Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Aqrar sektorda Sovet planı: Bazarda nəyi dəyişə bilər? – ŞƏRH

Aqrar sektorda Sovet planı: Bazarda nəyi dəyişə bilər? – ŞƏRH

Özbəkistanda məhsuldarlığın artırılması məqsədilə hökumət fermerlərə plan qoyub.

Ölkədə tərəvəz əkini üçün 172 min ha sahə ayrılıb. Hökumətin planına əsasən, fermerlər həmin ərazidən 3,5 milyon ton kənd təsərrüfatı məhsulu almalıdır. Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.Məlumatda bildirilir ki, 172 min ha ərzinin 23 min hektarında soğan, 18 min hektarında yerkökü əkiləcək.Bundan başqa 47 min ha ərazidə 1 milyon ton kartof əkilməsi planlaşdırılır.

Ölkə prezidenti Şövkət Mirziyoyev ötən ilin dekabrında fermerlərə müraciət edərək məhsulla bağlı statistik rəqəmləri səsləndirib.Onun sözlərinə görə, fermerlər dövlət planına uyğun məhsul əldə edərlərsə, ölkədə bu sahədə problem olmayacaq, qiymətlər ucuzlaşacaq.

Qeyd edək ki, digər kənd təsərrüfatı ölkələrində SSRİ dönəmində olduğu kimi plan tətbiq edilməsə də, hökumət kənd təsərrüfatı üzrə istehsalı tənzimləyir.Bu üsulun tətbiq edildiyi İsrail, Hollandiya, ABŞ kənd təsərrüfatı məhsulları üzrə qabaqcıl yerləri tutaraq, digər ölkələrə məhsul ixrac edir.

Azərbaycanda məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması üçün hökumətin hansısa formada kənd təsərrüfatı məhsullarının istehsalının tənzimlənməsi mümkündürmü?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, plan sistemi ilə aqrar sahənin qurulmasının əleyhinədir: 

“Amma özbəklərin hədəflədiyi nəticəni başqa üsullarla almaq mümkündür. Biz Avropa ölkələrinin, Kanadanın, ABŞ-ın təcrübəsində bunu görürük. Onlar plan deyil, proqnozlar qoyurlar. Proqnozlar da araşdırmalar nəticəsində müəyyən edilir.Məsələn, Azərbaycan hökuməti hansısa məhsulun daha çox istehsalını arzulayırsa, onu müxtəlif vasitələrlə stimulaşdıra bilər.Həm də stimullaşdırma istiqamətində nəticəni proqnozlaşdıra bilər. Amma plan qoymaq doğru metodologiya deyil. Yəni plan qoymaqdansa, qarşıya hədəf qoyub, ona çatmaq üçün yollar axtarmaq lazımdır. İstehsal “relsə düşən” zaman isə hökumət bunun məhsuldarlıq tsklini tənzimləməlidir.“İqtisadiyyatın dövlət tənzimlənməsi” xüsusi fəndir.Müxtəlif vasitələrlə kənd təsərrüfatı məhsullarının qiymətinin sabit olması tənzimlənir.Çünki qiymətlərin “rəqs etməsi” birbaşa fermerlərin fəaliyyətinə təsir edir.Bu “rəqslərin” tənzimlənməsi üçün dünya təcrübəsi var. Orta Asiya təcrübəsi bizim üçün yararlı və səmərəli sayıla bilməz”.

İqtisadçı deyir ki, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı tənzimlənməsi mövcud deyil:

“Bunu həyata keçirmək üçün real göstəricilər əldə edilməlidir. Məsələn, bu yaxınlarda kartofun idxalına rüsum tətbiq olundu, sonradan isə bunu ləğv etdilər. Bu ona görə baş verdi ki, kartof istehsalı ilə bağlı konkret göstərici yoxdur. Əvvəlcə göstəriciyə malik olmaq, sonra isə həmin göstəriciləri idarə etmək üçün üsullar seçilməlidir.Azərbaycanda hələ ki, belə bir tənzimlənmə istiqamətində nailiyyət yoxdur.Amma potensial var. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə idarələri, əhalinin kənd təsərrüfatı vərdişləri var. Onları stimullaşdırıb, istiqamətləndirib, sonradan alınan nəticə üzərində işləri qurmaq olar.Digər tərəfdən fəaliyyət olmalıdır ki, o da tənzimlənsin.Bizdə yalnız taxılla pambıq əkilir.Hökumət digər məhsulların əkinini sərbəst buraxıb.Ölkədə bu məhsullara tələbatın nə qədər olması, bu tələbatın hansı hissəsinin idxal, hansı hissəsinin istehsal hesabına ödənilməsi hesablanmır, idxalın azaldılması istiqamətində işlər həyata keçirilmir. Hesab edirəm ki, bu il yaranan qısamüddətli ajiotaj yəqin ki bir dərs olacaq. Qarşıdakı dövrlərdə kənd təsərrüfatı məhsullarının istehsalının stimulaşdırılması və tənzimlənməsi istiqamətində işlər görüləcək”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …