Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Üzən məzənnə siyasətinə davammı, tamammı…

Üzən məzənnə siyasətinə davammı, tamammı…

Azərbaycanda iki il əvvəldən tətbiq olunan üzən məzənnə siyasəti yaxın 4 ildə də davam etdiriləcək. Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.

2021-ci ilədək pul siyasətinin prioritet istiqamətləri açıqlanan sənəddə vurğulanıb ki, çevik məzənnə rejiminin iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunması, iqtisadiyyatın və tədiyə balansının tarazlaşdırılması üçün vacibliyi nəzərə alınaraq inflyasiyanın birbaşa hədəflənməsi rejiminə keçidin ilkin şərti kimi üzən məzənnə rejiminin tətbiqinin davam etdirilməsi planlaşdırılır.

Məlumdur ki, hazırda hökumətin tətbiq etdiyi məzənnə siyasəti müstəqil mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Dövriyyədə olan manat kütləsinin kəskin məhdudlaşdırılması ilə müşayiət olunan bu siyasət nə qədər effektiv nəticələr verdi? Onun davam etdirilməsi iqtisadiyyatımız üçün nələr vəd edir?

Sualları cavablandıran iqtisadçı-ekspert Samir Əliyev qeyd edir ki, hökumət üzən məzənnəyə keçid elan edəndə yanaşması belə olub ki, bu, Azərbaycanda yaxın dövrdə mümkün və məqsədəuyğun deyil: “Bu da onunla bağlıydı ki, bizimlə təxminən eyni vaxtda üzən məzənnəyə keçən Rusiya və Qazaxıstandan fərqli olaraq Azərbaycan iqtisadiyyatında neft gəlirlərindən asılılıq həddən artıq yüksək səviyyədədir. Bu, istər Ümumi Daxili Məhsulun, istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də ixracda özünü göstərir. Xüsusilə də ixracın az qala 90 faizini neft-qaz məhsulları təşkil edir. Hazırda da mən bu fikrimdə qalıram. Azərbaycanda üzən məzənnəyə keçid səhv addım idi, əslində bu, baş vermədi və yaxın dövrdə də mümkün deyil. İndiki məzənnə siyasətini üzən məzənnə adlandırmaq qeyri-mümkündür. Çünki manatın məzənnəsini heç də bazar müəyyənləşdirmir. Məzənnə Mərkəzi Bankın Bloomberg müstəvisi vasitəsilə keçirdiyi hərraclar əsasında müəyyənləşir. Amma bunu sırf bazar əsasında formalaşan məzənnə adlandırmaq qeyri-mümkündür. Çünki üzən məzənnə daha çox iqtisadiyyatı diversifikasiya olunmuş ölkələrdə mümkündür. İqtisadiyyatı bir təbii resurs üzərində qurulan ölkələrdə bunun tətbiqi baş tutmur. Çünki həmin resursun dünya bazar qiymətindəki dəyişiklik milli valyutanın məzənnəsində də dərhal əksini tapır: ya azalır, ya artır. Bunun nümunəsini biz istər Venesuela, istər Qazaxıstan və Rusiya, istərsə də öz təcrübəmizdə görmüşük. Digər tərəfdən, bizdə valyuta birjası yoxdur. Bloomberg platforması ilə hərrac valyuta birjası demək deyil.

Digər tərəfdən, Mərkəzi Bank öz vasitələri ilə məzənnəyə təsir edir. Məsələn, pul kütləsini məqsədli şəkildə məhdudlaşdırır və sair. Bundan başqa, ixracımızda dollar üstünlük təşkil etdiyi üçün manatın ona nəzərən məzənnəsi tənzimlənir. Digər valyutalarda isə məzənnənin kəskin dəyişmələri qeydə alınır, çünki tənzimlənmir.”

Ekspertin fikrincə, manatın hazırkı məzənnə siyasəti iqtisadiyyatımıza ciddi müsbət təsir göstərməyib: “Rusiya və Qazaxıstanda məzənnə sərbəstləşdirildikdən sonra valyuta ehtiyatlarının əriməsi dayandı. Deyilə bilər ki, bu, bizdə də baş verdi. Məsələ burasındadır ki, Mərkəzi Bankın ehtiyatlarının əriməsi dayansa da, bu, təbii iqtisadi proseslərin nəticəsi olaraq deyil, Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına baş verdi. Söhbət makroiqtisadi sabitlik üçün ayrılan 7,5 milyard manatdan gedir. O vəsaitlərlə Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək tənzimləmə siyasətini həyata keçirir. Digər tərəfdən, hökumətin müxtəlif məhdudlaşdırıcı addımları var. Məsələn, 2018-ci ilin 1 yanvarınadək bir sıra istisnalarla, dövlət qurumlarına xaricdən mal-məhsul idxalı qadağan olunub. Bundan başqa, dünya bazarında neftin qiymətinin bir qədər yüksəlməsi də proseslərə müsbət təsirini göstərib. Eyni zamanda ölkəyə gələn turistlərin çoxalması nəticəsində dövriyyədə dollar artdı”.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev hesab edir ki, hazırda Azərbaycanda tənzimlənən üzən məzənnə siyasəti yürüdülür: “Hazırda bizdə yürüdülən bu siyasəti tam üzən məzənnə adlandırmaq mümkün deyil. Onu daha çox tənzimlənən üzən məzənnə adlandırmaq olar. Çünki hökumət müxtəlif yollarla məzənnədə kəskin dəyişmələrin qarşısını alır. Və iqtisadiyyatı böhrandan çıxaranadək bunu davam etdirməyə məcburdur.”

Ekspertin fikrincə, uzunmüddətli dövrdə mövcud məzənnə siyasəti davam edərsə, qapalı dairə yaranacaq – iqtisadi aktivliyi artırmaq mümkün olmayacaq, sahibkarlıq bundan əziyyət çəkəcək, iqtisadiyyatda durğunluq dərinləşəcək: “Amma hökumət yaxınmüddətli dövrdə bu məzənnə siyasətini davam etdirməyə məcburdur. Artıq ölkədə 2 ildir iqtisadi islahatlar başlandığı deyilir, yol xəritələri qəbul edilib. Lakin reallıqda bu islahatların effekti hələ iqtisadiyyatda hiss olunmur. Yaranan az-çox müsbət tendensiyalar neftin dünya bazar qiymətindəki artıma bağlıdır, nəinki islahatlara. Buna görə də hökumətin hazırkını məzənnə siyasətini davam etdirməkdən başqa yolu yoxdur. Manatı tam üzən məzənnəyə keçirmək böyük risklər yaradar”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …