Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Banklar yalan reklamlarla müştəri ovuna çıxır

Banklar yalan reklamlarla müştəri ovuna çıxır

Bankların iş yerindən arayış tələb olunmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə kredit götürmək haqqında reklamlarına tez-tez rast gəlinir. Bu da vətəndaşları həvəsləndirir. Lakin vətəndaş şəxsiyyət vəsiqəsi ilə müraciət etdikdə kredit ala bilmir. Banklara yaxnlaşdıqda başqa tələblər ortaya çıxır, zamin istənilir, qohum-qonşunun telefon nömrələri tələb olunur, iş uzanır, bəzən isə kredit verilməkdən imtina edilir.

Bəs bu cür cəlbetmə reklamları nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı bank eksperti Əkrəm Həsənov Bakupost.az -a açıqlama verib.
O, belə aldadıcı reklamların qarşısının şikayətlər nəticəsində alına bilənəcəyini düşünür:



“Burada 3 amil var. Birincisi, yalan reklamdır. Banklar yalan reklama görə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimələnə bilər. Vətəndaş ora müraciət etməlidir. İkincisi, bu kreditlərin verilməsi qaydalarının pozulmasıdır. Mərkəzi Bankın kredit verilməsi üçün müəyyən edilmiş qaydaları var. Həmin qaydaya əsasən, bank mütləq vətəndaşın gəlirini təsdiq edən sənəd tələb etməlidir. Yəni bununla bağlı Mərkəzi Bank da həmin bankları cərimələyə bilər. Üçüncü məsələ isə odur ki, burada vətəndaşa mənəvi zərər vurulur. Həm vətəndaş vaxtını itirir, həm də istədiyinə nail ola bilər. Bu halda vətəndaş həmin bankı məhkəməyə verə bilər. Ona dəyən mənəvi zərərin qarşılığını tələb edə bilər. Bu hallar ona görə çoxdur ki,vətəndaşlar heç bir yerə şikayət etmir. Bu reklamları Mərkəzi Bank da, Dövlət Xidməti də görür. Onların da fəaliyyəti qənaətbəxş deyil. Ümid edirik ki, Mərkəzi Bankın yeni rəhbəri bu məsələlərlə məşğul olar”.

Məsələ haqqında hüquqşünas Ələsgər Məmmədli də fikirlərini bildirib. O, kreditin növünə görə şərtlərin fərqli olduğuna diqqət çəkib:

“Məsələn, ipoteka krediti üçün ayrı, daşınmaz əmlak üçün ayrı, istehlak krediti üçün ayrı şərtlər var. İlk növbədə, bankların hansı məqsədlə kredit təklif etdiyinə baxmaq lazımdır. Ona görə də bunlara tamamilə yanıldıcı reklam demək olmaz.
Bank sahəsini tənzimləyən qurumlar mövcuddur. Onlar bu məsələ ilə maraqlanmalıdırlar. Vətəndaşlar da aldadıldıqları üçün istehlakçı hüquqları ilə bağlı birbaşa aidiyyəti nazirliyə müraciət etməlidirlər”.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov isə qeyd edir ki, bu cür reklamlar istehlakçı hüquqlarının pozulmasıdır:

“Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti düzgün işləsə, bu cür bankları ciddi cərimələr gözləyə bilər. Lakin təəssüflər olsun ki. Həmin qurum istehlakçı hüquqlarının pozulmasına biganədir. Bu halda da insanlar aldadılır. Bir çox reklam kampaniyaları və bu cür aldadıcı reklamlar vətəndaşı qapıdan içəri keçirmək üçündür. Bundan sonra onlar seçim edirlər. Bu cür hüquqları pozulan vətəndaşlara məsləhət görülür ki, İqtisadiyyat Nazirliyinin hüquqları tənzimləyən şöbəsinə zəng vursunlar. Yaxud da ölkədə fəaliyyət göstərən Bank Ombudsmanına müraciət edə bilərlər”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …