Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi

İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb. Çempionatda Azərbaycanı təmsil edən Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionatının finalına yüksəliblər.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb – 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşacaq.

Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub.

Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib – 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib – 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Heybulla Qıstarov (130 kq) macar Adolf Başoyla bacarmayıb – 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …