Şənbə , İyul 20 2019
Ana səhifə / Kriminal / Bankların bağlanmasında növbəti mərhələ…

Bankların bağlanmasında növbəti mərhələ…

Ölkədə banklarla bağlı yenilənən proses narahatlıq doğurur. Ekspertlər ilin sonunadək bankların bağlanması prosesinin davam edəcəyini vurğulayırlar. Həmçinin bildirilir ki, bankların birləşdirilməsi də gündəmə gələ bilər.

Ekspert Elşad Məmmədov musavat.com-a açıqlamasında bildirib ki, müvafiq tənzimləyici qurum tərəfindən daha 4 bankın bağlanması barədə məlumatın verilməsi son dövrdə bank-maliyyə sektorunda müşahidə edilən proseslərin fonunda gözlənilən idi: “Belə ki, iki devalvasiya, sərt restriktiv maliyyə siyasəti nəticəsində iqtisadiyyatın demonetizasiyası, bankların kredit bazasında və kredit portfelindəki sistemli disbalans, problemli kreditlərin həcminin artması, ölkədə işgüzar fəallığın azalması, sözsüz ki, bank sektoru üçün zərbə olub. Məlumdur ki, ölkədə fəaliyyət göstərən bankların resurs bazasının çox önəmli hissəsini xaricdən cəlb edilmiş maliyyə resursları təşkil edir. Bunun özü bank-maliyyə sektoru üçün qeyri-məqbul haldır və ölkə iqtisadiyyatının dollardan asılılığını daha da dərinləşdirir. Hazırki, manatın zəifləməsi ilə müşahidə edilən, şəraitdə bu, bankların fəaliyyətinə daha da mənfi təsir ğöstərməkdədir. Halbuki kommersiya banklarının normal şəkildə ölkədaxili maliyyə resurslarına çıxışı prosesi son illər ərzində Mərkəzi Bank tərəfindən təmin edilsə idi, sözsüz ki, ölkənin kommersiya banklarının vəziyyəti bu qədər ağırlaşmazdı. Bundan əlavə, son aylar iqtisadi blok tərəfindən aparılan sərt monetar siyasət manatın stabilləşdirilməsinə, inflyasiyanın qarşısının alınmasına istiqamətlənsə də, həmin tədbirlər müəyyən mənfi makroiqtisadi nəticələrə səbəb olur ki, bu da bank sektoruna öz təsirini göstərir”.

Ekspertin sözlərinə görə, bankların kredit portfelinə nəzər saldıqda, burada da struktur problemlərin mövcudluğu görünür: “Belə ki, kredit portfelində istehlak kreditlərinin xüsusi çəkisinin 40 faizə yaxın olması istehlak bazarında idxalın əhəmiyyətini nəzərə aldıqda ölkənin bank sektorunun son illər ərzində faktiki olaraq ciddi şəkildə idxalı dəstəklədiyini söyləməyə əsas verir. Bundan başqa, bank sektorunda real sektordan uzaq digər maliyyə əməliyyatları da geniş yer alıb. Halbuki bank sektorunun başlıca funksiyası sözsüz ki, ölkə iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsindən ibarət olmalıdır. Amma son illər ərzində bankların kredit portfelinin strukturunda sənaye və kənd təsərrüfatının xüsusi çəkisi cəmi 12-13 faiz təşkil edib. Devalvasiya isə sözsüz ki, idxala ciddi zərbə olub və bu kredit portfelinin yuxarıda qeyd edilən rəqəmlərini nəzərə aldıqda banklara təsir etməyə bilməzdi”.

E.Məmmədov qeyd edib ki, ümümilikdə bank sektorunda mövcud olmuş kompleksli idarəetmə problemləri nəticəsində ölkədə “problemli” kreditlərin həcmi 1,5 milyard manatı, yəni ümumi kredit portfelinin təxminən 8,3 faizini keçib: “Bu da sözsüz ki, bank sektorunda təhlükəli tendensiyaların və ciddi “stress”in göstəricisidir. Perspektivdə bankların bağlanması prosesinin davam edəcəyini proqnozlaşdırmaq olar. Hesab edirəm ki, müvafiq dövlət qurumları bu prosesin bir qədər qarşısını almağa çalışırlar ki, onsuz da çətin durumda olan əmanətçilər bu prosesdən bir qədər az zərərlə çıxsın və ölkədə bank sektoruna etimad tamamilə sarsıdılmasın. Bundan əlavə, əmanətlərin sığortalanması şərtlərinə görə, sığortalanan əmanətlərin həcmi böyük olan bankların bağlanması Əmanətlərin Sığortalanması Fondunun məhdud imkanlarını nəzərə aldıqda, əmanətlərin qaytarılmasında problemlərin olacağını proqnozlaşdırmağa əsas verir. Buna görə də aidiyyati dövlət qurumları bu istiqamətdə ehtiyatlı hərəkət edir. Ancaq istənilən halda ölkənin bank sektorunun hazırki vəziyyəti bağlanan bankların sayının artacağını proqnozlaşdırmağa əsas verir. Ölkə iqtisadiyyatının həcmini, strukturunu, dinamikasını nəzərə alaraq, hesab edirəm ki, ölkədə xarici banklar daxil olmaqla, 14-15 güclü, sistemli, rəqabətqabiliyyətli , ilk növbədə real sektora xidmət edən, bankların olması məqsədəuyğundur. Bununla yanaşı, bankların dollardan asılılığının qarşısı alınmalı, bank məhsul və xidmətlərinin milli valyutaya istiqamətlənmələri təmin edilməlidir”.

Həmçinin oxuyun

Rövşən Lənkəranskinin qətlinin motivi açıqlandı

Minsk məhkəməsində “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılovun məhkəməsi davam edir. “Rəşad Gəncinski” …

Bir cavab yazın