Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Türkiyədə çox pislə, pis arasında seçim edirlər”

“Türkiyədə çox pislə, pis arasında seçim edirlər”

“Türkiyədə baş verənlər bizim məmləkətdə təbii olaraq diqqətlə izlənilir, dost-qardaş strateji müttəfiq olmağımız marağı yaradan amillərdir, amma iqtisadi münasibətlərimizin dinamikası və perspektivlərini nəzərə alsaq türk lirəsinin, Türkiyə iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına da təsirləri var”.

Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşıb.

“Cəmi 10 il öncə türk lirəsi, təqribən 1 dollar=2 lirə məzənnəsi ətrafında idi, bu gün 1 dolar=23,5 lirədir. Dünyada son ildə kəskin ucuzlaşan 3 valyutadan biri türk lirəsidir. Bunun obyektiv və subyektiv səbəbləri haqqında bu günlərdə yazmışdım, linkini şərhlərə yerləşdirərəm, indi toxunmaq istədiyim məsələ başqadır.
Türkiyədə seçkilərdən sonra idarəetmə komandası dəyişdi, Mərkəzi Banka liberal-qərb iqtisadi modelinin tərəfdarı və yetişdirdiyi şəxs gətirildi. İndi bütün bazar oyunçuları MB-ın faiz dərəcəsini kəskin artıracağını gözləyir, gözləntilər çox şişib, hətta faiz dərəcəsini 40%-bəndə qalxacağı proqnozları var (indi uçot dərəcəsi 8,5%-dir). Ərdoğanın təkidi və yersiz müdaxiləsi ilə MB-ın müstəqilliyi de-facto ləğv edildi və uçot dərəcəsi 19%-dən 8,5%-ə endirildi ki, bu da lirənin kəskin ucuzlaşması üçün təməl təşkil etdi. Ərdoğanın “Faiz səbəb, inflyasiya nəticədir” – iqtisad elminə zidd tezisi lirənin ucuzlaşmasına səbəb oldu.
İndi bu siyasətdan vaz keçmək istəyirlər, amma bu da təhlükəlidir – əgər MB 22 iyunda faiz dərəcisini birdən-birə 10-15%-bənd artırsa, yəni 20-25% civarına qaldırsalar lirə bir az dəyər qazanacaq, amma iqtisadi tənəzzülü də bərabərində gətirəcək. İqtisadiyyatın kreditləşməsi bahalaşacaq, yeni iş yerləri yaranmayacaq, iqtisadi aktivlik minimuma enəcək, bu isə işsizlik, ÜDM-in azalması deməkdir. İndi vəziyyət çox pisdir, MB faiz artırsa pis olacaq, yəni, çox pislə pis arasında seçim edirlər, yaxşı yol, hələ ki, yoxdur. Yəni, hətta lirə MB toplantısından sonra dəyər qazanıb 18-19 lirə=1 dollar səviyyəsinə möhkəmlənsə belə, bu həmən inflyasiyaya təsir edib ucuzluq yaratmayacaq, məzənnənin inflyasiyaya təsirləri 2 aylıq fasilə ilə olur.
Mərkəzi Bankların əsas funksiyalarından biri gözləntilər yaratmaq və ən əsası, gözləntiləri idarə etməkdir. Bir neçə gün öncə Azərbaycanın Mərkəzi Bankının rəhbəri, hörmətli Taleh Kazımovla görüşdə bu məsələ haqqında da müzakirə apardıq. Bizim problem başqadır – Azərbaycanda iqtisadi model primitivdir, liberal-bazar iqtisadiyyatı institutları yox dərəcəsindədir, Mərkəzi Bank istəsə belə iqtisadiyyata birbaşa və güclü mesajlar verə, gözlənti yarada və onları idarə edə bilməz. Yəni, bizdə Mərkəzi Bankın indi formalaşan peşəkər komandasının əli-qolu bağlıdır, indiki iqtisadi modeldə Mərkəzi Bankın uçot dərəcəsinin də heç bir ciddi əhəmiyyəti, inflyasiyaya təsirləri yoxdur. Mərkəzi Bank iqtisadiyyatda güclü requlyator, tənzimləyici və gözlətiləri idarə edə biləcək rol alması üçün bütün iqtisadi sistemimiz kökündən dəyişməlidir, ümumiyyətlə, normal sistemdə Mərkəzi Banklar hökumətlərin intellektual “müxalifəti” olur – hökumətlər pul səpmək yolu ilə reytinq qazanmaq istəyəndə Mərkəzi Banklar onların əlindən vurmalı, hökumətlər populizmə yuvarlananda onları çəkindirməyi bacarmalıdır. Bizdə dərd odur ki, heç hökumət modeli də doğru deyil, indiki idarəetmə modelində Nazirlər Kabineti lazımsız qurumdur, bəzi nazirlər, nazirliklər Nazirlər Kabinetindən daha güclü və səlahiyyətlidirlər. Bu vəziyyəti düzəltmək üçün ilk öncə NK-nin proporsional seçilmiş parlamentdən çıxmasını təmin etmək, MB-ın isə müstəqil dövlət qurumu olmasına çalışmaq lazımdır…”, –  N. Cəfərli qeyd edib.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …