Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Yaz qapıda: nə əkərsən, onu da biçərsən…

Yaz qapıda: nə əkərsən, onu da biçərsən…

Yaz fəslinin başlanması ilə kənd təsərrüfatında əkin işləri də start götürür. Ölkənin hər yerində bu ərəfədə xüsusi canlanma müşahidə olunur: əkin texnikasını sazlayan kim, əkin yerlərini şumlayan kim…

Bu ərəfədə həm də Azərbaycanda hansı bitkilərin əkiləcəyi, nə qədər məhsul götürülməsinin planlaşdırıldığı maraq doğurur. Qeyd edək ki, ötən ilin aprelindən Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə yeni komanda gətirilib. Nazir İnam Kərimovun başçılıq etdiyi komanda qarşısına çox ambisiyalı vəzifələr qoyub. Bu, kənd təsərrüfatı istehsalının intensiv üsulla artırılmasına nail olunmasıdır. Komanda buna aqrar sektora elmi yanaşma, müasir texnologiya və metodlardan istifadə sayəsində nail olmağı nəzərdə tutur. Bu məqsədlə uzun illərdən bəridir Azərbaycanda ciddi problemlərdən birinə çevrilmiş kənd təsərrüfatında məhsuldarlıq məsələsinin həllinə yönəlik addımlar atılır. Eyni zamanda aqrar istehsalçılara dövlət dəstəyinin çatdırılması mexanizmində köklü dəyişiklik edilib, illər boyu korrupsiya və mənimsəmə mənbəyinə çevrilmiş “Aqrolizinq” ASC-nin əksər funksiyaları əlindən alınıb.

Belə ki, prezidentin ötən ilin dekabrın 19-da imzaladığı sərəncama əsasən, kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, suvarma sistemləri dəsti və avadanlıqları, damazlıq heyvanların aqrar istehsalçılara banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə verilməsinə başlanıb. Bu zaman texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdirilir. Kredit faizlərini isə fermer deyil, dövlət ödəyir

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanın tətbiqi ilə əlaqədar texnika satışında subsidiyalar bütün təchizatçı şirkətlərdən alınan kənd təsərrüfatı texnikasına şamil olunur. Fevralın 15-dən etibarən artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala bilirlər.

yazda əkin ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, bu şirkətlərlə bağlı bir sıra tələblər müəyyənləşdirilib. Onların satdıqları texnikaya xidmət göstərə biləcək servis nöqtələri və texniki xidmət şəbəkəsi olmalı, ehtiyat hissələrinin mövcudluğunu və satışını təmin etməli; alıcıları istehsal olunduğu tarixdən 2 ildən artıq müddət keçməmiş texnika ilə təmin edə bilməli; zəmanət müddətində avadanlıq və ya texnikanın təmirini və ya onlara texniki qulluğu həyata keçirmək üçün zəruri imkanlara malik olmalıdılar. Damazlıq heyvan təqdim edən təchizatçılar isə  heyvanların qidalanma və saxlanma şəraitini həmin cins (növ) heyvan üçün zəruri olan formada təmin etməli; müvafiq cinsdən (növdən) heyvanın xəstəlikləri, habelə qidalanması üzrə ixtisaslaşmış zootexnik, baytar və mütəxəssislərə malik olmalı və ya əməkdaşlıq etməlidilər.

Texnika və damazlıq heyvan almaq üçün dövlətin güzəştli kreditlərini aqrar istehsalçılar 11 bankdan əldə edə bilərlər. Bunlar Access Bank ASC, Azərbaycan Beynəlxalq Bankı ASC, BTB Bank ASC, Express Bank ASC, Günay Bank ASC, Kapital Bank ASC, Muğan Bank ASC, NBC Bank ASC, Paşa Bank ASC, Rabitə Bank ASC, Turan Bank ASC-dir.

Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı üzrə layihələrdə; regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrdə; heyvandarlıq təsərrüfatlarının inkişafı sahəsində layihələrdə yeni yaradılmış Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə etmək olar. Hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit həcmi 5 milyon manat olacaq. Bu qaydalar nəticəsində daha istehsalçı dövlət orqanlarının qapısını gəzməyərək, rəsmi qaydada banka müraciət edir, 15 gün ərzində ona kredit və ya güzəştin verilməsi ilə bağlı rəsmi ya “hə”, ya da “yox” cavabı verilməlidir. Bəyənilən layihələr növbəti 15 gün ərzində agentliklə razılaşdırılaraq maliyyələşdiriləcək:

– 5 000 manatadək – mikrokreditlər (2 ilədək);

– 5 001 manatdan 30 000 manatadək – kiçikhəcmli kreditlər (3 ilədək);

– 30 001 manatdan 100 000 manatadək – ortahəcmli kreditlər (3 ilədək);

– 100 001 manatdan 200 000 manatadək – irihəcmli kreditlər (5ilədək);

– 1 000 000 manatədək – kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər (5 ilədək);

Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:

– mikrokreditlər üçün – 12 ayadək;

– kiçik və ortahəcmli kreditlər üçün – 18 ayadək;

– irihəcmli kreditlər üçün – 24 ayadək.

Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Vəsait müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verilir, bank isə 7 faizlə istehsalçılara verir.

Bu ilin əkin planlarına gəlincə, nazirlikdən verilən məlumata görə, cari ildə 680 min hektar sahədə buğda əkilməsi və 2 milyon 140 min ton məhsul əldə olunması gözlənilir. Hər hektardan gözlənilən orta məhsuldarlığın 31,5 sentner təşkil etməsi gözlənilir.

Bu il həmçinin 334 min 100 hektar ərazidə arpa əkilərək 935 min ton məhsul və 28 sent / ha məhsuldarlığa nail olunması planlaşdırılır. 4900 hektar sahədə çəltik əkərək, 16 400 ton məhsul və 33,5 sent/ha məhsuldarlıq, 4 min hektar sahədə tütün əkərək 7400 ton məhsul, 9500 hektar sahədən 350 min ton şəkər çuğunduru,  60 min hektar sahədə 970 min ton kartof istehsalına nail olunması planlaşdırılır.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …