Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Tam üzən məzənnəyə keçid: Hansı şərtlərlə mümkündür? – ŞƏRH

Tam üzən məzənnəyə keçid: Hansı şərtlərlə mümkündür? – ŞƏRH

Mərkəzi Bank üzən məzənnə ilə bağlı növbəti maraqlı açıqlama ilə gündəmə gəlib. Qurumun açıqlamasına görə üzən məzənnəyə tam keçmək üçün ilk növbədə ona şərait yaratmaq lazımdır. Maraqlıdır, hansı şəraitdən söhbət gedir və bunu təmin etmək üçün nələr etmək gərəkdir? Mərkəzi Bank bildirir ki, üzən məzənnə rejiminə tam keçid pul siyasətinin alternativ lövbərinin formalaşdırılmasını da tələb edir. Ekspertlər də hesab edir ki, tam üzən məzənnəyə keçmək üçün müəyyən şərtlərə əməl etmək lazımdır və bu şərtlər elə olmalıdır ki, manatın məzənnəsi dəyərini birdən-birə itirməsin. Hətta bununla yanaşı, qiymət artımı olmaısn, inflyasiya həddi yüksəlməsin.

 

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda nə iqtisadiyyat, nə iqtisadi subyektlər, nə də hökumətin özü üzən məzənnə rejiminə hazırdir: “Bunun üçün uyğun infrastruktur təmin olunmayıb. Azərbaycanda qiymətli kağızlar, valyuta bazarı kimi sahələr də inkişaf etməyib. Eyni zamanda valyuta bazarında təkliflər hazırda dövlət subyektləridir. Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti və digər neft şirkətləridir. Ölkədə iqtisadiyyatın strukturu da ona uyğun deyil ki, ölkəyə valyuta gətirən əsas mənbə neft satışıdır. Bu gün hər 100 dolların 90-nı məhz neftin hesabına ölkəyə daxil olur. Bundan başqa əsas məsələlərdən biri məhz bu pulların üzən valyuta rejimində davranış bazarlarının olmamasıdır. 

Üzən valyuta müəyyən dövrlərdə bazardan kənarda dayanmağa üstünlük verir. Faktiki olaraq bu şərtlər daxilində proqnozlaşdırılmanın aparılması mümkün deyil. Bundan əlavə əgər valyutanın üzən rejimdə məzənnəsinin formalaşması mümkün olarsa, bu zaman öz fəaliyyətində şəffaflaşmaya getməlidir. Hər bir açıqlanan rəqəm valyuta bazarında məzənnəyə təsir göstərir. Bu baxımdan, rəqəmlərin açıqlanması kimi üsullarla valyuta bazarlarını orta və uzunmüddətli dövrdə idarə etmək mümkün deyil. Son nəticədə bazar iştirakçılarında faktiki olaraq bu rəqəmlərə inamsızlıq yaranır. Belə olan halda bu siyasəti həyata keçirən qurumların reputasiyası aşağı düşür. Bu təqdirdə məzənnə çox ciddi şəkildə səhv istiqamətə yönəldilir.

Hökumət bu istiqamətdə ciddi tədbirlər görməlidir. Bu infrastrukturun və uyğun mühitin yaranması üçün Mərkəzi Bankın və İqtisadiyyat Nazirliyinin üzərinə öhdəlik düşür. Azərbaycanlı biznesmenlər üzən məzənnə rejimində şəraitə uyğunlaşdırılmalı və onun maarifləndirilməsi, valyuta bazarlarında israfçılıq, məzənnənin proqnozlaşdırılması, aidiyyatı dövlət qurumlarının bu istiqamətdə açıqladığı risklərin dəqiqliyi və s. bu kimi məsələlər barədə onlara düzgün informasiya verilməlidir. Bu məsələlər öz həllini tapmalıdır ki, ölkədə üzən valyuta rejimi dayanıqlı olsun.

Amma baza prinsipi ondan ibarətdir ki, ölkənin valyuta daxilolmalarının neftdən asılılığı aradan qalxmalıdır. Bu da ixracın stimullaşdırılması istiqamətində daha effektli tədbirlərin həyata keçirilməsi ilə inhisarçılığın aradan qalxmasına kömək etməlidir. Həmçinin, hökumət məhkəmə sistemində islahatlar həyata keçirməlidir. Üzən məzənnə rejiminin təmin olunaması o qədər asan başa gəlmir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …