Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / İqtisadiyyat / Nazir müavininin milyonçu xanımı “Forbes”in siyahısında – Zümrüd Rüstəmova kimdir?

Nazir müavininin milyonçu xanımı “Forbes”in siyahısında – Zümrüd Rüstəmova kimdir?

Xörək bişirə bilməyən xanımın Arkadi Dvorkoviçi idarə etdiyi deyilir; “Atam mənimlə fəxr edir, amma evə gec gələndə…” 

“Forbes” jurnalı Rusiya hakimiyyətində təmsil olunanların zəngin xanımlarının yeni siyahısını açıqlayıb. Siyahı 2016-cı il üçün dövlət rəsmilərinin gəlirləri haqda açıqlanan rəsmi deklarasiya əsasında yaradılıb.
Ən varlı xanım Rusiya Dövlət Dumasının deputatı Aleksandr Nekrasovun xanımı Yelena Nekrasova seçilib. Onun illik gəliri 646 milyon rubldur. İkinci yeri rusiyalı senator Oleq Vorobyevin xanımı tutur-225,1 milyon rubl. İlk onluğu Kreml sözçüsü Dmitri Peskovun yeni toy etdiyi xanımı Tatyana Navka tamamlayıb.
Azərbaycan mediası 17-ci sırada qərarlaşan Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçin xanımı Zümrüd Rüstəmovaya diqqət ayırıb. Ötən il Z.Rüstəmovanın rəsmi gəliri 60, 5 milyon rubl təşkil edib.
A.Dvorkoviçin xanımı haqda “Yeni Müsavat” bundan əvvəl də bir neçə dəfə yazıb. Ümumiyyətlə, bu xanım ara-sıra ölkə mətbuatında yada salınan personalardandır. Hələ bir neçə il əvvəl Z.Rüstəmovanın guya Azərbaycanda biznes qurmasına qeyri-rəsmi qadağa qoyulması barədə ölkə mətbuatında xəbərlər yayılmışdı. Bildirilirdi ki, Z.Rüstəmova Azərbaycanda metal və metallurgiya biznesi ilə məşğul olmaq istəsə də, buna razılıq verilməyib. Amma bu xəbərlər indiyədək təsdiq edilməyib. Onun personasına Kreml rəhbərliyində qısqanc münasibət olduğu da iddia olunur.

dvorkovich18082016-01.jpg (797 KB)
Onun soydaşımız olması barədə Azərbaycan mediası yenidən yazmağa başlayıb. Rusiyanın işgüzar xanımı kimi tanındığından Z.Rüstəmovanın Azərbaycanda doğulması barədə araşdırdığımız bütün mənbələrdə yenə də hər hansı xəbərə rast gəlmədik. Vikipediyada onun 1970-ci ilin sentyabr ayının 21-də Moskvada doğulduğu, orta məktəbi bitirən kimi Moskva İqtisad-Statistika İnstitutuna qəbul olduğu qeyd edilib.
Atası Xandadaş Rüstəmov 1947-ci ildə anadan olub. Atasının harada doğulması göstərilməsə də, Dağıstanda böyüdüyü qeyd edilib. Z.Rüstəmovanın anası Tatyana da biznesini bank sahəsində qurub və bir neçə bankın səhmdarlarından biri kimi göstərilib.
Z.Rüstəmova 1992-1995-ci illərdə atasının mehmanxana sahəsində fəaliyyət göstərən “Zümrüd” firmasına rəhbərlik edib. O, 1995-ci ildə Rusiya Əmlak Məsələlərinin İdarəedilməsi Dövlət Komitəsində işə başlayıb və üç il sonra artıq departament rəhbəri vəzifəsinədək yüksəlib. 1999-2000-ci illərdə Rusiya Federal Əmlak Fondu sədrinin müavini, 2000-2004-cü illərdə isə əmlak məsələləri üzrə nazir müavini olub. Dvorkoviçlə tanışlığı da məhz bu illərə təsadüf edib. Özünün dediyinə görə, o vaxt iqtisadi inkişaf naziri German Qrefin müavini olan Dvorkoviçlə elə nazirin kabinetində tanış olublar. 2000-ci ilin avqust ayının 11-də cütlük ailə həyatı qurub.

 

Dvor7042015.jpg (132 KB)
2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini olan Z.Rüstəmova dövlət qulluğunda xidmətini başa vurub və biznesə üz tutub. İşlədiyi müddətdə dövlət institutları rəhbərləri və oliqarxlarla əlaqə quran Z.Rüstəmova 2004-cü ildə yaxından tanıdığı biznesmen Vladimir Raşevskinin rəhbərlik etdiyi Sibir Kömür Energetikası Kompaniyasında vitse-prezident olmağa razılıq verib. Xanım-biznesmen 2006-cı ildə bank sektorunda da özünü sınamağa qərar verib. Həmin ilin mayında o, Rusiya İnkişaf Bankının Direktorlar Şurasına daxil olub. Elə həmin il “Polumetal” ASC-nin baş direktorunun müavini olub. Sonra isə Maqnitoqorsk Metallurgiya Kombinatının da Direktorlar Şurasına seçilir. Bundan başqa, Z.Rüstəmova “Şeremetyev Beynəlxalq Aeroportu” ASC-də, “Xantı-Mansi Bankı”nın və qızılçıxarma üzrə qabaqcıl olan “Plyus Zoloto” nun da idarəetməsində əsas söz sahiblərindən birinə çevrilib. Z.Rüstəmova Rusiyanın ən tanınmış iş adamlarından olan dağıstanlı oliqarx Süleyman Kərimovla bir neçə sahədə biznes ortağıdır.
Z.Rüstəmova 2 oğul anasıdır. Maraqlıdır ki, Azərbaycan kökənli hesab olunan bu xanım uşaqlarına rus çarlarının – Vladimir və Pavel adlarını verib. Dvorkoviçin rəqibləri hesab edirlər ki, ərinin hətta siyasi qərarlarını belə xanımı verir və ailədə əsas idarəçi odur.
Z.Rüstəmova müsahibələrinin birində deyib ki, xörək bişirə bilmir və bu işi sevmir. Əri isə əksinə, hətta ilk oğlu Pavel olanda onun altını dəyişməyi belə bacarırmış. Evə gec gəlməyinə valideynlərinin narazılıq etdiyini deyən Z.Rüstəmovanın bu sözlərinə də diqqət çəkək: “Atam təbii ki, mənimlə fəxr edir. Amma zaman-zaman evə gec gəldiyimdən mənə ”bax, dərbəndli qız heç vaxt belə edə bilməzdi” deyir”.

Həmçinin oxuyun

“Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki…” – PROBLEM

Bir müddət öncə gecə radələrində təcili olaraq mənzil başına çatmaq üçün taksi xidmətindən istifadə etdik. …

Bir cavab yazın