Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “İran vətəndaşları dollar dalınca Azərbaycana axın edir” – Prezidentin müşaviri

“İran vətəndaşları dollar dalınca Azərbaycana axın edir” – Prezidentin müşaviri

İran prezidenti Həsən Ruhaninin müşaviri Əkbər Türkan ölkədə davam etməkdə olan valyuta böhranına görə Mərkəzi Bankı tənqid edib. Virtualaz.org xəbər verir ki, İranın yarırəsmi “Tasnim” agentliyinə açıqlama verən Əkbər Türkan Mərkəzi Bankın dolların məzənnəsini 4 min 200 tüməndə sabitləşdirmək üçün gecikdiyini bildirib.

“Mərkəzi Bank dolların məzənnəsnin sabitləşdirilməsinə dair qərarı təxirə salaraq vəziyyətin bu həddə gəlib çatmasına səbəb oldu”-prezidentin müşaviri deyib.

Xəbər verildiyi kimi İranda son həftələrdə milli valyuta dollarla müqayisədə sürətlə dəyərdən düşür, nəticədə əsas tələbat mallarının qiymətləri kəskin artır. Dolların bahalaşması və qiymətlərin artması İranın bir sıra şəhərlərində hakimiyyətə qarşı küçə etirazları, toqquşmalarla müşaiyət olunub. İran hakimiyyəti milli valyutanın dəyərdən düşməsinə görə ABŞ-ı günahlandırır.

Əkbər Türkan bildirib ki, son vaxtlar İran vətəndaşları öz mal-mülklərini sataraq əldə etdikləri pulları Azərbaycan, Türkiyə və Gürcüstanda dollara çevirib İrana geri qayıdırlar. Habelə onun sözlərinə görə, bəzi idxalçılar dolları dövlətdən 4200 tümən məzənnəsi ilə alır, amma idxal etdiyi malı sərbəst bazarda dolların 8.100 tümən məzənnəsi ilə satışa çıxararaq hədsiz qazanc götürür.

Qeyd edək ki, son vaxtar Türkmənistan vətəndaşları da dollar almaq üçün Azərbaycana üz tuturlar. Türkmənistanda dolların rəsmi məzənnəsi ilə qara bazar məzənnəsi arasında az qala 3 dəfə fərq var. Və türkmənlər Bakıya üz tutaraq özləri ilə gətirdikləri bəzi tələbat mallarını satır, əldə etdikləri pulu dollara çevirərək geri qayıdır və orada valyutanı qara bazar məzənnəsi ilə türkmən manatına dəyişirlər. Lakin Türkmənistan hakimiyyəti bunun qarşısını almaq üçün sərt tədbirlər görməyə başlayıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …