Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Vəzifədə işləyəndə öyürük, işdən çıxanda söyürük…

Vəzifədə işləyəndə öyürük, işdən çıxanda söyürük…

Sabiq deputat Rəfael Cəbrayılovun həbs xəbəri dünən nahardan sonra yayıldı. Jurnalistlərin təbirincə desək, “ölü gün” idi. Yazmağa, araşdırmağa ciddi mövzu taapmırdıq. “Qanımızın arasına” Baş Prokurorluq girdi. Cəbrayılovun həbs xəbərini yaymaqla nahardan sonar mürgü döyən xəbərçiləri hərəkətə gətirdi. Əvvəl yazdıq, sonra sosial şəbəkə hesablarımızda, on minlərlə üzvü olan səhifələrimizdə paylaşdıq. Əsl həngamə də bundan sonra başladı.

Sosial şəbəkələrdə intizamsızlıq hökm sürür. Hələ ki bunu tənzimləmək iqtidarında deyilik. Məsələn, 190 min üzvü olan qrupda yazılanları redaktə etmək, silmək, düzəltmək mümkün deyil. İşimizi-gücümüzü atıb camaatın ağzını güdə bilmərik. Üstəlik, hər ağızdan bir avaz gəlir. Burda şəxsin personası həlledici rol oynayır. Yaxşı adamdırsa, yaxşı münasibət göstərirlər. Pis adamdırsa, layiq olduğu münasibət göstərilir. Dünən də bunun şahidi olduq.

Rəfael Cəbrayılovun həbs xəbəri sosial şəbəkələrdə toy-bayram kimi qarşılandı. Sevinənlər çox oldu. Sevindiyindən bəlkə əlinə xına yaxanlar da oldu. Təhqir edənlər isə ikiqat çox idi. Söyüşün biri 2 qəpik, qarğış pulsuz idi. Yeddiqat söyüşlər, qatını müəyyənləşdirə bilmədiyim qarğışlar havada uçuşurdu…

Cəbrayılovun bioqrafiyasına göz gəzdirəndə bildim ki, 15 il deputat olub. Acınacaqlı taledir: 15 il deputat olasan, amma 10 milyonluq ölkədə 15 nəfər tapılmasın ki, haqqında xoş söz desin. Bilirsiniz, niyə belədir? Bu adamlar millət vəkili statusu daşısalar da, bir dəfə millətin dərdini dilə gətirməyiblər. Millət deyəndə gözlərinin qabağına ancaq öz arvad-uşaqları gəlib. Bunları ancaq Bakıda və Azərbaycanın dilbər guşələrində evlərin sayını artırmaq, şirkət açmaq, pul yığmaq, uşaqlarını xarici ölkələrdə oxutdurmaq maraqlandırıb. Buna görə də dəmir barmaqlıqların arxasına düşəndə hamı bir ağızdan eyni sözü deyir: “Allah qapını açmasın”.

Bu, hələ dünənki şərhlərin içində ən yumşağı idi…

Dünən vəzifədən azad edilən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadəylə bağlı da eyni vəziyyət yarandı. Bu xəbər sosial şəbəkələrdə tirajlanan kimi “söyüş kampaniyasına” start verildi. Üstəlik, bu ilk hal deyil. Azərbaycanda kim vəzifədən çıxırsa, kölgəsini qılınclayır, söyür, qarğış edirlər. Həmin məmurların sahib olduqları mal-mülkün siyahısı ilə tanış olanda, Azərbaycanda və xaricdə qeydiyyatdan keçirdikləri şirkətlərin qəliz adlarını höcələyəndə, insanlara haqq verməyə bilmirsən. Bu adamların gözü doymadığı üçün xalqın da onları görməyə gözü yoxdur…

Əvvəllər də yazmışam. Anadoluda məşhur bir misal var: Dövlətin malı dənzidir, yeməyən donuzdur. Dövlətin malını dəniz, özünü donuz sayan adamlara münasibətim bəllidir. Əlim qələm tutandan onların kölgəsini qılınclamaqla məşğulam. Amma bir xüsusiyyətimizi heç bəyənmirəm. Vəzifədə işləyəndə öyürük, işdən çıxanda söyürük. 

Gəlin, hər kəsə zamanında layiq olduğu qiyməti verək…

Seymur VERDİZADƏ 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …