Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / Bazarlarda manat xaosu: İstehsalçı şirkətlər sifarişi dayandırıb

Bazarlarda manat xaosu: İstehsalçı şirkətlər sifarişi dayandırıb

Azərbaycanda manatın məzənnəsinin dollarla nisbətdə enməsindən sonra alış-verişə çıxan alıcıların bir çoxu ərzaq mağazalarının bağlı qapıları arxasında qalıb.

Buna səbəb, bazarlarda bir çox məhsulların satışının dayandırılması olub.

BBC Azərbaycancanın Bakının 28 may metrosu ətrafında apardığı müşahidələr zamanı məlum olub ki, ərzaq məhsullarının topdan və pərakəndə satış dükanlarının bəziləri gün ərzində bağlanıb.

Danışdığımız dükan sahibləri isə iri şirkətlərin, o cümlədən Azərsun Holding şirkətinin onlara topdansatışı dayandırdığını deyib.

Bəzi təhlilçilər bu vəziyyəti “təbii və real” hesab edir.

Bazar ertəsi Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsindən sonra dolların məzənnəsi 47 faizdən çox artaraq 1 manat 55 qəpiyə qalxıb.

İri şirkətlər sifarişlərin qəbulunu dayandırıb

Alıcılardan biri 2 kiloqram düyü almaq üçün bir neçə mağazaya baş çəkdiyini deyir.

“Bayaqdan bir neçə mağazaya getmişəm. Hamısı bağlıdır. Bir dənə açıq mağaza tapdım, ordan aldım”, Bakı sakini bildirir.

Fəaliyyətlərini dayandıran ərzaq mağazaların sahibləri bunu iri istehsalçı şirkətlərin, əsasən Azərsun Holdinq və Veysəloğlu Şirkətlər Qrupunun sifarişlərin qəbulunu dayandırması ilə əlaqələndirirlər.

Azərsun Holdingin mətbuat katibi Afiq Səfərov manatın qiymətinin sürətlə aşağı düşməsi səbəbindən, məhsulların qiymətinin tənzimlənməsi tam başa çatdıqdan sonra satışın bərpa olunacağını deyir.

“Hazırda tərəfimizdən müzakirələr aparılır, qərar hələ ki verilməyib, olan kimi açıqlama veriləcək. Qərar gün ərzində veriləcək”, o deyib.

Topdansatış mərkəzlərinə sifarişlərin çatdırılmasını müvəqqəti dayandıran Veysəloğlu Şirkətlər Qrupunun nümayəndəsi də məsələ ilə bağlı son qərarın verilməsinin gözlənildiyini açıqlayıb.

Alıcıların sözlərinə görə, iri mağaza şəbəkələrində qiymət artımı hiss olunmayıb.

Mağazaların və bazarların fəaliyyətinin dayandırılmasına təkcə paytaxtda yox, rayonlarda da rast gəlinib.

İsmayıllı rayonunda bahalaşmadan narahat olaraq bazara gedən sakinlərə alış-veriş etməyə imkan verilməyib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda, Masallı, Quba, Bərdə, Gədəbəy, Lənkəran, Göyçay və Şəkidə də dükan və mağazaların ərzaq satmaqdan imtina etdiyi, həmçinin elektrik və tikinti məhsullarının satışının dayandırıldığı yazılır.

BBC Azərbaycancanın mövcud vəziyyətlə bağlı sorğusuna İqtisadiyyat və Sənaye nazirliyindən cavab almaq mümkün olmayıb.

Kirayə pulunu

BBC Azərbaycanca, apardığı müşahidə zamanı mobil telefonlar, elektron cihazlar və texniki avadanlıqların satışını həyata keçirən böyük mağaza şəbəkələrinin də gün ərzində satışı tam olaraq dayandırdığını aşkar edib.

Image caption“Music Galery” mağaza şəbəkəsinin qapılarına “Texniki səbəblərə görə dükan nahara qədər bağlı olacaq” elanı vurulub, amma mağaza nahardan sonra da bağlı olub.

Elektron cihazların satışını həyata keçirən “Music Galery” mağaza şəbəkəsi qapılarına “Texniki səbəblərə görə dükan nahara qədər bağlı olacaq” elanı vurub.

Mağazaya baş çəkdiyimizdə saat 16:00-ı keçsə də, mağaza hələ də açılmamışdı. Bununla bağlı mağaza nümayəndələri BBC Azərbaycancanın suallarına cavablandırmaqdan yayınıb.

Daha bir elektron cihazların satışını həyata keçirən “Kontakt” mağaza şəbəkəsində qapılar müştərinin üzünə bağlanmasa da, satıcılar içəri daxil olan hər bir müştəriyə “Satış yoxdur, dayanıb” deyir. Mağaza administratoru bunu manatın devalvasiyası ilə bağlı rəhbərliyin verəcəyi son qərarı gözləmələri ilə əsaslandırır.

“İrşad telecom”un qapıları müştərilərin üzünə açıq olsa da satış tam dayandırılıb.

28 may metrosu yaxınlığında yerləşən “Bakcell” telefon satış mərkəzi isə müştərilərə artıq indidən məhsulları yeni qiymətlərlə təklif edir. Mağaza satıcısının sözlərinə görə, məhsuların hamısının qiyməti “50 faiz artırılıb”.

“Bizdən kirayə pulunu köhnə məbləğ ilə almayacaqlar axı. Onlar da yeni pul ilə ödəməyimizi istəyir. İcarədarla elə indi onu müzakirə edirdik,” adını açıqlamayan satıcı deyir.

Bahalaşma hələ ki, geyim mağazalarına təsir etməyib. Baş çəkdiyimiz bir sıra geyim mağazalarında satışın əvvəlki qaydada getməsini müşahidə etdik. Mağaza administratoru devalvasiyanın onların satışına hələ hər hansı bir təsir etmədiyini deyir.

“Azad İstehlakçılar” ictimai birliyinin sədri Eyyub Hüseynov gün ərzində istehlakçıların hüququnun pozulması ilə bağlı onlara çoxsaylı zənglər daxil olduğunu deyir. Onun sözlərinə görə, şikayətlər əsasən ərzaq məhsulların satışına tətbiq olunan məhdudiyyətlər və mağazaların satışı dayandırması ilə bağlı olub.

“Zəng edənlərin ən çox dedikləri o oldu ki, vətəndaş 3 kilo yağ almaq istəyir, amma ona 2 kiloqramdan artıq vermirlər, siqaret almaq istəyir, məhdud sayda verirlər”, o bildirir.

Birlik sədri yaranmış vəziyyəti “təbii və real” adlandırır. O hesab edir ki, hokümət daha effektiv addım ataraq istehlakçıların hüquqları önə çəkməli idi.

Həmçinin oxuyun

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və …

Bir cavab yazın