Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Pul kisələri”nin bayram istirahəti: “Yeni il ərəfəsində günlük evlərin qiyməti…”

“Pul kisələri”nin bayram istirahəti: “Yeni il ərəfəsində günlük evlərin qiyməti…”

Yeni il ərəfəsində ənənəvi olaraq Bakıdan bölgələrə insanların axını gözlənilir. Quru sərhədləri bağlı olduğu üçün ölkə vətəndaşlarının əksəriyyətinin 2023-cü ili müxtəlif şəhər və rayonlarımızda qarşılamağa üstünlük verəcəyi gözlənilir. Yeni il bayramı ilə əlaqədar qış turizmi üçün əlverişli regionlarda evlərin günlük kirayə haqqının bahalaşdığı bildirilir.

Mövzu ilə bağlı oxu.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, pandemiyada xarici ölkələrə gediş-gəliş qapalı olduğuna görə, bölgələrə üz tutanların sayı artıb:

“Pandemiya başlayandan sonra Azərbaycanda quru sərhədlərin bağlanması daxili turizmi inkişaf etdirməyə başladı. Pandemiyadan öncə də vəziyyət pis deyildi. Yay aylarında insanların bir qismi istirahət üçün digər ölkələrə getsə də, digər hissəsi Azərbaycanın bölgələrində qalırdı. Sərhədlər bağlanandan sonra Azərbaycan əhalisi bölgələrimizlə daha yaxından tanış oldu.

Bu, təbii ki, çox yaxşıdır. Hər il onminlərlə Azərbaycan vətəndaşı xarici ölkələrə turist qismində üz tuturdu. Ölkədən böyük pullar çıxırdı. Daha çox Gürcüstan, Türkiyə və Ukraynaya səfər edirdilər”.

E.Fərzəliyev qeyd edib ki, evlərin kirayə qiymətinin kəskin bahalaşması həmin bölgədə yaşayan insanların maddi durumunun yaxşılaşmasına gətirib çıxarır:

“Bölgələrdəki gündəlik kirayə evlərin qiyməti kəskin bahadır. Hər insan üçün əlçatan deyil. İstirahət deyəndə imkanlı şəxslər nəzərdə tutulur. Minimal əməkhaqqı ilə yaşayan ailələr də az deyil. Belə ailənin maaşı heç bir günün kirayəsinə bəs etməz. Ən ucuz ev 50 manatdan başlayır, 150-200 manata qədər dəyişir.

Bu, həmin bölgədə yaşayan insanların maddi durumunun yaxşılaşmasına gətirib çıxarır. Onlar da bayramdan-bayrama, yayda qazanırlar. Evlərə kirayə pulu ödəməklə iş bitmir. Dükanlara, kafe-restoranlara pul xərclənir. Bu da işlək bir mexanizmə çevrilib.

Daim turizm sektorunu inkişaf etdirməyə çalışırıq. Xarici turisti Azərbaycana cəlb etmək üçün birinci növbədə yerli vətəndaşların özlərini turist kimi cəlb etmək lazımdır”.

Ekspert əlavə edib ki, tələbat çox olduğundan qiymətlər fantastik həddə çatıb:

“Yerli vətəndaş bizdən məmnun qalmalıdır ki, xarici vətəndaşlar da gəlsinlər. Turistik zonalarda kirayə evlərin qiymətinin baha olması ilə əlaqədar hotellərdə də qiymət yüksəkdir. Kafe-restoranlarda qiymət kəllə-çarxdadır. İnsanlara, sadəcə, gəlir mənbəyi kimi baxırlar.

Bunun davamlı olacağını düşünmürəm. Nəzarət sistemi olsa, vergi tətbiq olunmalıdır ki, standartlaşma olsun. Məsələn, cənub bölgəsinə daha çox axın var. Amma elə etmək lazımdır ki, axın Azərbaycanın başqa bölgələrinə də olsun. Qonaqlama yerləri olmalıdır ki, insanlar orada qala bilsinlər.

Bizdə gələn adama maksimum pul mənbəyi kimi baxırlar. Bakıda kirayə evlərin qiyməti fantastik bahadır. Tələbat çoxdur. Evlər boş qalsa, kirayə qiyməti enəcək. İnsanlar başqa seçim olmayanda baha evləri kirayə götürürlər”.

Turizm eksperti Ceyhun Aşurov isə əlavə edib ki, əvvəllər xaricə gedən ölkə vətəndaşları indi istirahətlərini ölkə daxilində edirlər:

“2019-cu ildə beş milyondan çox Azərbaycan vətəndaşı xaricə səfər edirdisə, 2022-ci ilin əvvəlindən oktyabr ayına qədər olan müddətdə bir milyondan bir az çoxdur. Yəni dörd-beş dəfə azalma var. Daxili bazarda, Azərbaycana gələn turistlərin sayında 2019-cu illə müqayisədə daha çox – 60 faizə qədər bərpaolunma varsa, ölkə vətəndaşlarının xaricə səfərləri haqda bunu deyə bilmirik. Bu o deməkdir ki, xaricə gedən bir çox Azərbaycan vətəndaşları öz istirahətlərini ölkə daxilində təşkil edirlər”.

C.Aşurov bildirib ki, tələb çox olmadığı dövrdə endirim və güzəştlərə rast gəlmək mümkündür:

“İstirahətlərini daxili regionlarda təşkil etmək istəyən vətəndaşlarımızın sayı çox olduğuna görə qiymətlər artıb. Qiymət tələbatdan yaranır. Alıcı varsa, tələbat çoxdursa, onlar da bu qiymətə öz məhsullarını sata bilirlər. Elə bu səbəbə görə də regionda olan evlərin kirayə qiyməti qalxıb. Normalda 50 manata olan ev həmin ərəfədə 100 manata qalxır. Səbəb tələb və təklifdir.

Nəzərə almaq lazımdır ki, dünya bazarında da qiymətlər qalxıb. Xaricə səfərlər heç də əvvəlki kimi deyil. Quru sərhədlər bağlıdır. Xaricə təyyarə ilə səfər etməliyik. Daxili bazara yüklənmə var”.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …