Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Trendyol” müəmması: “Hökumət vətəndaşın köynək almasına niyə qarışır?”

“Trendyol” müəmması: “Hökumət vətəndaşın köynək almasına niyə qarışır?”

Xəbər verdiyimiz ki, bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq, Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb.Qeyd edilib ki, yerli bazardakı pərakəndə şirkətlər “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir.​
Ardınca isə Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmadığı bildirilib.

Məşhur onlayn alış-veriş platformalarından olan “Trendyol”la bağlı Dövlət Xidməti tərəfindən ardı-arda verilən bu açıqlamalar əhalinin xüsusilə aztəminatlı təbəqəsinin büdcəsinə təsir edəcəyindən, artıq narahatlıqlar baş qaldırıb. İnsanlar hesab edir ki, Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət məsələsini bəhanə gətirib, yaxın zamanlarda Azərbaycana sözügüdən ölkədən “Trendyol”la gətirilən mallara müəyyən məhdudiyyətlər qoyula bilər. Qeyd olunur ki, son rəsmi açıqlamalar buna işarədir.

​İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Dövlət Xidməti Azərbaycanda “Trendyol”a məhdudiyyət qoya bilməz. Buna ixtiyarı yoxdur:

“Bu, qanunla mümkün deyil, amma Azərbaycandır, reallıqlar var. Tapşırıq gələ bilər ki, karqo şirkətləri “Trendyol”dan heç nə gətirməsin, vəssalam. Bu tapşırıqdan sonra karqo şirkətləri “Trendyol”dan heç nə gətirməz. Belə qeyri-qanuni və absurd inzibati yolla bu işi görə bilərlər. İqtisadi və hüquqi məsələləri kənara qoysaq, bu, həm də mədəni məsələdir. “Trendyol” qardaş ölkə dediyimiz Türkiyənin şirkətidir. Necə olur ki, qardaş Türkiyənin şirkətinə belə problem yaratmaq istəyirlər?”

Natiq Cəfərlinin dediyinə görə, onlayn alış-verişə marağın artması ölkədə kiminsə biznes marağına toxuna bilər. Bu halda “Trendyol”a qadağalar tətbiq etməkdənsə, pərakəndə ticarət şəbəkələri öz qiymət siyasətinə və kampaniyalarına diqqət yetirməlidirlər ki, vətəndaşlar üçün daha cəlbedici olsun.
Ekspert qeyd edib ki, bu gün dərman sektorunda bəzi şirkətlər bazarın yarısına nəzarət edir. Dövlət Xidmətinin həmin şirkətlərlə məşğul olmaq əvəzinə onlayn alış-verişə məhdudiyyətlər qoyması doğru deyil:

“Dövlət Xidməti vətəndaşlardan daxil olan şikayətlərə, siqnallara baxmalıdır. Qurumun adi vətəndaşların şəxsi istehlakı üçün sifariş etdiyi məhsullara qarışması düzgün deyil”.
Ekspertin sözlərinə görə, hətta vətəndaşların onlayn yolla ayda 300 dollarlıq mal sifariş verib bəyənmədikdə onu satması da normaldır:
“Dövlət Xidmətinin bəhanəsi ondan ibarətdir ki, bəzi insanlar oradan sifariş verib həmin məhsulları Azərbaycanda satırlar. Bu da absurd yanaşmadır. Dövlət orqanlarının buna qarışmağa hər hansı hüququ yoxdur. Tutaq ki, mən gedib mağazadan köynək alaram, bir müddət sonra isə rəngi, ya forması xoşuma gəlmədiyindən fikrimi dəyişib o məhsulu kiməsə satıram. Bunun hökümətə nə aidiyyatı var? Belə aydın olur ki, dövlət hər birimizin başının üzərinə nəzarətçi qoymalıdır ki, birdən biz 5 manata aldığımız məhsulu sabah haradasa satarıq? Bu absurd yanaşmadır”.

“Multimedia” İnformasiya Sistemləri Texn­ologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Antiinhisar Dövlət​ Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi:
“Biz də bu quruma dəstək verirdik. Ümid edirdik ki, bu Xidmət​ 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum​ bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar. Vətəndaş cəmiyyəti ilə əlaqələr güclənmişdi. Amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Hazırda deyəcək bir sözləri olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri kəsiblər. Beləliklə, görünür ki, hökumət hələlik , necə deyərlər “kəşfiyyat” aparır”.

Osman Gündüz deyib ki, son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkətləri yaranıb:
“Hazırda təxminən​ 200-dək belə şirkət var. Azə­rbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən – Çindən, Avropadan, ABŞ-dan, Türkiyədən, o cümlədən bu ölkənin Trendyol platformasından​ şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. Görünür, hazırda bu sahədə yaranmış situasiya kimlərisə narahat edir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …