Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın iri şəhərlərində yaşıl enerjiyə keçid planlaşdırılır

Azərbaycanın iri şəhərlərində yaşıl enerjiyə keçid planlaşdırılır

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Şəhərlər Gününə həsr olunmuş müraciətində dünyanın bir çox şəhərlərinin bərpa olunan enerji mənbələrinə keçdiyini və iqlimə davamlı infrastruktur yaratmağa çalışdığını bəyan edib. O, bu barədə Twitter səhifəsində yazıb.

Paylaşımda deyilir: “Bir çox şəhərlər artıq bərpa olunan enerji mənbələrinə keçid edir, zərərli maddələrin sıfır emissiya hədəfləri müəyyən edir və iqlim dəyişikliklərinə davamlı infrastruktur qurur. Şəhərlərin dayanıqlı dünya qurmaq üçün lokal səviyyədə gördüyü tədbirlər qlobal miqyasda öz əksini tapacaq”.

Yada salaq ki, hər il oktyabrın 31-i Ümumdünya Şəhərlər Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini qlobal urbanizasiya problemlərinə və şəhərlərin davamlı inkişafının vacibliyinə cəlb etməkdir.

Azərbaycan da bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-də müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur.

Bəs Azərbaycanın iri şəhərlərində bu sahədə vəziyyət necədir? BMT baş katibinin vurğuladığı kimi, bizdə də şəhərlərimiz bərpa olunan enerji mənbələrinə keçid edirmi?

Alternativ enerji erasında Azərbaycanın potensialı

Mövzu ilə bağlı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən “Yeni Müsavat”ın sorğusuna cavab verilib. Cavabda bildirilir ki, işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır: “Ötən il işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Yaponiyanın “TEPSCO” şirkəti cəlb edilməklə “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiya sənədi hazırlanıb. Bundan əlavə, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyəti bəyan edilib. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcəkdir”.

Qurumdan o da qeyd edilib ki, Azərbaycanın digər iri şəhərlərində də yaşıl enerjiyə keçid planlaşdırılmaqdadır: “Bununla bağlı əməli addımlar atılır. Bu il 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının, 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması buna misal ola bilər. Eyni zamanda hazırda ölkəmizdə 30 su elektrik stansiyası, 4 külək elektrik stansiyası, 8 günəş elektrik stansiyası, 3 hibrid elektrik stansiya və 1 ədəd bərk məişət tullantılarının yandırılması zavodu fəaliyyət göstərir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …