Azərbaycanda bir gündə 6 dələduz tutulub
Polis əməkdaşlarının martın 26-da keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Son illərdə bu kimi məlumatlar artıq adi hala çevrilib. Azərbaycanda dələduzluq halları kəskin artıb. Dələduzluq cinayəti niyə “dəbdədir”? Cəza siyasəti yetərsizdir, yoxsa başqa faktorlar var?
Daxili İşlər Nazirliyinin statistikasına görə, son illərdə dələduzluq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə onlayn dələduzluqlar önə çıxıb. Sosial şəbəkə fırıldaqları, saxta investisiya layihələri, sürətli kredit və “hədiyyə qazandınız” tipli fırıldaqlar vətəndaşların əsas qurbanı olur. Belə dələduzluqların qurbanları əsasən yaşlı, texnologiyadan az anlayışı olan vətəndaşlar, iş axtaran və ya borc yükündə olan insanlar olur. Asan qazanc vəd edən investisiya layihələrinə aldanan gənclər da az deyil.
Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, dələduzluq hallarının artmasında iqtisadi və sosial faktorlar böyük rol oynayır:
“İşsizlik, borc yükü və sosial təzyiq insanları qeyri-qanuni gəlir yollarına yönəldir. İctimai şüurda asan pul qazanmaq istəyi təhlükəli dərəcədə yayılıb. Bu, yalnız hüquqi məsələ deyil, həm də ciddi sosial böhran göstəricisidir. İnsanlar şübhəli maliyyə əməliyyatlarına asanlıqla qoşulur, çünki hüquqi bilikləri zəifdir və dövlətin genişmiqyaslı maarifləndirmə proqramı yoxdur. Bu gün yüzlərlə insan investisiya yatırmaq adı ilə aldanır və şikayət edə bilmir. Bu, fırıldaqçılar üçün açıq meydandır. Mövcud cəza siyasəti kifayət qədər profilaktik təsir göstərmir. Dələduzluğa görə həbs müddətləri qanunda sərt görünsə də, məhkəmələr zərərin qismən ödənməsi halında daha yüngül cəza təyin edir. Bu isə fırıldaqçıları çəkindirmir. Zərərçəkmişlərin əksəriyyəti də ziyanını tam şəkildə geri ala bilmir. Məhkəmələrin hökm və qərarları ziyanla bağlı hissədə çox vaxt icra edilmir. Dələduzlar bunu çox yaxşı bilirlər və bacardıqca çox vətəndaşı aldatmağa çalışırlar. Sonda isə ələ keçirdikləri vəsaitin bir hissəsini geri qaytarıb, istintaq və məhkəmə dövründə sərf edərək şərti cəza ilə azadlığa çıxırlar. Ənənəvi pul alıb “atmaq” üsullarını bu gün onlayn dələduzluqlar əvəzləyib. Saxta bank və investisiya platformaları yaradıb yüksək gəlir vədi ilə pul yığır, aradan çıxırlar. Sosial şəbəkə üzərindən saxta hədiyyə kampaniyaları, “hesabınız bağlanacaq” mesajları ilə kart məlumatlarını ələ keçirməklə vəsaitlərin silinməsi hallarına rast gəlinir. Zəng edib “qohumunuz həbs olunub”, “borcunuz var” kimi yalan məlumatlarla vəsaitləri ələ keçirmək halları da çoxdur. Kiberfırıldaqların aşkarlanmasının çətin olmasından istifadə edən cinayətkarlar daha rahat fəaliyyət göstərir".
Cavad Cavadov hesab edir ki, problemin həlli üçün dələduzluq cinayətləri ilə bağlı cəza siyasətinin gücləndirilməsi və real icrası vacibdir. Daha sərt və çəkindirici cəza tətbiqi ilə problem müəyyən qədər aradan qaldırmaq mümkündür.
Bundan başqa, ziyanın tam ödənilməsi üçün məcburi mexanizmlər işlək olmalıdır. Dələduzluq edən bilməlidir ki, ələ keçirdiyi vəsaiti istənilən halda ödəyəcək. Həyatda olduğu müddətdə özü, olmadığı halda varisləri onun vurduğu ziyanı ödəməlidir.
Əlavə olaraq, xüsusi kiberpolis və texnoloji mübarizə üsullarının tətbiqi vacibdir. Onlayn fırıldaqlara qarşı mübarizə üçün müstəqil kiberpolis qurumunun səlahiyyətlərinin artırılması, bank və ödəniş sistemlərində daha güclü təhlükəsizlik mexanizmlərinin qurulması gərəkdir. Eyni zamanda vətəndaşların maarifləndirilməsi də əsas şərtdir. Kütləvi informasiya vasitələrində, məktəblərdə və sosial şəbəkələrdə vətəndaşlara fırıldaqdan qorunma təlimləri verilməli, banklar və mobil operatorlarla birgə maarifləndirici aksiyalar təşkil edilməlidir. Cavad Cavadov vurğulayıb ki, Azərbaycanda dələduzluq yalnız cinayət statistikasında artan rəqəm deyil, bu, sosial, iqtisadi və hüquqi boşluqların nəticəsidir:
“Əgər dövlət həm sərt hüquqi tədbirlər görməsə, həm də vətəndaşları maarifləndirməsə, dələduzluqların sayı azalmayacaq və cinayətkarlar hər zaman əməllərini davam etdirmək üçün fürsət tapacaqlar”.
Musavat.com