Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “Turan Tovuz”un baş məşqçisi: “Başqası olsa, deyərdi, get, bizə lazım deyilsən”

“Turan Tovuz”un baş məşqçisi: “Başqası olsa, deyərdi, get, bizə lazım deyilsən”

Ötən mövsüm Birinci Divizionda 3-cü pilləni tutan “Turan Tovuz” hazırda qeyri-sabit çıxışı ilə diqqət çəkir. Artıq mövsümün ilk yarısı geridə qalsa da, komanda hələ toparlana bilməyib. Baxmayaraq ki, qarşıdakı mövsümdən tovuzluların da Premyer Liqaya dəvət alacağı ilə bağlı söz-söhbətlər gəzir.
Baş məşqçi Rövşən Babayev Qaynarinfo-ya müsahibəsində komandasının həm hazırkı durumunu dəyərləndirib, həm də qarşıdakı planlarla bağlı fikirlərini bildirib.
– Mövsümün ilk hissəsi “Turan Tovuz” üçün necə keçdi?
– Hər kəsə təşəkkür edirəm. Hər şeydən öncə bizi dəstəkləyən azarkeşlərimizə, rəhbərliyimizə, futbolçulara minnətdaram. Komanda hazırlığa gec, demək olar sentyabrın əvvəlində başladı. Onlar da bizi başa düşdülər. Bildilər ki, yeni, akademiyadan gələn futbolçulara üstünlük veririk. Akademiyanın rəhbəri Adil Şükürovla yaxşı vəhdət qurmuşuq. Potensial kimi, 2005 təvəllüdlü futbolçuları çempionatda oynatmağa başladıq. Onlardan Sadiq Şəfiyevin, iki Məhəmməd adlı futbolçumuzun, İsmayılın, Rəşadın, Sənanın adını çəkə bilərəm. Keçən il heyətdən bəzi aparıcı oyunçular çıxıb getmişdilər. Əksəriyyəti icarəyə gələnlər idi.
– “Turan Tovuz”un ötən mövsümlə müqayisədə indi daha qeyri-sabit çıxış etməsinin səbəbi təkcə budur?
– Əsas məqamlardan biri də budur ki, yenidən, qısa zaman ərzində komanda yığdıq. Akademiyadan gələnlərə, bir də yerdə qalan tovuzlu uşaqlara üstünlük verdik. İlk “11-liy”in 8-9 üzvü tovuzlu uşaqlar idi. Çoxdandır belə hal yox idi. Rəhbərlik sağ olsun ki, mənim fikirlərimi dəstəklədi. İşimizi 3 tsiklə böldük. Yerliləri cəlb etdik, işə başladıq. Mövsümə yaxşı başlaya bilmədik. Futbolçular hələ də öz funksiyalarını yerinə yetirə bilmirdi. Fəlsəfəyə uyğun çalışdıq. “Qərb derbisi”ndən sonra komanda öz oyununu oynamağa başladı. Nəticədə xallar topladıq. Hazırda bizə xas olmayan yerdə qərarlaşsaq da, ilk “beşlik”dən çox geri qalmadıq. Sonuncu, “Zirə-2” ilə oyunda uşaqlar pis oynamadılar. O cümlədən, “Səbail-2”, “Keşlə-2”yə qarşı da eyni şəkildə oyun sərgilədik. Komanda inkişaf yolundadır. Məncə, bir balaca güclənsək, gələcəkdə normal çıxış edə biləcəyik. Ürəkaçan məqam odur ki, Tovuzda futbolçular yetişir və potensiallı uşaqları daha yuxarı yaşlılardan ibarət komandalara dəvət edirik.
– Komandada nəyi dəyişmisiniz? İstədiyiniz fəlsəfəni futbolçulara mənimsədə bilirsinizmi və hazırda hansı çətinliklərlə üz-üzəsiniz?
– Vaxta ehtiyacımız var. Əslində, bu sözü hamı deyə bilər. Mən ilk dəfədir ki, bunu etiraf edirəm. Amma qorxmadan deyirəm ki, topla davranış, rəqibə öz meydanında təzyiq göstərmək, top itkisindən sonra onu necə geri almağımızı aşılamaq, rəqibi saxlamaq kimi işləri yerinə oturtmağa başladıq. Ürəkaçan məqam budur. Çətinliklərimiz ehtiyat oyunçu kasadlığıdır. Futbolçumuz az idi, çatmırdı. Çalışıb bu problemi da aradan qaldırsaq, işimizi normal quracağıq.
– Komandanın yeni formalaşdırıldığını nəzərə alsaq, bu mövsüm qarşıya hansı hədəflər qoyulub?
– Məqsədimiz Tovuzdan olan uşaqları yetişdirmək, onları böyük futbola qaytarmaqdır. Rəhbərlik də strategiyamızı dəstəklədi. Elə oyunlar oldu ki, uduzmamalı idik, amma uduzduq. Bəlkə də başqa rəhbərlik olsa, 4-5 turdan sonra deyərdi ki, çıx get, bizə lazım deyilsən. “Turan Tovuz” olaraq heç vaxt bu qədər məğlub olmamışıq. Xüsusən də ev oyunlarında. Bizə vaxt verdilər, inandılar. Rəhbərliklə, tamaşaçılarla görüşlərimiz oldu. Onlara izah etdik ki, biz bu yoldayıq. İstəyirsinizsə, davam edək. Hamısı sağ olsun, bizi anladılar. Qarşımıza qoyulan məqsədə gəlincə, bu, bacardığımız qədər yüksək pillədə yerləşməkdir. Ən vacibi də, uşaq yetişdirməkdir. 
– Turnir cədvəlindəki mövqeyiniz oyununuza mene olur?
– Bu gün 9-cu pillədəyik. Əlbəttə, mövqeyimiz komandanı, məni də sıxır. Özüm məşqçi kimi heç vaxt bu yerlərdə olmamışam. Harda işləmişəmsə, yüksək pillələrdə qərarlaşmağa çalışmışıq. Amma bu gün reallıq odur ki, ən cavan komandalardan biriyik. Sadiqlər, ismayıllar, izzətlər, rəşadlar yetişdiririk. Kifayət qədər perspektivli futbolçularımız var. Qış fasiləsindən sonra qalıb işləsəm, yenə də akademiyadan uşaqlar dəvət edəcəyik.
– Hazırkı durumda perspektivi necə görürsünüz? Komanda mövsümün sonunda neçənci pilləni tuta bilər?
– Çalışırıq, oyun keyfiyyətimizi yaxşılaşdırmaqla yüksək pillələrə qalxaq. İnanıram ki, gördüyümüz işin bəhrəsi olacaq. Ürəkaçan məqamlardan biri də budur ki, “Turan Tovuz”un məşqçiləri vaxtilə bu komandada oynamış futbolçulardır. Eldəniz, Xəyal Qarayev, Nizami Ocaqverdiyev, hamısı “Turan”ın keçmiş oyunçularıdır. Əl-ələ verib çalışırıq. 
– Növbəti mövsümdən Premyer Liqada komandaların sayının 10-a çatdırılması ilə bağlı söz-söhbətlər gəzir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da açıqlamasında belə fikirlər səsləndirmişdi. Çox güman, bu, reallaşsa belə, akademiyası olan komandalara üstünlük veriləcək. Bu mənada nə dərəcədə ümidlisiniz?
– Bundan əvvəl Zaqatalada işlədim, oranın infrastrukturunu gördüm. Daha sonra “Keşlə”nin, “Sabah”ın akademiyasının rəhbəri oldum. “Sabah”ın əsas komandasında baş məşqçinin köməkçisi olmuşam. Bu gün yaxşı nəticələr istəyiriksə, sizinlə razıyam, akademiyası olan komandalar irəli getməlidir. Tovuzda da o strategiyanı tutduq ki, gələcəkdə Premyer Liqada oynasaq, komanda limit məsələlərində əziyyət çəkməsin. İnkişaf belə ola bilər. Region Liqasına baxıram, inanın mənə, böyük sıçrayış var. “Energetik”in oyunu zamanı Mingəçevirdə bir ab-hava vardı ki… Eynilə Ağstafada, Qazaxda da həmin vəziyyətdir. Son 4 ay ərzində uşaq seçmək üçün müşahidələr apardım. O qədər istəkli idilər ki… Hazırda meydançaların bir çoxu süni örtüklüdür. İnanın mənə, rayonlardakı böyük meydançalara girəndə, köhnə futbolun qoxusu gəlirdi. Öz-özümə sevinc yaşadım ki, necə yəni, o illərə qayıtdıq? Uşaqlar bərbad meydançalarda əsl mübarizə göstərirdilər. İnanıram ki, inkişaf olacaq.
– Premyer Liqada çalışmış mütəxəssis kimi, Birinci Divizionun səviyyəsi haqda nə düşünürsünüz?
– Limit olandan sonra təzyiq çox artıb. Hər yerdə inanılmaz təzyiqli oyunlar var. Keçən il “Sabah”ın əvəzedicilərində baş məşqçi kimi çalışırdım. Həmin vaxtla indiki arasında fərq böyükdür. Yaşlı futbolçuların futbola qayıtması, bir balaca canlanma gətirib. Pis nə oldu? Vaxtilə Premyer Liqada oynamış futbolçuları dəvət edən, “Qaradağ Lökbatan”, MOİK, “Keşlə-2” kimi komandalar hiss olunurdu ki, həmin təzyiqdə, sürətdə, düşüncə baxımından digərlərini üstələyirlər. Hansı ki, bizim akademiyadan gələn cavanlar hələ indi püxtələşirlər. Ümumilikdə mənfi cəhət görmədim. Ən azı hər oyunda intriqa var. Heç kim deyə bilməz ki, bir komanda digərini rahat şəkildə məğlub edəcək. “Zaqatala” neçə ildir ki, stabil heyətini qoruyub saxlayır. O cümlədən, “Keşlə-2”-nin, “Qaradağ Lökbatan”ın adını çəkə bilərəm. Yaxşı işlər gedir. Kim bizim kimi gec tərpənibsə, bir qədər problemləri yaranıb. 
– Əvəzedicilərin Birinci Divizionda oynaması nə dərəcədə düzgündür?
– Şəxsi fikrimdir, ayrılsalar yaxşı olar. Abanq gəlir, 5 qol vurub, çıxıb gedir. Məni başa düşərsiniz, o legionerdir. Ayda 8-10 min avro alan futbolçu ilə 300-400 manat qazanan eyni deyil. Düzdür, bizim uşaqlara xeyirdir, rəqibə qarşı mübarizə aparırlar. Buna baxmayaraq, stabillik itir. Bəli, belə oyunlara uşaqları kökləmək rahatdır. Çünki daha səviyyəli rəqibə qarşı oynayırlar. Motivasiya verirsən, futbolçuda inamı artırırsan. İnanmaq lazımdır. Bu gün rəqabət pis deyil. Belədə məşqçi də öz üzərində işləməyə başlayır. Yaxşı olardı ki, Birinci Divizion əvəzedicilərin çempionatından ayrı keçirilərdi, limitlərə yenidən baxılardı. Əvəzedicilərin də öz limiti olardı.
– Motivasiyadan söz açdınız. Neçə ildir Birinci Diviziondan Premyer Liqaya komanda çıxmır. Belədə futbolçularda motivasiya necə yarana bilər? Necə inana bilərlər ki, məsələn, çempion olsalar, Premyer Liqaya buraxılacaqlar?
– Rəhbərliklə görüşmüşük. Deyiblər ki, olacaq. Bildiriblər ki, heç olmasa yüksək pillələrdən birini tutun ki, Premyer Liqaya gedəndə rahat olsun. İnam var, istəyirik. Məşqçi də istəyər ki, komandanı götürüb yavaş-yavaş inkişaf etdirsin, vəhdət yaratsın ki, normal kollektiv formalaşsın. Uzun illərdi bu halın yaşanmasının Birinci Divizion komandalarına çox təsiri var. Bəli, futbolçulara dəvət göndərəndə, Premyer Liqaya çıxmaq üçün oynadığımızı bildirəndə inanmırlar. Amma həmin futbolçular Premyer Liqa klublarında ehtiyatda qalırlar, heç meydana da çıxmırlar. Ad çəkmək istəmirəm, futbolçuların 70 faizi deyir ki, “Premyer Liqada ehtiyatda oturmağa hazıram, amma Birinci Divizionda oynamaram”. Yəni, perspektiv görmürlər. Ancaq inanmaq lazımdır. Mən inanmasam, 500 kilometr yol gedib nəsə iş görməyə çalışmaram.
– Kuboka nə üçün qoşulmamışdınız? Uşaqları daha səviyyəli rəqiblərə qarşı oynatmaq yaxşı olmazdımı?
– Bu, rəhbərliyin qərarı idi. Açığı, müraciət etmişdik, oynamaq istəyirdik. Amma rəhbərlik belə qərar verdi. Şəxsi fikrimi deyirəm, “komanda oynayır” və “komanda vuruşur” sözləri tam fərqli mənalar daşıyır. Oynamaqla vuruşmaq ayrıdır. Oyunun içində vuruşub nəticə ilə ayrılmaq başqa şeydir. Mən tərəfdən qorxu yox idi. Amma reallıq odur ki, komanda yeni formalaşıb. Ola bilsin, 3:7, 2:8 kimi hesablar qeydə alınmasın deyə kubokda oynamağımıza razılıq verilmədi. Bəlkə də oynamaq bizim xeyrimizə olardı.
– Qış fasiləsi ilə bağlı planlarınız nədir?
– Birinci dövrəni 14-15 futbolçu ilə keçirdik. Çox kasadlıq yaşadıq. Fiziki göstəricilərinə görə uşaqları çox yükləyə bilmirdik. Hazırda planlaşdırmışıq ki, ayın 8-də Tovuzda yığışıb təlim məşq toplanışına başlayaq. 7 yoldaşlıq görüşü keçirmək istəyirik. Amma rəhbərliklə hələ bu haqda söhbətimiz olmayıb. Yəqin ki, yaxın günlərdə görüşəcəyik. Məşq qrafikini, individual hazırlıq proqramını komandaya vermişəm. Yeni futbolçularla hələ danışıqlar olmayıb. Öncə akademiyanın uşaqlarına üstünlük verəcəyik. Bir də yuxarı qalxmaq istəyiriksə, kənardan da futbolçu gətirməliyik ki, bu yolda bizə kömək olsunlar. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …