Maliyyə Bazarlarına Nəzarət Palatası avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi üzrə zərərin birbaşa
ödənilməsini hələ də təmin etməyib.
BakuPost.az xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov yazıb. Məsələnin aktuallığını nəzərə alıb həmin yazını təqdim edirik:
“Məlum
olduğu kimi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası avtomobillərin istifadəsi nəticəsində fiziki şəxslərin
sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu
zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur. Zərərin əvəzinin
ödənilməsi üçün, zərərvuranın avtonəqliyyat vasitəsindən istifadə ilə
bağlı mülki məsuliyyətini sığortalayan sığorta şirkətinə müraciət
edilməlidir.
Yəni
yol-nəqliyyat hadisəsində zərərçəkən avtomobilin sahibi zərərin
əvəzinin ödənilməsini zərərvuranın avtomobili ilə bağlı mülki
məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir.
Təcrübədə bu, bir sıra problem yaradır. Məsələn, mənim avtomobilim üzrə
sığortaçı “A” şirkətidir, sizinki üzrə isə “B” şirkəti. Mən sizə zərər
vurmuşamsa, siz tanımadığınız və müştərisi olmadığınız mənim “A”
sığortaçıma müraciət etməli olursunuz. O da təbii sizə yüksək və cəld
xidmət göstərməkdə maraqlı deyil, başlayır sizi süründürməyə.
Buna
görə də nəinki inkişaf etmiş ölkələrdə, hətta qonşularımızda da artıq
çoxdan daha effektiv mexanizm tətbiq edilir: zərərin birbaşa
zərərçəkənin sığortaçısı tərəfindən ödənilməsi. Yəni sizin “B”
sığortaçınız sizin zərəri ödəyir, sonra isə əvəzini mənim “A”
şığortaçıdan tələb edir (subroqasiya). Beləliklə də sığortaçılar öz
aralarında müştərilərinin bir-birinə vurduqları zərər üzrə vaxtaşırı
yekun hesablaşma aparırlar.
Azərbaycanda
da bu mexanizmə keçid nəzərdə tutulub. Hələ 18 dekabr 2015-ci il
tarixdə “İcbari sığortalar haqqında” Qanuna (52-1-ci maddə) müvafiq
dəyişikliklər edilərək nəzərdə tutulmuşdur ki, aşağıdakı şərtlərin hər
birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin
əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı
mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir:
1) zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;
2)
yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari
sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak
etdikdə.
Qanunda
həmçinin nəzərdə tutulmuşdur ki, bu əsnada sığortaçılar arasında
qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar sığorta nəzarəti
orqanı tərəfindən müəyyən edilir. Həmin dövrdə sığorta nəzarəti orqanı
Maliyyə Nazirliyi idi. Buna görə də Qanunun icrası ilə bağlı Prezidentin
15 fevral 2016-cı il tarixli Sərəncamında həmin qaydaların 1 ay ərzində
hazırlanması Maliyyə Nazirliyinə tapşırılmışdır.
Lakin
məlum olduğu kimi, elə həmin ayda sığorta nəzarəti orqanı
səlahiyyətləri yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına
keçmişdir. Deməli, qaydaları da məhz Palata hazırlamalıdır. İndiyədək
hazırlamayıb.
Niyə?
Ona
görə ki, Palatanın buna bilik və qabiliyyəti çatmır. Palatanın
indiyədək bank sistemi üzrə qəbul etdiyi bütün qaydalar Mərkəzi Bankın
qaydalarından, sığorta sektoru üzrə qəbul etdiyi qaydalar isə Maliyyə
Nazirliyinin qaydalarından köçürmədir. Yəni Palata indiyədək heç bir
məsələ üzrə müstəqil yeni qaydalar qəbul etməyib. Köçürməyi pis-yaxşı
bacarır, yenilik gətirməyi isə yox. O cümlədən dövlət başçısının
göstərişlərini də icra etmir… “
Həmçinin oxuyun
Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb
Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …