Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda devalvasiya riski ciddidirmi? – ŞƏRH

Azərbaycanda devalvasiya riski ciddidirmi? – ŞƏRH

2021-ci ili başa vurmaqdayıq. Son həftələrdə Azərbaycanın istehlak bazarında qiymət artımlarının sürətlənməsi, qaz və enerji tariflərinin artırılması əhalidə manatın məzənnəsində dəyişikliklərin olacağına dair təşviş yaradıb. Bundan əlavə, əsas ticarət tərəfdaşlarımız olan Rusiya və Türkiyədə milli valyutaların dəyərsizləşməsi prosesi sürətlənib ki, bu da Azərbaycanda da eyni proseslərin gedəcəyi gözləntiləri yaradıb.

Azərbaycan manatı 2022-ci ilə hansı məzənnə ilə gedəcək? Gələn il milli pulumuzun məzənnəsində dəyişikliklər nə qədər gözləniləndir?

Təcrübə göstərir ki, manatın məzənnəsinə həlledici təsiri olan amil neftin dünya bazar qiymətidir. 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub. Bu ilin büdcəsi isə 45 dollardan hesablanıb. Hazırda dünya bazarında neftin qiyməti 84-85 dollar civarındadır. Bu qiymətin nə qədər indiki həddində qalacağına gəlincə, burada rol oynayan əsas amillər qlobal neft ehtiyatlarının, gündəlik hasilatın və tələbin səviyyəsidir. Açıqlanan məlumatlar göstərir ki, dünyada neft ehtiyatlarının həcmi getdikcə azalmaqdadır. OPEK+ texniki komitəsinin proqnozuna görə, cari ilin dördüncü rübü ərzində dünyadakı neft ehtiyatlarının həcmi sutkada 1,1 milyon barel həcmində azalacaq. Bloombergin komitədəki məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, əvvəlki proqnozda azalmanın sutkalıq 670 min barel təşkil edəcəyi gölənilirmiş. Lakin son həftələrdə qlobal neft istehlakındakı kəskin artım mövcud ehtiyatlardan daha çox istifadəni şərtləndirib. İlin sonunadək qlobal neft tələbinin də əvvəlki proqnozdan daha çox, OPEK+ dan kənarda neft hasilatının isə az olacağı bildirilir.

Devalvasiya gözlənilir? - VİDEO

Cari ilin sonuna doğru inkişaf etmiş ölkələrdə neft ehtiyatları son beş ilin orta  göstəricisindən əvvəlcə nəzərdə tutulan 106 milyon barel deyil, 158 milyon barel daha az olacaq. ABŞ-ın əsas neft ehtiyatlarının toplandığı Kuşinq anbarlarında ehtiyatların həcmi son həftə ərzindı 1,81 milyon barel daha azalıb. ABŞ Energetika Nazirliyi bəyan edib ki, Kuşinqdəki ehtiyatlar 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Bu gözləntilər fonunda dünya bazarında neft qiymətləri yenidən artaraq 85 dollar civarına çatıb.

Hasilatın artması ehtimalına gəlincə, burada əsas rola malik olan OPEK+ hasilatla bağlı planına noyabrın 4-də baxmağı nəzərdə tutur. İlkin məlumatlar ilin sonunadək gündəlik hasilatın əvvəlcə nəzərdə tutulan həcmdə – 400 min barel artırılması istiqamətlidir. Bu razılaşmadan kənardakı hasilatçıların da hasilatı gözlənildiyindən daha az artırmaq imkanında olması göstərir ki, ən azı 2022-ci ilin aprelinədək dünyada neft hasilatı tələbin artımını qarşılayacaq həddə olmayacaq.

Azərbaycanda əhalini təşvişə salan inflyasiyaya gəlincə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun dediyinə görə, 2021-ci ilin sonuna ortaillik inflyasiya 6,2-6,5 faiz səviyyəsində gözlənilir. Təkcə dekabrda isə illik inflyasiya 9,5-10,5 faiz səviyyəsində gözlənilir. Sədr qeyd edib ki, gələn il isə ortaillik inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ortaillik inflyasiya 5,2 faiz, təkcə sentyabrda isə illik inflyasiya 8,5 faiz təşkil edib. 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8 faiz təşkil edib.

Oxu.az - Elman Rüstəmov da istefa verdi?

E.Rüstəmov bildirir ki, Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur. Onun sözlərinə görə, manatın dayanıqlığı artıb və Mərkəzi Bank tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək və hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir: “Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm”.

Baş bankir vurğulayıb ki, devalvasiya proqnozları son illərdə tez-tez yayılıb: “Təxminən 5-6 ildir ki, manatın məzənnəsi ilə bağlı belə proqnozlar verilir. Adətən ilin sonunda və ya əvvəlində belə şaiyələr yayılır. Hesab edirəm ki, biz insanları qorumalıyıq. Ötən ilin yanvarında yayılmış şaiyələrin hesabına insanlar koronavirusun ən yüksək vaxtında bankların qarşısında dayandılar. İnsanlar öz planlarını müsbət proqnoz üzərində qurmalıdır. Mən arzu edirəm ki, peşəkar iqtisadçı jurnalistikamız olsun. Son zamanlar bu proses getməkdədir. Siz analiz edin ki, son 5 ildə belə iddialar yayılıb və nəticəsi nə olub. Açıq deyim ki, hökumətlə, Mərkəzi Bankla münasibətlərin də öz etik həddi var. Əgər hansısa qərar olsa qurum özü məlumat yayar”.

E.Rüstəmov onu da qeyd edir ki, Mərkəzi Bank manatın məzənnəsinə müdaxilə etmir. Onun sözlərinə görə, milli valyutanın məzənnəsinin süni olması barədə deyilənlər həqiqətə uyğun deyil: “Bu, açıq bazardır. Mən bilmirəm, onu necə tutub saxlamaq olar. O ki, qaldı Dövlət Neft Fondundan (ARDNF) transfertlərə, bu prosesdə AMB yalnız agent rolunu oynayır. Bəzi dövlət xərcləri ödənilməlidir. Bu, daha çox fiskal prosesdir. Belə köçürmələr daha çox dövlət büdcəsi üçün həyata keçirilir. Biz çox az hallarda banklardan valyuta alırıq. Çünki onlarda likvidlik problemi olur. Bir də ki, beynəlxalq təşkilatların AMB-də hesabları var. Əgər biz valyutanı alırıqsa, bu məqsədlə alırıq. Biz həm də valyutanı manatın məzənnəsinin möhkəmlənmək təzyiqindən azad etmək üçün alırıq. Bəzi ekspertlər bu fikirdən istifadə edir. Bu gün ekspert bazası da çox irəli gedib. Amma belə fikri səsləndirən bir neçə ekspert qalıb”.

Qeyd edək ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir: “Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür”.

Sənəddə qeyd olunur ki, büdcə və iqtisadi inkişafla bağlı proqnozlar verilərkən ehtimal və fərziyyələrin əsasında neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər dayanır.

İqtisadçı-alim Elşad Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın xaricdən idxalının yüksək səviyyəsi şəraitində əsas ticarət partnyorlarımız olan ölkələrin milli valyutalarının zəifləməsinin ən ciddi mənfi təsiri yerli istehsala olur: “Ucuz idxal yerli istehsalı boğan əsas amillərdəndir. Bu, ölkədə texnoloji tutumlu istehsalın inkişafına mane olur. Bundan əlavə, belə şərtlər milli valyutanın məzənnəsinin sabit saxlanmasını zəruri edir. Çünki daxildə investisiyaların planlaşdırılması, bütövlükdə iqtisadiyyatın inkişafının təmin olunması üçün milli valyutanın məzənnəsinin sabit saxlanmasına ehtiyac var. Ona görə də faktiki olaraq Mərkəzi Bank və hökumət burada bir mürəkkəb dilemma qarşısındadır”.

Ekspert hesab edir ki, bütün xarici təzyiqlərə baxmayaraq, daxili iqtisadiyyatın inkişafını təmin etmək üçün Mərkəzi Bank məzənnəni sabit saxlamalıdır: “Hətta hansısa məzənnə dəyişikliyinə gedilərsə, bunu gözləntilər çərçivəsində həyata keçirmək lazımdır. Hesab edirəm ki, hazırda Azərbaycan iqtisadiyyatı yeni kəskin devalvasiya şokunu yaşayacaq vəziyyətdə deyil. Buna görə də məzənnə sabit və proqnozlaşdırılan olmalıdı. Hökumətin bunu təmin etmək üçün yetərincə imkanları var: ölkəyə daxil olan valyutanın həcmi xaricə çıxandan xeyli çoxdur. Xarici ticarətdə kəskin müsbət saldo var. Eyni zamanda həm Mərkəzi Bankın, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatları getdikcə artır. Bu baxımdan, düşünürəm ki, Azərbaycan hökumətinin növbəti il ərzində də manatın məzənnəsini sabit saxlaması nəinki mümkündür, hətta zəruridir. Mən nə bu ilin sonuna, nə də gələn il üçün hər hansı məzənnə dəyişikliyinin olmayacağı qənaətindəyəm”.

Məlumat üçün bildirək ki, Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 51 milyard 260,2 milyon dollar təşkil edib. Bunun 86,3 faizi və yaxud 44 mlyard 226,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7 faizi və yaxud 7 milyard 33,8 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 700 milyon dollar və yaxud 1,4 faiz artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 0,3 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 9 faiz artım olub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …