Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda islahatlar nəticəsini verir – TƏHLİL

Azərbaycanda islahatlar nəticəsini verir – TƏHLİL

Ölkədə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasətinə keçən ildən başlandı. Düzdür, bu siyasət əvvəl də mövcud idi, lakin sahibkarlar üçün daha geniş imkanlar yaradılması, onların qarşısında mövcud olan hər cür məhdudiyyətlərin aradan qaldırılması və sair kimi addımlar məhz keçən ildən atılır.

Odur ki, Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında ölkəmiz bütün xarici və daxili iqtisadi-siyasi çətinlinliklərə baxmayaraq, yenə yaxşı yer tutub. Belə ki, Azərbaycan dünyada daha çox islahat aparan 29 ölkədən biri hesab olunub.

Ötən il Prezident İlham Əliyevin təşəbbüsü ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun Milli Məclisdə qəbul ediləndə və 2015-ci ilin noyabrın 1-dən qüvvəyə minəndə yazmışdım ki, yoxlamaların 2 il müddət ərzində dayandırılması böyük müsbət nəticələr verəcək. Və “Doing Business-2017” hesabatı üzrə də bir neçə pillə irəliləyəcəyimiz üçün əsas yaradacaq.

Qeyd edim ki, sözügedən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır. Və burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir.

Doğrudur, keçən il, yəni “Doing Business -2016”-ya əsasən, ölkəmizin 100 mümkün xaldan 67,8 xal toplayaraq 63-cü yeri tutmuşdu. Builki hesabatda isə 65-ci pillədə… Bununla belə, çox yaxşı göstəricidir. Xatırladım ki, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik.

Biz, keçənilk nəticəyə görə də qeyd etmişdik ki, ətrafda kəskin iqtisadi böhran və maliyyə qıtlığı hökm sürdüyü vaxtda 17 pillə irəliləmək böyük nailiyyət hesab olunur. Qeyd edim ki, keçənilki hesabatda da ən diqqəti çəkən bilavasitə “Biznesə başlama”da 5, “Tikinti üçün icazələrin alınması”nda 36, “Kiçik investorların maraqlarının qorunması”nda 15, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”da 49, “Xarici ticarətin aparılması”nda isə 72 pillə irəliləməyimiz idi…

Bu il də ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 2, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 4, “Xarici ticarətin aparılması” göstəricisi üzrə 9, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə isə 5 pillə yüksəlib.

Lakin, bayaq qeyd etdiyimiz kimi, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olmağımıza əsas səbəb bilavasitə, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannəmələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması kimi islahatlar hesab olunub.

Düzdür, bundan əlavə, “Əmlakın qeydiyyatı” üzrə 22-ci yeri tutmaqla, “Kiçik investorların maraqlarının qorunması” üzrə 32-ci, “Vergilərin ödənilməsi” üzrə 40-cı, “Müqavilələrin icrasının təmin edilməsi” üzrə isə 44-cü yeri tutmaqla da Azərbaycan öz mövqelərini yaxşılaşdırmışdır. Sözüm bunda deyil.

Bəs, bütün bunlar nəylə əlaqədardır və konkret nəyi göstərir?

Hər şey sözsüz ki, ölkədə həyata keçirən islahatların və görülən işlərin nəticəsi hesab olunur. Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun, istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz islahatlar aparılmalıdır ki, bütün bunlar da Azərbaycan hökuməti tərəfdən mümkün dərəcədə həyata keçirilir…

Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən keçir.

Yeri gəlmişkən, hazırda sənaye istehsalı ilə kənd təsərrüfatı hökumətin gələcək fəaliyyəti üçün əsas prioritet sahələr hesab edilir. Məsələ isə bundadır ki, qeyd olunan istiqamətlərdə demək olar, hələ bir neçə il öncədən lazımi və zəruri tədbirlər görülməyə, həyata keçirilməyə başlanıb. Cari ildən isə daha təsirli addımların atılması nəzərə çarpır.

Pərviz Heydərov

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın