Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / «Əgər bu kriminal pul deyilsə…» – OQTAY HAQVERDİYEVİN SON MÜSAHİBƏSİ

«Əgər bu kriminal pul deyilsə…» – OQTAY HAQVERDİYEVİN SON MÜSAHİBƏSİ

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl tanınmış iqtisadçı ekspert Oqtay Haqverdiyev vəfat edib. Vəfat etməzdən əvvəl iqtisadçı fins.az-a müsahibə verərək ölkədəki iqtisadi vəziyyət və yatırım imkanları barədə fikirlərini bölüşmüşdü.

Azinforum.az həmin müsahibəni təqdim edir.

– Oqtay müəllim, Sizcə hazırda Azərbaycandakı investorlar və pulu olan şəxslər ilk növbədə nə barədə düşünməlidirlər – bu pulu artırmaq, yoxsa qoruyub saxlamaq barədə?

Bilirsiniz, pul həmişə dövriyyədə olmalıdır. Əgər o dövriyyədə deyilsə, sadəcə kağız parçasıdır. Heç bir iqtisadiyyat investisiyasız inkişaf edə bilməz. Amma ondan effektli, səmərəli istifadə etmək lazımdır. Yəni, bu pullar iqtisadiyyata yatırılmalıdır, amma yatırım da keyfyyətli işə qoyulmalıdır.

– Pulu hansı sahəyə yatırmaq lazımdır – aqrar sahəyə, tikintiyə, turizmə, yoxsa ənənəvi olaraq ticarət-xidmət və başqa sektorlara?

Əgər kiminsə pulu varsa və bu təmiz puldursa, yəni kriminal deyilsə, qeyri-neft sektoruna yatırılmalıdır. Çünki neft-qaz əvvəl-axır tükənəcək, gələcək qeyri-neft sektorunundur. Xoşbəxt Yusifzadə də bildirib ki, neft 50 ildən sonra, qaz isə təqribən 80-100 ildən sonra qurtaracaq.

Pulları iri müəssisələrə, tikililərə və s. yatırmaq olar. Amma bunun üçün hökümət də ağıllı iqtisadi siyasət yeritməlidir ki, iqtisadiyyata və biznesə dəstək verilsin.

İnvestisiya yatırmaq üçün hansısa sahəni konkret olaraq qeyd edə bilərsiniz?

Bu məsələ iqtisadiyyatdakı vəziyyətdən asılıdır, iş adamları hansı sahəni etibarlı və gəlirli saysalar, öz pullarını o sahəyə yatıracaqlar. Məsələn, aqrar sahədə Azərbaycanın böyük potensialı var: iqlim şəraiti, münbit torpaqlar, insan resursları və s., amma bunlardan yaxşı istifadə olunmalıdır.

Hazırda bu sahəyə yatırım etməklə bağlı ciddi risklər var. Çünki torpaqlar əhaliyə paylanıb və onların sahələri böyük deyil. Birinin 1 hektar, digərinin uzağı 10 hektar yeri var. Bu sahələr isə ciddi iş görmək üçün kifayət deyil. Məsələ bundadır ki, kiçik sahələrdə texnikanın – traktorun, kombaynın işləməsi də mümkün olmur, sərfəli olmur.

Kənd təsərrüfatında ciddi iş üçün böyük təsərrüfatlar olmalıdır. Mən demirəm kolxoz-sovxoz olsun. Amma fermerlər ciddi iş qurmaq üçün özləri birləşib, torpaqlarını da birləşdirməlidir. Bu, dünyada yeni bir üsul deyil. Məsələn, İsraili götürək, bu dövlət yeni yarananda, hətta suyu da yox idi. Amma onlar bizim kolxozlara oxşayan kooperativlər yaratdılar. Onların böyük sahələri var. Bu üsulla onlar nəinki öz tələbatlarını ödəyirlər, hətta xaricə də kənd təsərrüfatı malları ixrac edirlər. Bizdə isə dövlətin dəstəyi ilə bir neçə iri təsərrüfat yaradılıb. Və bu təsərrüfatlar fermerləri maarifləndirməlidir ki, belə işləsəniz, daha sərfəli olar, nəinki kiçik sahələrdə.

– Qiymətli kağızlar bazarına necə, pul yatırmaq sərfəlidir? 

– Onsuz da indi qiymətli kağızar bazarında yatırım aləti çox deyil. Böyük müəssisələrin səhmləri birjada deyil. Hələlik bunlardan yalnız SOCAR İstiqrazlarını göstərmək olar. Amma məncə, yeni kağızlar çıxmalıdır. Məsələn, SOCAR-a daxil olan müəssisələrin səhmlərinin heç olmasa 10%-nin birjada olması, məncə, yaxşı olardı.

– Sizcə SOCAR İstiqrazları sərfəlidir?

Onları sərfəli hesab edirəm. Əvvəla dollarla buraxılıb. İkincisi əlçatan səviyyədədir. Bildiyimə görə, yaxşı da satılır.

Müstəqillikdən sonra hələ belə kağız buraxılmamışdı. Bu ilk dəfədir ki, ayrıca bir dövlət şirkəti bu yolla investisiya cəlb etsin. İndi SOCAR çox böyük layihələrlə işləyir. TAP, TANAP, bundan başqa, Türkiyədə böyük neft-kimya kompleksi də tikilir və bütün bunlardan ötrü böyük vəsait tələb olunur. İstiqrazlar isə həmin layihələrə vəsaitin cəlb edilməsinin bir üsuludur. Bu dünya praktikasında da geniş yayılıb. İri şirkətlər həmişə iri layihələrə görə istiqrazlarını buraxırlar. Amma şirkətlər bu istiqrazlar üzrə öhdəliklərini də ciddi surətdə yerinə yetirməlidirlər.

– Bu istiqrazların əsas üstünlüyünü nədə görürsünüz?

SOCAR-ın bu əməliyyatı ən liberal və şəffaf əməliyyatdır. Burada hərə özü üçün qərar verir ki, nə vaxt alsın, nə vaxt qaytarsın. Buna şübhə də yoxdur, hamı bilir ki, vaxtında satıb pulunu ala biləcək. Burada insan heç nə itirmir. Bu Azərbaycan üçün qeyri-adi əməliyyatdır. Azərbaycanda heç vaxt belə əməliyyat olmayıb.

Digər tərəfdən, istiqrazların faizi də yüksəkdir. Çünki banklar əmanəti 3%-lə qəbul edirlər. SOCAR istiqrazı isə 5%, yəni ondan daha gəlirlidir.

– Sizcə, Azərbaycanda necə qiymətli kağızlar buraxmaq lazımdır ki, əhali öz pullarını bunlara yatırsın?

Bilirsiniz, bizdə bu sahə yaxşı inkişaf etməyib. Fond bazarının işləməsi üçün burada dövlət şirkətləri aktiv iştirak etməlidir. Amma belə müəssisələr azdır. Biz hələ, necə deyərlər, yolun əvvəlindəyik, hələ təcrübə yığırıq. Başqa ölkələrdə də fond bazarları birdən yaranmayıb. Onilliklər boyu bu formalaşıb, özəlləşmələr gedib, yeni şirkətlər yaranıb və birjaya çıxıb, səhmlərin qiyməti dəyişib, artıb-azalıb.

Bizdə isə hələlik səhmlərinə və kağızlarına etibar ediləcək özəl şirkət yoxdur. Bu tələblərə təkcə neft şirkəti cavab verir, o da dövlətindir. SOCAR İstiqrazlarının alınıb-satılması bu işə böyük dəstəkdir. Bu kağızlar əhaliyə bilavasitə xeyirli olan məsələdir.

– Bəs, əhalinin qiymətli kağızlara inamını necə artırmaq olar?

– Əvvəla, əhali bu sahədə məlumatsızdır, onlar maariflənməlidir. Müəyyən hissənin bu barədə məlumatı var, amma onların sayı azdır və prosesə ciddi təsir edə bilmir. Adamları maarifləndirmək lazımdır, bilsinlər ki, pulu evdə saxlamaqdansa bu kağızları almalıdırlar.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın