Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Elçibəyin baş prokuror müavini məhkəmə qarşısında: 150 min manatlıq dələduzluq

Elçibəyin baş prokuror müavini məhkəmə qarşısında: 150 min manatlıq dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu kassasiya instansiyası məhkəməsində cəzadan azad etdirəcəyinə yalan vəd verib aldadaraq, 2014-cü ilin noyabr ayının ortalarında 150 min manat pulunu alıb. (Rəhman Yusifov əvvəllər Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. O, vəzifədən istifadə etmə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cüil tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib – red). Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Məmmədvəli Cəfərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Məhkəmədə zərərçəkmiş Rəşad Yusifov ifadə verib. İfadəsində göstərib ki, atası Rəhman Yusifov 2013-cü ildə həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il cəza alıb. Hökmdən apellyasiya şikayəti veriblər. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 2014-cü ildə vəkil Məmmədvəli Cəfərovla tanış olub və onunla müqavilə bağlayıb. Zərərçəkmiş deyib ki, vəkil həbsdən azad etdirəcəyi adı ilə ondan 150 min manat pul alıb: “Dedi ki, adam tapmışam, kassasiya instansiyasında atanın cəzası yarıya endiriləcək və məhkəmə zalından azadlığa buraxılacaq. Bunun üçün 150 min manat pul istədi. Mən də verdim. Həmin pulun 20 min manatını dostum Fuad Əfəndiyevdən almışdım. Məmmədvəli ilə görüşə də onunla getmişdim. Məhkəmə 2014-cü ilin dekabrında olmalı idi. Amma məhkəmə olmadı. Yanvarda isə dedi ki, bu işi həll edə bilmirəm”.

Zərərçəkmişin ifadəsinə görə, bundan sonra M.Cəfərovdan pulunu geri istəyib. Amma vəkilin pulu qaytarmaq fikri olmayıb: “Bu yaşda insanın belə iş tutacağı ağlıma da gəlməzdi. Sən gəl, başımı aldat, pulumu al. Pul bir yana, atam içəridə əziyyət çəkirdi. Dəfələrlə ürəyi gedib, huşunu itirib, stress keçirib. Bu adam bizim başımıza oyun açıb”.

Dövlət ittihamçısının suallarını cavablandıran R.Yusifov göstərilən məbləği vəkilə verdikdən sonra atasının həbsdən azadlığa çıxacağına ümid etdiyini deyib: “Hakim qərarı oxuyanda şoka düşdüm. Atamı buraxmadılar. Pulumu tələb edəndə dedi ki, narahat olma, qaytaracağam. Əvvəlcə 10 min manat qaytardı. Sonra hissə-hissə gah 300, gah 500 manat verirdi. Ümumilikdə, puldan cəmi 61 min manat qaytarıb. 2017-ci ilin sentyabrından sonra isə zənglərimə cavab vermədi. Gedib onu çayxanalardan axtarıb tapırdım. Gündə yüz dəfə zəng vururdum, cavab vermirdi. Dostları ilə mənim puluma yeyib-içirdi, mən də küçlərə düşmüşdüm”.

Dövlət ittihamçısı zərərçəkmişdən cinayət işində şahid qismində adı keçən Məhəbbət Əhmədovu tanıyıb-tanımadığını soruşduqda R.Yusifov adıçəkilən şəxsin M.Cəfərovla yaxın dost olduqlarını deyib: “Onu qardaşı şəhid olub. Atasını Prezident Aparatına aparmışdı ki, atamın işini xahiş etsin. Əfvlə bağlı xahişə getmişdi. Məmmədvəli pulu qaytara bilməyəndə dostunu da, onun atasını da bu işə qoşdu. Mənə dedilər ki, bir həftəyə atanın əfvə düşməsi ilə bağlı cavab gələcək. Atamın yanına gedib bu xəbəri ona çatdırdım. Sonradan məktub gəldi ki, cəzasının yarısını çəkmədiyinə görə xahişə baxıla bilməz”.

R.Yusifov deyib ki, M.Cəfərov istintaq zamanı müstəntiqin yanında ondan pulu biznes məqsədilə aldığını bildirib: “Guya Məhəbbətin vasitəsilə iş quracaqdıq, siqaret gətirəcəkdik. Yalanlarını üzə çıxartdım. Bunların fırıldağından baş aça bilmirəm. Mənimlə görüşəndə Məhəbbət də yanında olurdu”.

Hakimin “xəbəriniz varmı ki, Məhəbbət Əhmədova Məmmədvəli Cəfərovla əlbir olub sizə qarşı dələduzluq etdiyinə görə ittiham verilib?” sualına zərərçəkmiş “xeyr, bilmirəm” deyib.

Məhkəmə prosesi fevralın 8-də saat 16:00-da davam edəcək.

İstintaq dövründə M.Cəfərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, M.Cəfərov Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci il sərəncamı ilə Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir müddət bu vəzifədə çalışıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …