Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Texniki Universitetdə qış “tədarükü”… – İTTİHAM VAR

Texniki Universitetdə qış “tədarükü”… – İTTİHAM VAR

Qışın gəlməsilə kimi havaların soyumasından, bunun müqabilində isə evlərin qızdırılmamasından, kimi yağıntılar səbəbindən yolların bərbad hala düşməsindən, kimi də ictimai nəqliyyatın fəaliyyətindən şikayətlənir. Bu arada, bəzi ali məktəb tələbələrinin də təhsil aldıqları universitetdə növbəti pul yığımlarına başlanılması səbəbindən qanları qaralır. Necə də qaralmasın? Bütün semestri əziyyət çək, gecəni gündüzə qat, elm öyrən, axırda da qiymət almaq üçün imtahan yox, pul ver..?

Elə redaksiyamıza dünən daxil olmuş növbəti açıqlamalarda da oxşar vəziyyətin hazırda Azərbaycan Texniki Universitetində (AzTU) yarandığı bildirilir. Həm də məlumatlarda xüsusi olaraq vurğulanır ki, bu universitetdə qarşıdan gələn qış sessiya imtahanları üçün pul yığımlarının ən erkən başlandığı fakültə məhz “Radiotexnika və Rabitə” fakültəsidir.

Xatırladaq ki, qəzetimizin ötən saylarından birində dərc etdiyimiz məqalədə fakültənin dekanı, professor Bayram İbrahimovun öz işində yol verdiyi neqativ hallara dair redaksiyamıza daxil olan bəzi iddialar artıq oxuculara təqdim edilmişdi.

Yazıda qeyd olunmuşdu ki, professor Bayram İbrahimovun adı, bu gün Texniki Universitetdə müşahidə olunan neqativ halların yer almasına görə məsuliyyət daşımalı olan əsas şəxslərdən biri kimi, aldığımız məlumatlarda tez-tez hallandırılır. Məsələn, açıqlamalardan birində iddia olunur ki, “Radiotexnika və Rabitə” fakültəsində tələbələrin bir hissəsi dekanat rəhbərliyində təmsil olunan bəzi şəxslərlə əldə etdikləri anlaşma əsasında semestr boyu dərslərə gəlmirlər. Müəllimlər isə, dekandan aldıqları göstəriş əsasında həmin tələbələrə jurnalda qaib yazmırlar. Bununla da dekanlıq rəhbərliyinin yol verdiyi qeyri-qanuni əməli ört-basdır etməyə müvəffəq olurlar.

Bildirilir ki, dərslərdən yayınma prosesinin kütləvi hal alması fakültədə tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Aldığımız başqa bir məlumatda isə, tələbələrin sessiya imtahanları dövründə üzləşdikləri problemlərdən bəhs olunurdu: “Bizim “Radiotexnika və Rabitə” fakültəsində sessiya imtahanlarını pulsuz başa vurmaq qeyri-mümkündür. Müntəzəm olaraq dərslərə hazırlaşan və öz biliklərinə güvənərək rüşvət verməkdən imtina edən tələbələri isə, müxtəlif bəhanələrlə cəzalandırırlar. Bununla yanaşı da, son vaxtlar tələbələrin istehsalat təcrübəsindən azad edilməsi də ayrıca qazanc mənbəyi kimi istifadə edilir. Bunun üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur.

Məhz bu yığımların sayəsində fakültənin dekanı Bayram İbrahimov zəngin bir insana çevrilmişdir…” Dünən aldığımız son məlumatda isə, artıq fakültədə növbəti qış sessiya imtahanları üçün pul yığımlarına start verildiyi bildirilir. Mənbənin sözlərinə görə, bir fənn imtahanına görə, hər bir tələbədən alınan rüşvətin qədəri dekanat tərəfindən 200 manat məbləğində təyin edilib. Görünür Bayram İbrahimov tələbələrin qış imtahanları hesabına əməlli-başlı “isinmək” niyyətindədir.

Həmçinin dərc etdiyimiz son yazıda biz xüsusi olaraq vurğulamışdıq ki, son vaxtlar Azərbaycan Texniki Universitetində gedən bəzi proseslər ümumiyyətlə ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb etməyə başlayıb. O cümlədən, bir müddət bundan əvvəl redaksiyamıza daxil olan məlumatlarda da bu ali təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallara dair açıqlamalar təqdim edilmişdi. Elə həmin açıqlamalarda da təsdiq olunur ki, son bir neçə ildə bu ali təhsil müəssisəsində təhsilin keyfiyyəti nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Həm də mənbələrin rəyinə görə, bu halın baş verməsinə səbəb olan amillər, birbaşa universitet rəhbərliyinin qeyri-qənaətbəxş fəaliyyəti ilə bağlıdır. Belə görünür ki, bu ilin sentyabr ayından Xalıq Yahudovun AzTU-nun rektor əvəzi vəzifəsinə təyin edilməsi də, bu ali təhsil müəssisəsində gedən prosesləri normal məcraya yönəldə bilməyəcək…


Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

dia.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın