Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Baş bankir nağd puldan şikayətlənir: Nağsdız ödəmə üçün isə posterminal tapılmır – ŞƏRH

Baş bankir nağd puldan şikayətlənir: Nağsdız ödəmə üçün isə posterminal tapılmır – ŞƏRH

Müasir dövr iqtisadiyyatında nağdsız dövriyyənin inkişafı xüsusi yer tutur.

Nağdsız dövriyyə nə qədər inkişaf edərsə, hökumət daha effektli iqtisadi siyasət həyata keçirə bilir.Bu gün Azərbaycanda bu sahədə çox ciddi problemlər var. Bu sistemin fəaliyyətini genişləndirmək üçün müəyyən infrastruktur məsələləri hələ də həllini tapmayıb.Məsələn, Bakıdan kənara çıxan zaman əksər ticarət mərkəzlərində, xidmət və əyləncə mərkəzlərində nağdsız hesablaşmanı aparmaq mümkünsüzdür.Çünki bunu təmin edəcək infrastruktur inkişaf etməyib.

Hələ ötən il nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən 3 layihənin hazırlanması nəzərdə tutulmuşdu. Bunlar “Nağdsız Azərbaycan”la yanaşı, “Ani ödənişlər” və “3D bank sektorunda blokçeyn texnologiyalarına keçid” proqramları idi.Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq davam etdirilirdi.Amma buna baxmayaraq, hələ də Azərbaycanda nağd ödənişlərin payı 90 faizdən çoxdur.

Bugünlərdə “İqtisadiyyatın Şaxələndirilməsi – Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov da ölkədə nağdsız ödənişlərlə bağlı vəziyyətdən də danışıb: “Azərbaycanda hələ də nağd ödənişlərin xüsusi çəkisi çoxdur.Bu, böyük problemdir və azaltmalıyıq.Hazırda Azərbaycanda nağdsız ödənişlər üçün infrastruktur var, amma institutsional problemlər mövcud potensialdan istifadə etməyə imkan vermir.Ona görə çalışmalıyıq ki, nağdsız ödənişlərin səviyyəsi artsın”.

Maraqlıdır, baş bankirin də dediyi kimi, nağdsız ödənişlər nağdı ödənişlərə niyə uduzur?

İqtisadçı-ekspert Qalib Toğrul “Cümhuriyət” qəzetinə bildirib ki, mövcud qanunvericilikdə nağdsız hesablaşmaların metodunun genişləndirilməsi məqsədilə bir çox məhdudiyyətlər nəzərdə tutulub: 

“İndiyə qədər tərəzinin məhdudiyyət gözü təşviq gözündən daha ağır gəlir. Məsələn, bir müddət əvvəl “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik edildi və vəsaitlərin nağdlaşdırılmasına müəyyən məhdudiyyətlər tətbiq olundu. Məhdudlaşdırılan hesablaşmalar zamanı ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 (otuz min) manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 (on beş min) manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bundan əlavə, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.Nağdsız hesablaşmalar müəyyən qanunvericilik əsası yaradır.Amma yeni zamanda müəyyən təşviq təsirləri də nəzərdə tutulmalıdır.Sonuncu dəfə Vergi Məcəlləsinə olunan dəyişikliklərdə də nağdsız aparılan hesablaşmaların bir hissəsinin qaytarılması nəzərdə tutulub.Doğrudur, hələ bu mexanizm tam şəkildə bərpa olunmayıb.Amma ticarət və ictimai iaşədə həm gəlir vergisi üzrə, həm də sadələşdirilmiş vergi ödəyicisi olanlar nağdsız apardıqları əməliyyatların məbləğinin bir hissəsini geri ala biləcəklər.Yəni, bu, ya gəlirdən, ya da sadələşdirilmiş vergidən tutulacaq.Amma bu da yetərli deyil.Hesab edirəm ki, bank-maliyyə sektorunda sağlamlaşdırma tədbirləri sürətləndirilməlidir.Çünki nağdsız hesablaşmaların aparılması üçün insanların bank sektoruna etibarı olmalıdır.Sirr deyil ki, əməkhaqları, kompensasiyalar, müavinətlər, eləcə də pensiyalar plastik kartlara yatırılır.Amma insanlar həmin vəsaitləri kartlardan çıxarıb nağd şəkildə istifadə edirlər. Çünki insanlar bilmir ki, onların vəsaiti kartda qalarsa, pulun başına nə iş gələ bilər. Onu da qeyd edim ki, təqaüd, o cümlədən əməkhaqqı kartları ilə alış-veriş etmək mümkündür.Amma elə etmək lazımdır ki, insanlar pərakəndə ticarət müəssisələrdən alış-veriş edərkən həmin kartlarla ödəniş edə bilsin.Buna görə də hər kəs istəyir ki, pulu nağd şəkildə özündə olsun. Çünki belə özlərini daha rahat hiss edirlər”.

Qalib Toğrul əmanətlərə bağlı da oxşar vəziyyətin yaşandığını deyib: 

“İndi banklara etibar azaldığından vətəndaşlar əmanətlərini nəinki bankda, özündə saxlamağı daha üstün tuturlar. Mərkəzi Bankın Azərbaycanda nağdsız ödənişlər üçün qurduğu infrastruktur qənaətbəxş deyil.Əvvəla, maliyyə-bank sektorundakı son böhrandan sonra bank şöbələrinin, filialların, eyni zamanda bankomatların da sayı azaldılıb.Digər bir məsələ ondan ibarətdir ki, nağd dövriyyənin böyük hissəsi ictimai iaşə və pərakəndə ticarət müəssisələrinin payına düşür.Demək olar ki, xırda pərakəndə ticarət müəssisələrinin heç birində posterminallardan istifadə olunmur.Ümumiyyətlə, həmin müəssisələr öz aralarındakı hesablaşmalar zamanı da nağd əməliyyatlara daha çox üstünlük verirlər.Tutaq ki, iki vergi ödəyicisi – topdan və pərakəndə ticarət mərkəzi öz aralarında ödəniş edəndə pərakəndə ticarət mərkəzi köçürməyə razı olmur.Bu ilin yanvarından nağdsız əməliyyatların həcminin artması üçün müəyyən tədbirlər həyata keçirilməyə başlanıb.Nəzərə almaq lazımdır ki, kiçik pərakəndə ticarət mərkəzlərinin arealı çox genişdir və bütün sahələri əhatə edir.Amma kiçik pərakəndə ticarət mərkəzləri və iaşə obyektləri nağdsız əməliyyatlara o qədər də üstünlük vermir.Onların bəzisində heç posterminal da yoxdur.Əgər bunlar yoxdursa, nağdsız dövriyyənin həcmini necə artırmaq olar?Bunun üçün müvafiq infrastruktur olmalıdır ki, bundan sonra nağdsız ödənişlərin də həcmi artsın”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …