AzNews.az kollektivi olaraq işdən sonra toplaşdıq, teatra getdik, olduqca maraqlı bir dram izlədik, bir sözlə, həftəsonunu birlikdə və zövqlə keçirdik.

Hər şeydən öncə Akademik Milli Dram Teatrın bədii rəhbər- direktoru Azər Paşa Nemətova öz təşəkkürlərimi ifadə etmək istəyirəm.

Hələ tamaşa başlamazdan öncə, bariz bir şəkildə hiss olunurdu ki, teatrda bir mədəniyyət ocağının adına layiq yüksək səliqə-səhman var, administrativ işlər dəqiqliklə və tamaşaçılarda məmnunluq doğuracaq dərəcədə yaxşı təşkil olunub.

İzləmək üçün Akademik Milli Dram Teatrın zəngin repertuarından “Qətibə İnanc”ı seçməyimiz təsadüf deyildi.

Tamaşanın Məmməd Səid Ordubadi kimi nəhəng bir yazıçımızın “Qılınc və qələm” sayaq onilliklər boyu oxucu marağını qorumuş romanı əsasında səhnələşdirilməsi idi diqqətimizi çəkən ilk növbədə.

İlk dəfə Azərbaycan teatr tarixinə adını qızıl hərflərlə yazmış Tofiq Kazımov mən anadan olan il- 1977-də səhnələşdirib əsəri.

Əsərləri Azərbaycanın bir çox teatrlarında dönə-dönə nümayiş etdirilən Çingiz Ələsgərli mənimlə yaşıd tamaşanın yeni versiyasını hazırlayıb bir neçə il öncə, necə deyərlər, müasir dövrün tələblərinə uyğunlaşdıraraq ona yeni səhnə ömrü qazandırıb.

Əlbəttə, böyük işdir, yaxşı işdir, təqdirə layiqdir.

Zira, Çingiz müəllimin əməyinin üzərinə heç də kölgə salmadan bir neçə iradımı da elə buradaca izhar edim.

Əvvəla, tamaşının mesajları bir qədər çox gəldi mənə.

Etirazım tamaşanın vətənpərvər ruhuna deyil əsla, bu çox gözəldir hətta. Sadəcə, müasir tamaşaçı ideoloji mesajlarla yüklənməyi çox sevmir, sevməməkdə də haqlıdır.

Əsərin dilində qüsurlar var. Məsələn, orta əsrlərin ortasından bəhs edən bir əsərdə “vətəndaşlıq hüququ”, “hərbi xidmət” kimi ibarələrdən istifadə edilməsinin qətiyyən yeri yoxdur, doğrusu, yüngülcə istehza da doğurur.

Qətibə İnancla Şeyx Nizaminin fəlsəfi dialoqu isə sovet dövründə universitet kafedralarında müzakirə olunan diplom işlərini xatırladırdı…

Bütün bunlara rəğmən, quruluşçu rejissor Mərahim Fərzəlibəyovu təbrik etmək lazım, gerçəkdən uğurlu bir layihə ortaya çıxarıb.

Hərçənd gözümə bir-iki cəhət də tənqid olunacaq kimi dəydi.

Fidan Hüseynova ürəklə oynamasına, rejissorun qarşısında qoyduğu tapşırıqları məharətlə yerinə yetirməsinə rəğmən “Gənc Qətibə” üçün çox da uyğun biri kimi görsənmirdi səhnədə.

Təsəvvür edin, Qətibə İnanc öz gəncliyində qara gözlərinin füsünkarlığı ilə şahzadələri, əmirləri, sərkərdələri başdan çıxarmasından danışır, ancaq vizual baxımdan tamaşaçının qarşısına sarı saçlı, orta çağlardakı slavyan cariyələri andıran bir ifaçı çıxır.

Məgər Fidan başına qara və uzun hörüklü bir parik qoyularaq çıxarıla bilməzdi səhnəyə?

Bəyənmədiyim başqa bir nüans da tamaşanın əvvəlində vəzirin Qızıl Arslanla dialoqu oldu.

Vəzir elə hökmlə danışırdı ki, orta çağlarda onun mində birinə cürət edən oğul heç bir sarayda, hələ-hələ Qızıl Arslan kimi bir sərkərdənin qarşısında o tonda ikicə söz söyləyə bilməzdi, başı bədənindən həmən ayrılardı.

Hə, ifa düz idi, verilən mesajlar o tonu gərəkdirirdi, amma… yenə deyirəm, saray ədəbinə zidd bir danışıqdı!

Sabir Məmmədovun ifasına isə söz ola bilməzdi!

Ağayana səhnə duruşu və təsirli səs tonu ilə Nizami Gəncəvinin çoxəsrlik xarizmasını elə mükəmməl bir tərzdə özündə cəmləmişdi ki, Şeyx şəxsən izləsəydi, “Bravo” qışqırmaqdan saxlaya bilməzdi özünü.

Adlarını bir-bir çəkməyə lüzum olsa da, bizim də oxucuları yormamaq qayğımız var, üzrlü saysınlar. Digər ifaçılar da öz rollarının öhdəsindən uğurla gəldilər.

AzNews.az kollektivi olaraq hər birimizin alqışını bol-bol haqq etdilər.

Hə, onu da ərz edək ki, tamaşa əyalət hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizami Gəncəviyə olan cavabsız məhəbbətinə həsr olunub.

Məhəbbəti rədd edilmiş bütün qadınlar kimi Qətibə İnancda da hamıya qarşı nifrət yaranır.

O, sevmədən Atabəylər dövlətinin ikinci hökmdarı olmuş Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluq adlı oğlu olur.

Ərinin ölümündən sonra oğlunu taxta çıxarmaq üçün min bir hiyləyə baş vurur, içindəki amansız nifrət isə onu “əfi ilan”a döndərir.

Bəs, gerçək tarixdə Qətibə İnanc kimdi?

Yadımda qalan qədər, İnanc xatun Rey hakiminin qızı idi.

1186-cı ildə ilk əri- Eldənizlər xanədanının hökmdarı Cahan Pəhləvan öldükdən sonra o, Qızıl Arslana- öz qaynına ərə getmişdi.

Deyilənə görə, Qızıl Arslan İnanc xatunu sevməz, ona diqqət göstərməzmiş. Öz vaxtını cariyələrlə keçirər, tez-tez içər, içkili vaxtlarında qarşısına çıxan arvadını aşağılayarmış.

Həm bu münasibətə dözə bilməyən, həm də Cahan Pəhləvandan olan oğlunu taxta çıxarmaq üçün dövrün ən önəmli siyasi fiqurlarından olan İnanc xatun Qızıl Arslana qarşı olan qüvvələri səfərbər edir, sonda (1191-ci ilin payızında) onu sui-qəsdlə aradan götürür.

Qızıl Arslanın öldürüldüyü ərəfədə Səlcuqlu xanədanının İraq qolundan II Toğrul Təbriz yaxınlığında bir qalada həbsdə idi.

II Toğrul Arslan Şahın oğlu idi. Atası 1175-ci ildə ölmüş, 7 yaşında ikən Cahan Pəhləvan tərəfindən taxta çıxarılmışdı. Bəzi məlumatlara görə, elçiləri Bağdaddan xəlifə tərəfindən qovdurulmuşdu. İnanç xatunun Qızıl Arslana qarşı yaratdığı ittifaqda o da vardı.

O, Anasıoğlu Mahmud və Hüsaməddin Dizmari kimi məşhur əmirlərin dəstəyi ilə iqtidarını bərpa elədi, İraq Səlcuqlularının taxtına oturdu.

Cahan Pəhləvanın oğlu Qutluq İnanc tezliklə ona müxalif oldu. Qəzvin ətrafında məğlub edilən Qutluq İnanc Reyə çəkildi. Həmin savaşda II Toğrulun əlinə böyük qənimət keçdi.

Oğlunun yenilgisindən sonra İnanc xatun Sərcahan qalasından II Toğrula belə bir məktub yazdı:

“Atanın yerinə hökmdarsan. Biləsən ki, mən sənə sevgi bəsləyirəm, düşmənlərinə isə düşmənəm. Məni al, mənimlə evlən. Mənim xəzinəm böyükdür. Əgər məni alsan, bütün xəzinəmi yoluna düzərəm”.

II Toğrul bu vədə iştahla yanaşmış və İnanc xatuna İzəddin Fərəc Xadimi elçi göndərmişdi.

Elçi bir müddət İnanc xatunun yanında qalmış, bu zaman kəsiyində cehiz tədarük edilmişdi.

Sonra birlikdə Həmədana yollanmışdılar və orada II Toğrulla İnanc xatunun mötəbər bir törənlə nikahı kəsilmişdi.

1192-ci ilin sentyabrında kəsilən bu nikahdan sonra İnanc xatun uzun yaşamamışdı.