Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda qızıl “qızıl qiymətinə”, alver isə pis getmir… – REPORTAJ

Bakıda qızıl “qızıl qiymətinə”, alver isə pis getmir… – REPORTAJ

Bakının qızıl bazarında qiymətlər yenidən bahalaşıb. Halbuki, Ramazan ayında qızıl-zinət əşyalarının qiymətində az da olsa ucuzlaşma müşahidə olunurdu. Amma bahalaşma alıcı sayına o qədər də təsir etməyib. Toy mövsümünün başlaması və ölkəyə gələn ərəb turistlərin zinət əşyaları alması qızıl bazarında canlanmaya səbəb olub.

Paytaxtın ən böyük qızıl bazarlarından biri olan “Moskva” univermağında ikinci devalvasiyadan sonra bağlanmış mağazalar yenidən açılıb.

“Hələlik alverdən şikayətimiz yoxdur. Avqustun ilk günündə 2000 manatlıq alver etmişəm”. Bunu virtualaz.org saytının əməkdaşı ilə söhbətində zinət əşyalarının satışı ilə məşğul olan Zəminə İsmayılova söyləyib.

Onun sözlərinə görə, dünən 3 nişan üzüyü satıb. “Doğrudur, əvvəllər daha çox brilyant qaşlı 750 əyarlı italyan qızılına üstünlük verirdilər. Son günlər isə ancaq 585 əyarlı qızıl alınır”.

Hazırda 585 əyarlı qızılın qramı 55 manat, 750 əyarlı qızılın qramı isə 65-70 manata satılır.

Qızıl satışı ilə məşğul olan Xanım Qasımova deyir ki, ərəb turistinə satdığı boyunbağının pulu ilə yer haqqını ödəyib. “Bizimkilərdən fərqli olaraq, onlar qiymətlərdə endirim istəmədilər. Mən də 55 qramlıq boyunbağını 4500 manata satdım”.

Ərəblərdən fərqli olaraq, toy üçün alış-veriş edənlər görkəmə deyil, qiymətə uyğun seçim edirlər. “İndi toy edənlər əvvəlki kimi zinət əşyasının firmasına, görkəminə deyil, qramına və qiymətinə fikir verirlər. Daha çox 585 əyarlı qızıl alınır. Çünki 585 görkəminə görə 750 əyarlıq italyan qızılına bənzəyir, amma qiyməti nisbətən ucuzdur. Məsələn, dünən gəlini üçün sırğa-üzük dəsti alan qaynana xahiş etdi ki, qabın üzərində qaşların brilyant olduğunu yazım. Dedi ki, brilyant dəst almağa gücü çatmır, amma gəlinə ucuz dəst almağa utanır. Biz də qiyməti 2 dəfə baha, ağ qaşların isə brilyant olduğunu yazdıq. Elə hədiyyə kimi qızıl alanlar da daha çox 585 əyarına üstünlük verirlər”.

Satıcılar son vaxtlar brilyant dəstlərin satılmadığından narazıdırlar. Sahil adlı satıcı deyir ki. əvvəllər brilyantla bəzədilmiş zinət əşyalarına üstünlük verənlər çox idisə, indi daha çox qızılın özü ilə maraqlanırlar: “Qızılı qiymətli əşya kimi saxlamaq istəyənlər ya “beşlik”, “onluq”, ya da 750 əyarlı qaşsız qızıl alırlar. 585 əyarlı qızıl lombard və ya banklar tərəfindən girov kimi qəbul edilmir. Üstəlik, satılanda və ya dəyişdiriləndə də dəyərini itirir. Amma 750 əyarı alış qiymətindən 30-40 faiz aşağı olsa da, götürülür”.

Alıcı Kəmalə Ağayeva deyir ki, avqustun 14-də oğlunun toyudur. Lakin hələ də qızıl ala bilməyib: “Köhnə qızıllarımı gətirmişəm ki, yenisini alım. Amma 45 qramlıq qızılı cəmi 1000 manata alırlar. Bu qiymətə isə heç nə ala bilmirəm. Nişan üzüyünü lombarddan 800 manat kredit götürüb almışdım. Hələ də krediti ödəyirəm. Çarəsiz qalmışam”.

Nəvəsinin ad günü üçün hədiyyə almağa gələn Natəvan xanım isə deyir ki, 2 qramlıq uşaq sırğasına 360 manat verib: “Nişan üzüyümü verib əvəzində brilyant qaşlı sırğalar almışam. Daha nişan üzüyü mənim nəyimə lazımdır?”

Satıcılar sentyabrdan növbəti bahalaşmanın olacağını söyləyirlər. Dolların və dünya bazarında qızılın qiymətinin bahalaşması ölkə bazarındakı qiymətlərə təsir edəcək. Baxmayaraq ki, dünya bazarındakı ucuzlaşma yerli bazara o qədər də təsir etmir…

 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın