Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Fiziki şəxslərin xaricə pulköçürmələri nəzarətə götürülür? – ŞƏRH

Fiziki şəxslərin xaricə pulköçürmələri nəzarətə götürülür? – ŞƏRH

Mərkəzi Bankın İdarə Heyəti “Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair Təlimat”ı təsdiqləyib.

Təlimat Mərkəzi Bankı tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsi məqsədilə hazırlanıb. Təlimata əsasən, fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabat banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən tərtib olunmalıdır.

Hesabatda fiziki şəxslərin bank hesablarından 1 000 ABŞ dolları ekvivalentində və ondan artıq məbləğdə xarici valyutanın rezident və qeyri-rezident təsnifatı üzrə köçürülməsi tarixi, valyutanın adı, vəsait köçürülən ölkənin tam adı, köçürmənin məqsədi, köçürülən məbləğ (köçürülən xarici valyutada və ABŞ dolları ekvivalentində) və əməliyyatların sayı əks olunmalıdır. Hesabata statistik vahidlərin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan valyuta əməliyyatları ilə bağlı məlumatlar daxil edilmir. Hesabatda köçürülən xarici valyuta yalnız ABŞ dolları ilə qeyd edilir. ABŞ dolları istisna olmaqla, digər xarici valyutalarda köçürmələr əməliyyatın icra edildiyi günə manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə ABŞ dolları ekvivalentində əks olunmalıdır. Hesabatda fiziki şəxslərin hesab açmadan apardıqları pul köçürmə əməliyyatları barədə məlumatlar qeyd edilmir.

Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat baş verməyən hallarda hesabatda həmin göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunur. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.

Mərkəzi Bankın bu təlimatının məqsədi nədir? Qurum xaricə həyata keçirilən 1000 dollardan artıq köçürmələri nəzarətə götürməklə nəyə nail olmaq niyyətindədir?

Ä°lgili resim

Suallara cavab verən bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, təlimat daha çox Mərkəzi Bankın statistikanı dəqiqləşdirmək məqsədindən xəbər verir: “Hiss olunur ki, Mərkəzi Bank özünün pul və valyuta siyasətini daha dəqiq qurmağa çalışır. Amma eyni zamanda burada nəzarət meyli də var. Düzdür, Mərkəzi Bankın belə nəzarət funksiyası yoxdur. Bunu ya Maliyyə Bazarlarına Nəzarət Palatası, ya da Maliyyə Monitorinqi Xidməti etməlidir. Reallıqda problem nədir? Hüquqi şəxslərlə fiziki şəxslərin xaricə pulköçürmələri arasında əsas fərq budur ki, hüquqi şəxs belə köçürmə edəndə təyinatını, məqsədini mütləq qeyd etməlidir. Yəni nə alır, kimdən alır və sair. Amma fiziki şəxs gündə 1000 dollara qədər, ayda isə 10 min dollara qədər heç bir səbəbini göstərmədən kiməsə pul köçürə bilər. Praktikada bu, ona gətirib çıxarır ki, bir nəfər eyni gündə bir neçə bankdan 1000 dollar olmaqla pul göndərir. İstəsə, 30 bankın hamısından göndərə bilər və uçotu aparılmadığı üçün həmin şəxsin aylıq limitdən artıq pul köçürdüyünü müəyyənləşdirmək qeyri-mümkündür. Bu baxımdan, Mərkəzi Bank statistikanı qurmaqla kimin nə qədər xaricə pul köçürdüyünü müəyyənləşdirməyə çalışır”.

Mütəxəssisin fikrincə, təlimat fiziki şəxslərin xaricə pul köçürmələri üzərində nəzarət qurmağa imkan vermir: “Təlimat bilavasitə banklara aiddir, onlardan məlumatlandırma tələb edilir. Güman ki, bir neçə aylıq statistika məlum olandan sonra Mərkəzi Bank hansısa nəzarət mexanizminin yaradılmasına barədə qərar verəcək. Statistikanın toplanması ya yeni qaydaların yaradılması, yaxud mövcud qaydalara dəyişikliklər olunması üçün mənzərənin aydınlaşdırılması məqsədi daşıyır”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …