Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / BİR SAATLIQ “SULTANLIĞIN” XƏYAL QIRIQLIĞI …

BİR SAATLIQ “SULTANLIĞIN” XƏYAL QIRIQLIĞI …

Bu günlərdə yaxın dostlarımdan biri telefonda mənə söylədi ki, heç olmasa bir həftəlik şəhərdən kənara çıx, istirahət et , başın- beynin dincəlsin. Özüm də buna ehtiyac duyuram, həbsxana “ezamiyyət”lərindən sonra dogru-dürüst istirahətim olmayıb. Üstəlik də xəstəliklər… Aglamıram, sızlamıram, ancaq etiraf edirəm ki, mənim az-çox normal istirahət etməyə maddi imkanım yoxdu. Ötən il, sag olsun, əziz dostum Piruz Dilənçi mənə İstanbulda 4 gün gözəl anlar yaşatdı. Elə bil ikinci nəfəsim açılmışdı…

Arada dostlar çagırır, görüşüb, çay içir, dərdləşirik. Olur ki, ailəvi çay süfrəsində də əyləşirik. Bakının cırcıra istilərində təskinliyimiz, istirahət hesab edə biləcəyimiz, cibimizə uygun keyfli saatlarımız da, yalnız belə olur və bundan o yana keçmir. Nə yazıq ki, bəzi pul və məəqm düşkünləri, “ağanın malı gedir, nökərin canı” misalı həyat yaşayanlar bizlərə bunu da çox gördülər…

Dünən bir dostumla Ukrayna dairəsindəki Heydər Parkında görüşüb, çay süfrəsində dərdləşməyi qərarlaşdırmışdıq. Aylarla evdən eşiyə çıxmayan xanımlarımız da bizimləydi. Parkın ərazisində yerləşən, “Sultan” adlanan bir kafeyə çay içmək üçün yaxınlaşdıq. “Ofisiant” yaxınlaşıb, ultimativ şəkildə, ” bizdə çay dəsgahla verilir” – dedi. Demə, dəsgaha mürəbbə və bir ədəd şokalad daxiliymiş. Mürəbbə və şokaladın bir yerdə qəbul edilməsini dogrusu heç anlayammadım. Bu səbəbdən də, “bizə ya şokalad , yada ki, mürəbbə ver” – dedim. Əks təqdirdə “Sultan”ın bir çaynik çayı bizə 10 manata başa gələcəkdi. Ofisiant xidmət etməkdən imtina etdiyindən, ondan administiratoru çagırmasını tələb etdim. “Sultan”ın Sultanlığını yapan administirator, sözün əsl mənasında “Sultan”lıgını, bizə nümayiş etdirmək istəsə də, açıq-aşkar gəda oldugunu büruzə verdi: “Bizdə qayda budur, qəbul edirsiniz edin, etmirsiniz “Sultan”ı tərk edin” – dedi…

Dostum bərk əsəbləşmişdi, bir az da mübahisə davam etsəydi, savaş qaçılmaz olacaqdı. Pərt olmuş, ayda, ildə bir dəfə xidmətlərində olmaq istədiyimiz xanımlarımızın qarşısında, suyumuz süzülə-süzülə , bir saatlıq “sultan” olmaq xəyalımızın qırıqlıgını yaşayaraq “Sultan”ı tərk etməli olduq. Təcrübədən bilirəm ki, belə “Sultan”ların əsl “patron”u ya icra başçısı, yada ki, oliqarxdan-zaddan biri olur. Etiraz edərsən, tökülüşərlər üstünə, o qədər vurarlar ki, “Sokar” neftinin, hətta mazutunun qoxusunu verərsən. Nə yaxşı ki, o gün xanımlar yanımızdaydı, yoxsa, kim bilir o gecə necə bitəcəkdi…

Bax belə, sevimli Millətim, bu da növbəti mənəvi terror!!! Başqa adı varmı bu olayın?! Hara gedək, harda nəfəs alaq, harda kasıbçılıgımızı edək?! Bizim heçmi sevinmək, bir neçə saat rahat nəfəs almaq haqqımız qalmayıb? Parkı üzüqara tərk edəndə , başımı qaldırıb Heydər Əliyevin heykəlinə baxdım. Naxçıvan Ali Məclisinin sessiyasında dəfələrlə, mənə müraciətlə “Ramiz, mən səni oglum İlham qədər çox istəyirəm” – söyləməsini xatırladım. İçimdən bir səs gəldi ki, oglun və ətrafındakılar, sənin adına salınmış parklarda, bizə çay içməyi də çox görürlər və indi sənin adın, yalnız haram yeyənlərin, sərvət toplayanların, Milləti hər gün, hər yerdə aşagılayan məmurların işinə yarıyır – düşünərək, tər tökə-tökə, Kürdəxanı təcridxanasından bir o qədər də fərqlənməyən “villa”ma üz tutdum. Yolda bir el məsəlini də xatırlayıb, acı təbəssümlə öz-özümə, axı – “ARIGIN NƏ İŞİ VAR QORUQDA Kİ, VURUB QIÇIN SINDIRSINLAR” – deməkdən başqa bir təsəlli bula bilmədim !!!

Ramiz TAGİYEV

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …