Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “MƏNİ TƏHDİD EDİRLƏR…” – Prezidentin köməkçisindən diqqətçəkən açıqlamalar

“MƏNİ TƏHDİD EDİRLƏR…” – Prezidentin köməkçisindən diqqətçəkən açıqlamalar

Jurnalistlərin bu gün keçirilən 7-ci qurultayında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra diqqətçəkən açıqlamalar verib. O, çıxışında jurnalistlərin təkliflərinə münasibət bildirib, həmçinin bəzi aktual məsələlərə dair fikirlərini açıqlayıb. Prezidentin köməkçisi medianı fəallığa səsləyib:

“Bu gün burada səsvermə keçirildi. Özünüz gördünüz… Bu gün Azərbaycan mediasının kənara atılmış müəyyən nümayəndələri bu qurultay haqqında, burada seçiləcək yeni heyət haqqında, sizin jurnalist fəaliyyətiniz haqqında mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər ayrı-ayrı sizə oponentlik etmək istəyən həmkarlarınız olsun, yaxud da xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Buna qarşı opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri, Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal bir hal hesab olunsun? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar, bunun nəyi pisdir? Amma o partiyalar ki, mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız”.

Ə. Həsənov çıxışında ədəbi dil normalarının pozulması hallarından da danışıb: “Dəyərlərin müdafiəsində Mətbuat Şurası yaxından iştirak etməlidir. O, milli-mənəvi dəyərləri bilməyən adamlara təssüf edirəm. Ailənizə rəva görmədiyiniz məsələni cəmiyyətə yaymayın, əksinə, belə edənlərə qarşı cəbhə açmalısınız”.

Prezidentin köməkçisi qeyd edib ki, bəzi şəxslər ölkədən qaçıb Azərbaycanın simvollarını təhqir edirlər. Belələri xarici kəşfiyyatların təsiri altına düşmüş adamlardır: “Bilirsiniz, belələri Frankfurta çatan kimi onların pasportlarını alır, yekə bir öhdəliyə imza atdırıb, deyirlər ki, bundan sonra biz nə desək, onu edəcəksiniz. Azərbaycan mətbuatı isə susur, buna jurnalistlər xüsusi diqqət etməlidir. Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. “Facebook”un imkanlarından istifadə edərək, çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.

Ə.Həsənov bildirib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb:“Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …