci ildən sonra zavoddan ayrılmışam, başqa ünvana köçmüşəm”.

Məhkəməyə izahat verən Zeynəb Abdullayeva bildirib ki, bəzi səhmdarlar zavoddan uzaqlaşsalar da onlara dividentlərin verilməsi davam etdirilib: “Bəziləri ünvanı dəyişdi, bəziləri rəhmətə getdi. Amma yenə də dividentlər hesablanırdı. Almayanlarınkı da saxlanılıb. Bənövşə xanım ünvanını dəyişib. Ancaq biz bunu bilməmişik. Bütün məktublar onun son ünvanına göndərilib”.

Hüseyn Abdullayevin vəkili Vasif Mirzəyev məhkəməyə bildirib ki, Bənövşə Şeydayevaya ödəniləcək məbləğ 542 manatdır. Zeynəb Abdullayeva zərərin məhkəmədən sonra ödəniləcəyini qeyd edib. Zərərçəkmiş şikayət və tələbinin olmadığını, məhkəməyə gəlmək istəmədiyini deyib.

Növbəti dindirilən zərərçəkmiş isə Sevinc Ağayeva olub. O, deyib ki, mərhum anasının həmin zavodda səhmləri olub:“Anam maraqlanırdı. Mən xəbərsiz olmuşam. Prokurorluqdan çağıranda bu haqda məlumat verdilər”.

Vəkil Vasif Mirzəyev xatırladıb ki, zərərçəkmiş istintaqda fərqli ifadə verib. Belə ki, Sevinc Ağayeva həmin ifadəsində zavodu Hüseyn Abdullayevin aldığını, ərazini icarəyə verdiyini, səhmdarlara pul ödənilmədiyini söyləyib.

Ağayeva belə bir ifadə vermədiyini deyib: “Yazılan məlumatlardan indi də xəbərsizəm. Mən şikayətçi deyiləm”.

Məhkəmədə daha sonra şahidlər dindirilib. İlk şahid kimi müğənni, xalq artisti Gülyaz Məmmədova dindiriib. Əvvəlki məhkəmə prosesində deputat Cavanşir Feyziyevin “Quska”dan aldığı obyektin 1/3 hissəsini Gülyaz Məmmədovanın adına keçirdiyi məlum olmuşdu. Buna görə də Gülyaz Məmmədova şahid kimi dindirilib. Məmmədova Cavanşir Feyziyevi tanıdığını, onun istəyi ilə obyektin adına keçirildiyini deyib. Gülyaz Məmmədova suala cavabında obyektin yerini bilmədiyini söyləyib.

Bu epizodda Zeynəb Abdullayeva izahat verib. O, bildirib ki, həmin obyekt 4 milyona satıldığı halda jurnalistlər həmin məbləği 10 milyon kimi qeyd ediblər. (Həmin yazı musavat.com saytında da dərc edilib. Belə ki, yazıda həmin obyektin deputata 10 milyona satıldığı yox, indiki bazar qiymətinin 10 milyondan artıq olduğu qeyd edilib. Obyektin ümumi sahəsi 800 kvadratmetrə yaxındır. Üzeyir Hacıbəyov küçəsində, Hökumət evinin arxasında yerləşir – müəllif)

Məhkəmədə Zeynəb Abdullayevanın qardaşının oğlu Elnur Bayraməliyev də ifadə verib. O, bildirib ki, Zeynəb Abdullayeva Naxçıvanda olan evini ona hədiyyə edib: “Mən də sonra şəxsi problemlərimə görə evi satdım. Məndən sadəcə həmin ev haqqında soruşublar”.

Vəkil Vasif Mirzəyev məhkəməyə xatırladıb ki, şahidin ifadəsindən məlum olur ki, o, Abdullayevlərə məxsus 60-a yaxın mülkün adını, dəqiq ünvanlarına qədər sayıb.

Elnur Bayraməliyev belə bir ifadə vermədiyini deyib: “Mən Bakıda 1 il qalmamışam. Küçə adlarını bilmirəm, necə deyə bilərəm?”

Hüseyn Abdullayev də şahidin belə bir ifadə verməsini mümkünsüz hesab edib.

Bu epizodda da Zeynəb Abdullayeva məhkəmədən söz istəyib: “Bunlar oturub mənə gələn pulu sayıblar. Mən 7 yetim saxlamışam, toy eləmişəm, ev almışam. Mənə gələn pullar həmişə xeyriyyə işinə xərclənib. Allah da, ətrafda olan qohumlar da bunu bilir. Mən ətrafımda olanlardan kimə kömək etməmişəm ki? Bir bunu da araşdırardılar”.

Salman Səfərov da məhkəmədə şahid kimi ifadə verib. Ondan “Kənan S” şirkəti haqda suallar soruşulub. Bildirək ki, ittihamda bu şirkət epizodu üzrə rəhbəri olduğu üçün Hüseyn Abdullayevə 1802 manat vergidən yayınma ittihamı verilib.

Salman Səfərov isə şirkətin təsisçisinin özü olduğunu deyib: “Niyyətimiz yaxşı idi. Zeytun satışı edəcəkdim. Hüseyn Abdullayev də dost kimi yardım edəcəkdi. Amma iş alınmadı. Şirkət mənim oğlum Kənanın adınadır. S-də soyadımızdır”.

Məhkəmə prosesinin davamında Azadə Cəfərova ifadə verib. Mühasib olduğunu deyən Azadə Cəfərova uzun illər Hüseyn Abdullayevlə birlikdə çalışdığını deyib: “Mən ali təhsilli mühasibəm. 70 yaşım var və mən bu gün də dolana bilmirəm. Təsəvvür edin ki, 50-60 yaşımda ailəmi dolandırmaq üçün 10 işin arxasınca qaçırdım. Həyat özü məni mühasib elədi. Sonra Hüseyn müəllim məni yanına çağırdı, iş verdi. Normal maaş almağa başladım. Mühasib kimi, bütün işləri görürdüm. Hüseyn müəllim deputat seçiləndən sonra onu çox az görməyə başladıq. İşləri Hüseyn müəllimin anası Zeynəb xanım idarə etməyə başladı. Bundan sonra bircə iş görüldü. Nəriman Nərimanovun heykəlinin yanında bina inşa edildi”.

Suallara cavabında Azadə Cəfərova binanın satışından əldə edilən gəlirdən dövlətə vergi ödənilməməsi ittihamını belə izah edib: “Biz digər şirkətlərdən fərqli olaraq bina hazır olmadan ev satmadıq. 2008-ci ildə bina tam olaraq təhvil verildi və satışa başladıq. O zaman indiki kimi deyildi ki, gəlirə görə vergi ödəyəsən. Həmin ərəfədə Vergilər Nazirliyi mənzilin hər kvadratmetrinə görə vergi alırdı. Bu, bütün ölkədə belə idi. Müştəri gəlirdi, pulu banka ödəyirdi, biz də qəbz verirdik. Bütün bunlara da Zeynəb xanım nəzarət edirdi”.

Prokuror xatırladıb ki, şahid satışa Hüseyn Abdullayevin nəzarət etdiyini deyib. Şahid isə buna etiraz edib: “Mümkün deyil ki, belə söz deyim. Mən Zeynəb xanımla işləyirdim və pullara o nəzarət edirdi”.

Azadə Cəfərova deyib ki, bu ittiham 2013-cü ildən sonra ortaya çıxıb: “Hər şey “Susma” mahnısı ilə başladı. Bu 1.8 milyonluq ittiham veriləndə Zeynəb xanım da ödədi”.

Xatırladaq ki, hazırlıq iclasında Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları, iş üzrə təqsirləndirilən Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımovun vəkilləri çıxış edib. Vəkillər vəsatət qaldıraraq, onların barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Həmin şəxslər H.Abdullayevin anasına sərhəddi keçərkən kömək etməkdə ittiham edilirlər. Vəsatətlər təmin olunub və hər üç şəxs ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

Bundan başqa ayrı-ayrı şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Hüseyn Abdullayev ittihamla özünü təqsirli bilmir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …