Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya “Taxıl sazişi”ndən İMTİNA EDİR – Un və çörək bahalaşacaq?

Rusiya “Taxıl sazişi”ndən İMTİNA EDİR – Un və çörək bahalaşacaq?

Uzadılmış “Taxil sazişi” nüqaviləsinin bitməsinə 1 ay vaxt qalmasına rəğmən Rusiya tərəfi sazişin vaxtından əvvəl pozula biləcəyini iddia edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” nəşrinə müsahibəsində deyib ki, taxıl müqaviləsinin perspektivləri yoxdur, çünki bu saziş üzrə Rusiyanın öhdəlikləri yerinə yetirilməyib.

Kremlin nümayəndəsi bildirib ki, taxıl sazişi ilə bağlı hər hansı bir son qərar haqqında proqnoz vermək mümkün deyil. 

“Baxmayaraq ki, Rusiya taxıl müqaviləsinin müddətini dəfələrlə uzatmaqla, xoş niyyətini nümayiş etdirib”.

Bəs, “Taxıl sazişi”nin uzadılmaması və yaxud vaxtından əvvəl pozulması dünya bazarındakı qiymətlərə necə təsir edə bilər?

Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, Rusiyanın “Taxıl sazişi”ni pozması o qədər də inandırıcı görünmür:

“Bu sadəcə bir təhdiddir. Bu təhdidlərlə Rusiya daha çox dividend əldə etmək istəyir. Çünki, saziş imzalanarkən Rusiya Qərbdən müəyyən güzəştlər istəmişdi. Lakin, Moskvanın heç bir tələbini hələki Qərb nəzərə almır. Əksinə Rusiyaya qarşı sanksiyalar daha da sərtləşir. Ona görə də Rusiyanın “Taxıl sazişi”ndən çıxacağı inandırıcı deyil. Ən azı ona görə ki, bu sazişdən Moskva kifayət qədər faydalanır.

Bununla belə Rusiya sazişdən çıxsa, dünya bazarında taxılın qiyməti bir qədər bahalaşacaq. Amma 2022-ci ildəki kimi böhran yaranmayacaq. Çünki, dünyanın ərzaq zəncirində alternativ halqalar və variantlar formalaşıb. Əsas taxıl istehsalçıları taxıl əkinlərinin həcmini artırıb. 
Məsələn, Hindistanda əkin sahələrinin həcmi bu il 30, Meksikada isə 20 faiz artıb. Rusiyanın özündə belə taxıl sahələrinin həcmi 18.3 faiz çoxalıb. Bundan əlavə, son bir ildə dünyada taxılın məhsuldarlığı da xeyli yüksəlib. Ona görə də Rusiyanın təhdidlərinin elə bir qorxusu yoxdur”. 

Akif Nəsirli sazişin pozulmasının Azərbaycana təsir imkanlarından da danışıb:

“Dünya bazarında baş verən istənilən ajiotaj Azərbaycana təsir edir. Lakin Rusiyanın “Taxıl sazişi”ndən çıxmasının ölkəmizə birbaşa təsiri yoxdur. Ona görə ki, Azərbaycan özünün taxıl ehtiyaclarının böyük hissəsini Rusiyadan tədarük edir. Çox az miqdarda taxıl isə Qazaxıstandan alınır. Ona görə də “Taxıl sazişi”nin ölkəmizə təsiri çox cüzidir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …