Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az-a bildiriblər ki, kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq.
Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda, bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.
Tərəfdaş bankın bölgələrdə ATM sayının çox olması fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq. Fermerlər, həmçinin kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək.
“Fermer kartı”nın ilkin olaraq, “Kənddən Şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara verilməsi nəzərdə tutulub. İlk kartlar Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq etdiyi Quba rayonu Zərdabi kənd sakini Tahir Cəfərov və Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əspəndiyevə təqdim edilib.