Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Eldar Mahmudovun oğlunun şirkəti ilə necə müqavilə bağlanıb? – “Rabitə işi”ndə yeni faktlar

Eldar Mahmudovun oğlunun şirkəti ilə necə müqavilə bağlanıb? – “Rabitə işi”ndə yeni faktlar

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxslərdən “Optik Qurğular” İdarəsinin rəhbəri Namazalı Məmmədov ifadə verib. O, rabitə sahəsində uzun illərdir ki, çalışdığını, prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunduğunu deyib.
N.Məmmədov çalışdığı dövrdə bütün qaydalara və qanunlara əməl etdiklərini, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalarda da ciddi nöqsanların aşkarlanmadığını bildirib: “Heç vaxt ciddi pozuntular olmayıb. Ancaq istintaq zamanı göstərilib ki, biz qiymətləri şişirtmişik, külli miqdarda vəsaiti mənimsəmişik”.
4 milyon manat mənimsəməkdə ittiham olunduğunu söyləyən N.Məmmədov bildirib ki, onun rəhbərlik etdiyi idarənin hələ də gördüyü işlərə görə “Aztelekom” MMC-dən 16 milyon alacağı var: “4 milyon mənimsədiyim yazılıb, 7,4 milonu da mənimsəməyə cəhd etdiyim deyilir. Bu halda da mənim alacağım var. Mən niyə burada oturmalıyam?”
N.Məmmədov istintaq zamanı Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı nöqsanlara yol verildiyini deyib: “Necə sərf edirdisə, elə də yoxlama aparılıb. Ezamiyyət, maşın-mexanika və bir çox məhsulların alınmasına xərclənən vəsaitlər nəzərə alınmayıb. Bəzi bahalı materiallar çox ucuz qiymətə qiymətləndirilib. Bununla da mənimsənildiyi deyilən məbləği şişirdiblər”.
Hakim Əfqan Hacıyev N.Məmmədovun çıxışına düzəliş edərək deyib: “Siz 12 milyondan artıq məbləği mənimsəməkdə təqsirləndirilirsiniz. Həmin məbləğin 4 milyonunu özünüz götürmüsünüz. İttiham aktında belə yazılır”.
Prokuror və vəkillərin suallarını cavablandıran N.Məmmədov rəhbəri olduğu idarəni 2008-də təsis etdiyini, əsas fəaliyyətlərinin tikinti-quraşdırma və sahibkarlıq fəaliyyəti olduğunu söyləyib.
 
N.Məmmədov həbs edilən digər 10 nəfərin hər birini uzun illərdir ki, tanıdığını və yaxın münasibətlərinin olduğunu qeyd edib: “Hər birini rabitəçi kimi tanımışam. Vidadi Zeynalovla da 2005-ci ildən Şamaxıda bağ qonşusu olmuşuq”.
Prokurorun sualına cavab verən N.Məmmədov bildirib ki, “Aztelekom”un müəssisələrində aparılan işlərə, tenderlərdə qalib gəlmələrinə görə heç bir şəxsi əlaqədən, tanışlıqdan istifadə edilməyib.
 
O, qeyd edib ki, “Aztelekom” rəhbərliyi onlarla işləməyə maraqlı olub: “Onlar bizə yalvarırdılar ki, gəlin bizim işlərimizi görün. Necə tanışlıq ola bilər ki, biz aylarla pulumuzu ala bilmirdik. 16 milyon alacağım da qalıb”.
N.Məmədov pullarını ala bilmədikləri halda niyə işləmələrini belə izah edib: “İşləyə-işləyə əvvəlki borcları alırdıq. Əgər işləməsəydik, əvvəlki pulları ala bilməyəcəkdik”.
Rəhbərlik etdiyi MMC-nin ümumilikdə “Aztelekom”la 44 milyon manatlıq iş gördüyünü deyən N.Məmmədov onu da söyləyib ki, banklardan alınan kreditləri öz şəxsi ehtiyacı üçün götürüb: “Kreditlər MMC-nin adına götürülməyib. Mən öz ehtiyacım üçün götürüb, işlərə xərcləmişəm”.
Prokurorun sualına cavab verən N.Məmmədov istintaqa verdiyi ifadəsində qeyd etdiyi “Ayrılan pullardan nağdlaşdırılmış 8 milyon manatı Vidadi Zeynalova vermişəm” fikirlərini təkzib edib və deyib: “Mən bu fikirləri təkzib edirəm. Belə bir şey olmayıb”.
Növbəti ifadə verən şəxs isə həbs edilən Cəlil Cəfərov olub. “AzİnTelekom” MMC-nin sabiq baş direktoru olmuş Cəlil Cəfərov çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib.
“Bizim qabaqcadan planlaşdırılmış şəkildə Vidadi Zeynalovun rəhbərliyi ilə mütəşəkkil dəstə yaratmağımız yalandır. Bunun heç bir əsası və ozahı yoxdur” – deyən C.Cəfərov qeyd edib ki, hər ay paket formasında 50 min manat maaş alıb: “Biz Bakıda keçirilən beynəlxalq yarışlarda, həmçinin Avropa Oyunlarında yüksək səviyyədə işləmişik, mükafatlandırılmışıq da. Biz həbs olunandan sonra “Rabitə” Voleybol Klubu da dağıldı. Azərbaycan internet üçün beynəlxalq kanalı Rusiya üzərindən alırdıq, onlar monopoliya qurmuşdular, bizi kənara çıxmağa buraxmırdılar. Biz Almaniyadan kanala qoşulduq və qiyməti 10 sentdən 2 sentə endirdik, xərclər 300 milyon azaldı. Naxçıvan da blokadaydı, ora ilə danışmaq mümkün deyildi. Mən İranda yüksək vəzifədə olan dostum vasitəsilə İranla anlaşma əldə etdik, xüsusi tariflə roaminq açıldı və Naxçıvana optik açıldı. Həmin vaxt heç “Azərcell”, “Bakcell” və “Nar Mobile”ın İranda rominqi yox idi”.
C.Cəfərov bütün işləri qanunlara uyğun olaraq apardığını və nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirdiyini söyləyib: “İttiham aktında qeyd edilib ki, “Rostelekom” guya daha aşağı qiymətlər təklif edib. Orada cinayətkarlıq baş alıb gedirdi, bunu MTN də araşdırmışdı. Mağazalara pulsuz aparat verirdilər ki, guya wifi gücləndirilir. Həmin aparatları açanda qapaqda xüsusi hissə vardı, orada mobil nömrə yerləşdirdilər. Yəni, mini mobil operator yaradırdılar. Sonra onun üzərindən insanlara zəng edirdilər. Həmin vaxt insanlara beynəlxalq nömrələrdən zəng gəlirdi, araşdıranda görünürdü ki, yerli nömrədir. Onlar elə peşəkar oğurluq edirdi ki, heç qeydiyyata da düşmürdü. Biz bunlarla mübarizə aparırdıq. MTN də bizi sıxışdırırdı. Çünki həmin nömrələrdən kimin zəng etdiyi bilinmirdi. Bəlkə terrorçular bu xətlərdən istifadə edirdi? Çünki terrorist də belə zəng edə biıərdi. Biz tutulandan sonra yenə də bunlar ortaya çıxdı və indi daha çoxdu. Heç bir qayda pozuntusuna da yol verməmişik. Biz işlədiyimiz müddətdə danışıq trafiki üzrə dövlət büdcəsinə zərər gəlməyib. Amma həbs olunandan sonra, araşdırmalar apartdırmışam. Məlum olub ki, mənim həbsimdən sonra dövlətə hər ay 1 milyon manat zərər dəyib. Bizim fəaliyyətimiz dövlətə zərər yox, gəlir gətirirdisə, hansı mənimsəmədən söhbət gedə bilərdi?”
C.Cəfərov ittiham aktında qeyd edilən sabiq nazir Eldar Mahmudovun oğlu Anar Mahmudovun yaxın dostu Ayaz Kərimovun adına təsis edilmiş “Cartburg” şirkəti ilə görülən işdən də danışıb. O, qeyd edib ki, “Cartburg” şirkəti ilə bağlanan müqavilənin məqsədi xaricdən gələn gizli zənglərin aşkar edilməsi olub.
 
C.Cəfərov deyib ki, “Cartburg” şirkəti ilə əməkdaşlığa başladıqdan sonra ona aylıq 300 min dollar verilib:“Mən bu pulun paket şəklində verilməsinə etiraz etdim. Dedilər ki, MTN və nazirliyin rəhbərlikləri razılaşıb. Həmin pul da bizim işçilərin maaşlarına ayrılıb. Çünki bizim işçilər əlavə işlər görürdülər”.
Vidadi Zeynalova məxsus olduğu deyilən “P.L.Z” MMC ilə əməkdaşlıq etmələrindən də danışan C.Cəfərov qeyd edib ki, bunu nazirliyin rəhbərliyinin göstərişi ilə edib: “Məktubların daşınmasında “P.LZ” ən sürətli işləyənlərdən idi. Bizə də daha keyfiyyətli iş lazım idi. Həm də rəhbərlik deyirdi ki, bu şirkətlə işlə, mən də işləmişəm”.
C.Cəfərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “İstintaq zamanı da araşdırılıb. Adıma başqa bir obyekt, iş yoxdur. Bəs mən bu pulu hara mənimsəmişəm? Bu kağız yeməli deyil ki, mən bunu yeyim. Gamısı rəhbəri olduğum idman klubuna, gördüyümüz işlərə xərclənib. Bütün göstərişləri, işləri rəhbərliyin göstərişi ilə etmişəm. Öz fəaliyyətimdə heç bir qanunsuz addım yoxdur. Bütün bunları nəzərə alıb barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm”.
C.Cəfərov sualları cavablandırarkən bildirib ki, “Cartburg” şirkəti ilə müqavilə bağlanması göstərişini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və ləğv edilmiş MTN-nin rəhbərliyindən alıb: “Bu şirkətlə əməkdaşlıq dövlətin təhlükəsizliyi məqsədi ilə edilib. Bununla bağlı Eldar Mahmudovla da danışıqlar olub və göstəriş verilib ki, “Cartburg” şirkəti ilə işləyək. Bununla da xaricdən edilən gizli zənglərin, danışıq trafikindəki qanunsuz şəbəkələri aşkarlamaq məqsədi var idi”.
Məhkəmə prosesi fasilədən sonra davam edəcək.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır. Bu məbləğdən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi üzrə 43 milyon 367 min; “Aztelekom” MMC üzrə 51 milyon 233 min; “Azərpoçt” MMC üzrə 23 milyon 846 min; “Azintelekom” üzrə 22 milyon 471 min; “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC, “Optik Tikinti və Montaj” MMC və “Rabitə-Tikinti” ASC üzrə 12 milyon 224 min manat mənimsənildiyi iddia olunur.
517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın