Azinforum.az xəbər verir ki, elə komandanın liderlərindən olan xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiç də “Qafqazinfo”-a müsahibəsində son 4 mövsümün çempionuyla onun meydanındakı dueldə qazandıqları 1 xalı qənaətbəxş saydığını gizlətməyib.

– Liderlə səfər matçında qazanılan 1 xala görə sizi təbrik etmək olar, yoxsa 2 xal itkisinin üzüntüsünü yaşayırsınız?

– Əlbəttə, oyundan öncə qələbə qazanmaq haqda düşünürdük. Qış fasiləsindən sonra ilk oyunda güclü “Qarabağ”ın qonağı idik. Buna baxmayaraq, qalib gəlmək istəyirdik. Ağır oyun idi. Matçda 2-3 qol imkanımız oldu. Onların da fərqlənməyə yaxşı şansları vardı. Ancaq oyun qolsuz bitdi.

– Nəticədən razı qaldınız?

– Məncə, normal nəticədi. Hər halda, çempionatın lideriylə oynayırdıq. Bu oyunda qələbə üçün daha bir stimulmuz vardı.

– Nə idi?

– Oyundan 1 gün öncə klubumuzun prezidenti ad günü idi. Bunu oyunadək bilirdik.

– “Qəbələ”nin prezidenti Tale Heydərovla görüşünüz olmuşdu?

– Bəli. Prezidentimiz matça 2 gün qalmış məşqimizə gəlmişdi. Bizə dedi ki, “Qarabağ”la oyunda qalib gəlməyimizi istəyir. Onun ad gününü qələbəylə təbrik etmək istəyirdik. Yəqin ki, klub rəhbərimiz matçda stadionda idi.

– Səncə, bu nəticəni ad günü hədiyyəsi saymaq olar?

– Yox, prezidentimizə qalib gəlmək istəyirdik. Ancaq 1 xal oldu. Bu da pis nəticə deyil.

– Prezidentinizin ad gününə qələbə hədiyyəsi olmadığına görə çoxmu üzüldünüz?

– Əlbəttə, üzüntü var. Bilirdik ki, ad günündə qalib gəlsəydik, çox sevinəcəkdi. Ancaq belə oldu. Növbəti dəfə prezidentimizə görə qalib gələrik. Fürsətdən istifadə edərək saytınız vasitəsilə bütün komanda adından Tale Heydərova ad günü təbrikimizi çatdırıram. Mübarizəmizi davam etdirəcəyik. Fikrimcə, hələ çempionluq şansımız var.

– Oyunu izləyəndə belə qənaətə gəlmək olardl ki, qələbədən daha çox uduzmamaq istəyirdiniz. Çünki uduzsaydınız, “Qarabağ”la xal fərqini 9-a yüksələcəkdi. Bu da çempionluq şansınızı xeyli azaldacaqdı. Doğrudanmı, 1 xala razı idiniz?

– Yox, qalib gəlmək istəyirdik. Sadəcə, əks-hücumlarda şansımızı gözləyirdik. Hər halda, “Qarabağ”ın meydanında oynayırdıq. Onlarda biz az üstünlük vardı. Belə bir çətin səfər matçında 1 xalı da normal nəticə sayıram.

– “Qarabağ” qış fasiləsindən çoxmu dəyişib? Əsas hücumçusu Dino Ndlovunun gedişi öz sözünü deyirmi?

– Onlarda digər yaxşı hücumçu var – Azərbaycan milli komandasının da üzvü olan Mahir Mədətov. Bu matçda yaxşı təsir bağışladı. “Qarabağ”da başqa yüksək səviyyəli futbolçular da var.

– Matçda hakimliyi necə dəyərləndirərdin?

– Hakimlik haqda danışmaq istəmirəm.

– İkinci hissədə mübarizələrdə aqressiv görünürdün, hakimlə mübahisə edirdin. Bu, nəylə əlaqədar idi?

– Bu oyunun gərginliyindən irəli gedirdi. Mübarizədə uduzmaq istəmirdik. Hər şey meydana qaldı, problem yoxdu.

– Növbəti turda ən yaxın izləyiciniz “Zirə”ni qəbul edəcəksiniz…

– Bu il ilk ev oyunumuz olacaq. “Zirə” da güclü komandadı. Maraqlı qarşılaşma olacaq. Bu matçda qalib gəlmək istəyirik. Çünki 3 xal çempionluq yarışında bizə vacibdi. Qızıl medallar uğrunda mübarizəmizi son turadək davam etdirəcəyik.