Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / “AFFA 6 kluba tam sahibdirsə, canı çıxıb futbolçu yetişdirməlidir”

“AFFA 6 kluba tam sahibdirsə, canı çıxıb futbolçu yetişdirməlidir”

“AFFA futbol oynamır, futbolçu yetişdirən qurum deyil, ölkə ərazisində futbol turnirlərinin təşkilinə məsul olan qurumdur”. Biriniz bu sözləri deyən AFFA sözçüsünə çatdırsın ki, bildiyi məsələlərdən danışsa, daha yaxşı olar”.

“Yeni Sabah” xəbər verir ki, bunu idman jurnalisti Natiq Muxtarlı qeyd edib. Milli komandanın AVRO-2020 seçmə mərhələsi çərçivəsində Macarıstan (3:1) və Slovakiya (5:1) yığmalarına biabırçı məğlubiyyəti ətrafında aparılan müzakirələrə münasibət bildirən jurnalist bildirib ki, ölkədə futboldan məsul olan qurum məhz federasiyadır:

“Əgər AFFA 8 klubdan 6-sına tam sahibdirsə, “canı çıxmalıdır”, futbolçu yetişdirməlidir. Üstəlik, bütün ölkələrdə futbolun inkişaf strategiyasını hansısa klub yox, məhz federasiya müəyyənləşdirir və klublar da bunun əsasında inkişaf edirlər. Məsələn, o AFFA sözçüsünə deyin ki, 1998-ci ildə Almaniya futbolunda yaşananlar barədə oxusun”.

Jurnalist futbolda inkişafa nail olmaq məsələsinə Almaniyanı nümüunə gətirib:

“Almaniya Futbol Federasiyası DÇ-1998-dəki uğursuzluqdan sonra Vayzenin təklifini həyata keçirmək qərarına gəldi. 121 regional mərkəzin yaradılması üçün 3,2 milyon alman markası (1,6 milyon avro) dəyərində vəsait ayrıldı. Bu mərkəzlərdə hər həftə 13-17 yaş aralığında olan 4 min oyunçuya məşqçilərin nəzarəti altında 2 saatlıq fərdi texniki çalışmalar keçirilirdi. Həmçinin 12 yaşadək olan 10 min uşaq elit məşqçilərin yanında futbolun sirlərini öyrənəcəkdi. Layihənin illik xərci 5,2 milyon alman markasına (2,6 milyon avro) bərabər idi. 

Almaniya Futbol Federasiyasının gənclərin inkişafı üzrə məsul şəxslərindən olan Frants Bekkenbauer demişdi: “Bir müddət idi ki, bu plan üzərində çalışırdıq. Bir-iki xırda detalı dəyişdikdən sonra planı həyata keçirmək qərarına gəldik”. Bu plan, təxminən 10 ildən sonra Almaniyanı dünya çempionu etdi. Planı isə “Bavariya” yox, Almaniya Futbol Federasiyası hazırlamışdı. Almaniyada federasiya, “oyunları təşkil edirik” adı altında pul “yumur”, ölkə futbolunun inkişaf strategiyasını müəyyənləşdirir, futbolçu yetişdirir”.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …