Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Millinin baş məşqçisi: “Nə lazımdırsa, AFFA-ya hesabatımda qeyd edəcəyəm”

Millinin baş məşqçisi: “Nə lazımdırsa, AFFA-ya hesabatımda qeyd edəcəyəm”

U-19 millimiz Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 3 qarşılaşma keçirdi. Qrupda Belçika, İspaniya və Lüksemburqla mübarizə aparan yığma, bu görüşlərin ikisindən böyükhesablı məğlubiyyətlə ayrıldı. Lüksemburqda baş tutan görüşlərdə belçikalı həmkarlarına 1:5 hesabı ilə məğlub olan futbolçularımız İspaniyadan 6 cavabsız qol buraxdı. Yalnız sonuncu, meydan sahibləri olan Lüksemburqla görüşdə komandamız 2:0 hesablı qələbəyə sevindi.
Seçmə mərhələ çərçivəsində keçirilən oyunlarla bağlı millinin baş məşqçisi Elxan Abdullayevin fikirlərini öyrəndik.

Abdullayev Qaynarinfo-ya açıqlamasında bunları söylədi:
“Biz ən ağır qrupa düşmüşdük. Hələ belə qrup olmamışdı. Ən güclü qrup bizdə idi. İki konkret favorit vardı – Belçika ilə İspaniya. Üstəgəl ev sahibi Lüksemburq. Hansı ki, bu komandanı mən zəif hesab etmirəm. Böyükhesablı məğlubiyyətlərin səbəbləri sırf klasla bağlıdır. Reytinq məsələsi var. Onlar bizdən hər cəhətdə, özü də bir deyil, üç baş güclüdür. Bu, heç kimə sirr deyil. Həm İspaniya, həm də Belçika ilə bu gün bərabər səviyyədə oynamağımız mümkün deyil. Onlarla bərabər oynamağı bacarmırıq. Futbolçuları “Mançester Siti”də, “Barselona”da əsas heyətdə oynayırlar. Yəni burda nələrisə reklam etmək düzgün deyil. Lüksemburqla oyuna gəlincə, uşaqlara təşəkkür edirəm ki, xarakter göstərdilər. Taktiki cəhətdən yaxşı və kompakt oynadılar. Psixoloji durum məni sevindirdi. Çünki stresə düşmədilər, iki məğlubiyyətdən sonra özlərində güc tapıb rəqibə müqavimət göstərdilər. Əsas odur ki, məşqçinin tapşırıqlarını yerinə yetirdilər. Ən intizamlı, qırmızı vərəqə görməyən komanda olduq. Bəzi faktlar məni sevindirir. Düzdür, zəif tərəflər də var, onların üzərində işləmək lazımdır. İndi bu futbolçularla vidalaşdıq. Gələcəkdə onlara uğurlar arzulayıram. Bu tsikli başa çatdırdıq. Gələcəkdə hansı planlar olacaq, bilmirəm. Xoş haldır ki, 3-cü yer tutan komandayıq. Yunanıstan, Sloveniya kimi rəqiblər bizdən daha az xal topladılar. Bu bir statistika olsa da, göstəricidir. Qrupumuz zəif olsaydı, daha yaxşı nəticə verə bilərdik”.
Abdullayev böyükhesablı məğlubiyyətlərə rəğmən, Belçika və İspaniya ilə matçlara daha müsbət düşüncələrlə çıxdıqlarını bildirdi:
“Əlbəttə ki, oyundan əvvəl məğlubiyyətləri qəbul etməmişdik. Burada güc, texniki-taktiki faktorlar rol oynadı. Hər iki qarşılaşmada 30-cu dəqiqəyə qədər hesab 0:0 idi. Hətta Belçika ilə matçda qol vurub önə də keçmişdik. Oyun göstərdi ki, biz hələ temp, sürət baxımından o komandalarla bacara bilmirik. Ona görə də ikinci hissədə üstün oldular və çox sayda qol vurdular. Həm fiziki, həm də taktiki-texniki baxımından onlardan zəifik. Belə rəqiblərlə 90 dəqiqə mübarizə aparmaq gücündə deyilik”.
Maraqlıdır, bu komandadan neçə nəfərin əsas yığmaya düşmək potensialı daha çoxdur: 
“Mən falçı deyiləm. Potensial baxımından deyə bilərəm ki, A millimizdə 4-5 nəfər oynaya bilər. Amma bir şey var. Onlar öz üzərlərində işləməlidirlər. Nə olsun ki, tsikl bitdi? İlk növbədə özlərini U-21-ə hazırlamalıdırlar. Qarşılarına məqsəd qoymalıdırlar. Biz onların yerinə nə futbol oynayacağıq, nə də qaçacağıq. Çox şey futbolçunun özündən asılıdır. Dərk etməlidirlər ki, yaxşı futbolçu olmaq üçün çox işləmək lazımdır. Şükür Allaha, hamısını başa düşürlər. İntizamlı uşaqlardır. Günahı onlarda görmürəm. İstərdim ki, fərdi məşqlər keçsinlər. Klublara da “çox sağ ol” deyirəm ki, pis-yaxşı bu futbolçuları yetişdiriblər. Hər bir ölkədə problem var. Koronavirusla bağlı problemləri də qeyd etmək istərdim. İl yarımdı məşqsiz, futbolsuz qalıblar. 19 yaşadək olan futbolçuların çempionatı yenicə başlamışdı. Bütün bunlara baxmayaraq, əllərindən gələni etdilər. Uşaqları qınamıram, hər birinə ayrılıqda təşəkkür düşür”.
Bu tsikldə təkcə U-19 deyil, U-21 və əsas millimiz də uğursuzluqla yadda qaldı. Mütəxəssis bunların səbəblərini nədə görür: 
“Mən öz komandam haqda danışa bilərəm. Yaxşı olardı ki, bu sualı həmin yığmaların baş məşqçilərinə verəsiniz. Çünki mən işin içində olmadığım üçün səbəbləri dəqiq bilmirəm”.
Abdullayev üçün hazırkı U-19-u əvəz edəcək komanda toplamaq çətin olacaqmı:
“Hazırda Miloş Velebit U-18-in baş məşqçisidir. 2004 təvəllüdlü futbolçular oynayacaq. Üçillik planlarımız, prinsiplərimiz var. Püşkatmada hansı komandalarla rəqib olacaqlarını bilmirəm. Buna baxmayaraq, uğurlar arzulayıram. Velebitin komandasından bu tsikldə 4 nəfərə şans vermişdim. Mahmud birinci oyunda qol vurmuşdu. Xəyal Əliyev, “Qəbələ”dən İbrahim Ramazanov bütün oyunlarda meydana çıxdı. Ağadadaş az oynasa da, dəvət etdik, şans verdik. Oynamayan futbolçu olmadı. Yalnız Davud Orucov zədə səbəbindən oynamadı. 4 nəfəri dəvət etməyimiz bilirsiniz nə deməkdir? Deməli, həmin futbolçular 2003 təvəllüdlülərdən həmin mövqelərdə daha güclüdür. Bizdə də çatışmayan cəhətlər oldu. Məsələn, Cəlal Əliyev əsas yığmaya getməsəydi, bizə çox köməyi dəyərdi. Çünki təcrübəli futbolçudur. Amma o uşaq əsas və ya U-21 millisində oynayırsa, daha U-19-a çağırmırıq. Çünki “artırır”.
Məşqçi AFFA-ya verəcəyi hesabatla bağlı da danışdı:
“Nə lazımdırsa, AFFA-ya verəcəyim hesabatda qeyd edəcəyəm (gülür). Hesabatım artıq hazırdır. Mənfi və müsbət tərəfləri orada bildirəcəyəm. Hər ikisndən də var”.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …