Çərşənbə , İyul 17 2019
Ana səhifə / İqtisadiyyat / İran – İsrail müharibəsinin mümkünlüyü BMT-də anons edildi

İran – İsrail müharibəsinin mümkünlüyü BMT-də anons edildi

İran və İsrail rəsmilərinin son açıqlamaları tərəflər arasında müharibə ehtimalının hələ də kifayət qədər yüksək olduğunu göstərir. Hətta bu ehtimal BMT tribunasından da səsləndirilib. Belə ki, İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışına İranla əldə edilən nüvə razılığını pisləməklə başlayıb: “Düşünürsünüzsə sanksiyaların ləğvi və milyardlarla dollarlıq müqavilələr yırtıcı şiri pişik balasına çevirəcək, deyərdim ki, bir daha düşünün”.
O, razılığın bəzi şərtlərinin İranı nüvə istehsalından çəkindirəcəyi ilə razılaşdığını deyib. Lakin baş nazir bildirib ki, İranın özünü necə aparmasından asılı olmayaraq, 10-15 ildən sonra bu ölkə nüvə silahına yiyələnə bilər: “İsrail İranın nüvə silahı klubuna müdaxiləsinə yol verməyəcək”. Bu isə İsrailin İrana qarşı hərbi müdaxiləsi anlamına gəlir. Eyni zamanda iranlı nüvə tədqiqatçıları da İsrailin hədəfində yer alır. Elə bu günlərdə İsralin müdafiə naziri Moşe Yaalon Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində iranlı nüvə alimlərini təhdid edərək deyib: “Aydın məsələdir ki, İranın nüvə proqramı hansı yolla olursa olsun durdurulmalıdır. İsrail İranın nüvə alimlərinin nə qədər yaşayacaqlarına dair məsuliyyət daşımır”. Xatırladaq ki, 2007-ci ildən indiyədək İranda nüvə enerjisi sahəsində çalışan 5 mütəxəssis öldürülüb. İran sui-qəsdlərin arxasında İsrailin dayandığını iddia edib.
İranın nüvə proqramından özlərini qoruyacaqlarını bildirən M.Yaalon İranın nüvə ambisiyalarının qarşısının alınmasının vacibliyini vurğulayıb: “Biz bunun sanksiyalar vasitəsilə həyata keçirilməsini istəyirik. Lakin nəticə etibarilə İsrail özünü müdafiə etməlidir”. İsrail müdafiə naziri İranın “altılıq” ölkələri ilə əldə etdiyi nüvə razılaşmasının “tarixi səhv” olduğunu qeyd edib. Onun sözlərinə görə, İran öhdəliklərini icra etməsə, İsrail aviazərbələr endirə bilər. ABŞ müdafiə naziri Eşton Karter isə deyib ki, İranla əldə edilmiş nüvə razılaşması ABŞ-ın bu ölkəyə qarşı mümkün hərbi əməliyyatlar planından imtina etməsi mənasını vermir: “Bu razılaşmanın nəyə görə yaxşı olmasının səbəblərindən biri də budur ki, o, hərbi variantdan imtinanı nəzərdə tutmur”. Pentaqon rəhbəri əlavə edib ki, üstəlik, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar planı daim modifikasiya olunur və təkmilləşdirilir.
İran isə nüvə razılığının şərtlərinə əməl olunmasını istəyir. İran prezidenti Həsən Ruhani dünyanın qüdrətli dövlətləri ilə əldə edilən nüvə razılığını yeni era və Yaxın Şərqdə sülh və sabitliyin başlanğıcı adlandırıb. BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Həsən Ruhani deyib ki, razılıq yekun irəliləyiş olmasa da, gələcək nailiyyətlərə təməldir. Bu arada ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda İran, Çin, Britaniya, Fransa, Rusiya və Almaniyadan olan həmkarları ilə razılığın şərtlərinin həyata keçirilməsi məsələsini müzakirə edib və bunun reallaşmasını vacib hal kimi qiymətləndirib.

Avropa İttifaqının müzakirələrə ev sahibliyi edən xarici əlaqələr şöbəsinin rəhbəri Federika Moqerini BMT-nin sessiyasına toplaşan dünya liderlərinin razılığı alqışlamasının sevindirici hal olduğunu deyib. Amma İran da bu vəziyyətdə İsrailə qarşı müharibəni istisna etmir. Bir neçə gün əvvəl İran ordusunun komandanı Ataolla Salehi İsraili 25 il müddətinə məhv edəcəklərini bildirib: “Biz İsraili mütləq məhv edəcəyik. Onların hücum etməsini səbrsizliklə gözləyirik. Əminliklə deyə bilərəm ki, biz İsraili 25 ildən az bir müddətə məhv edəcəyik”.

O həmçinin qeyd edib ki, Təl-Əvivin süqutu ABŞ-a müsbət təsir edəcək və Amerika İsrail təsirindən azad olacaq. Qeyd edək ki, bu il sentyabrın 9-da İranın ali dini lideri Əli Xamneyi də analoji açıqlama vermişdi. O bildirmişdi ki, yaxın 25 ildə yəhudi dövləti məhv ediləcək: “Allah imkan versə, 25 ildən sonra Yer üzündə sionist rejimi və onun əlamətləri olmayacaq”. İran və İsrail arasında mümkün müharibə isə nüvə razılaşmasının həyata keçməməsi deməkdir.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə məsələsinə dair razılaşma 14 iyulda əldə edilib. BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamədə nüvə proqramının nəzarətə götürülməsi müqabilində BMT sanksiyalarının mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.
Nahid SALAYEV

Həmçinin oxuyun

SOCAR qaz hasilatında 20 faiz artım gözləyir

2019-cu ilin II rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) öz imkanları hesabına müstəqil olaraq …

Bir cavab yazın