Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / 36 il əvvəl Tehrandakı səfirliyin tutulmasını ABŞ özü təşkil etmişdi?

36 il əvvəl Tehrandakı səfirliyin tutulmasını ABŞ özü təşkil etmişdi?

“Mənim ixtiyarımdakı silahlarla İranı yer üzündən silmək olardı. Lakin çoxlu günahsız adam, o cümlədən, bizim diplomatlar da, çox güman ki, həlak olacaqdılar. O zaman çoxları mənə güc tətbiq etməyi məsləhət bilsələr də, zor işlətməkdən imtina etdim. Nəticədə, Tanrı dualarımı eşitdi və girovlar sağ-salamat evlərinə döndülər…”.
Bu cümlələr ABŞ-ın eks-prezidenti Cimmi Karterin 2014-cü ildə Amerika mətbuatına verdiyi müsahibəsindəndir. Müsahibədə söhbət 1979-cu il noyabrın 4-də Tehrandakı ABŞ səfirliyinin bir qrup iranlı tələbə tərəfindən ələ keçirilməsindən və 66 nəfərin (bəzi mənbələrdə 90) girov götürülməsindən gedir. 36 il öncə baş vermiş və ABŞ tarixində misli görünməmiş bu olay 444 gün ərzində iki ölkə arasında gərgin bir dram yaşatdı…

Xalq İran şahının amerikapərəst siyasətindən narazı idi?

Şah Məhəmməd Rza Pəhləvi dövründə ABŞ-la həddindən artıq yaxınlıq ona gətirib çıxarmışdı ki, xalq aparılan islahatların yalnız Amerikanın mənafeyinə uyğun olmasından və İranın tarixi ənənələrinin nəzərə alınmamasından narazı qalmışdı. Neft bumunun ardınca inflyasiya güclənir, sosial-iqtisadi vəziyyət də gün-gündən pisləşirdi. 1978-ci ilin yanvarından başlanan kütləvi etirazlar artıq ölümcül xəstə olan İran şahını 1979-cu ilin yanvarında ölkədən qaçmağa məcbur etdi. Şah faktiki sürgünə gedərək, Mərakeşdə, Meksikada və sonda ABŞ-da sığınacaq tapdı. Şahın qaçmasından cəmi iki həftə sonra,1979-cu il fevralın 1-də isə xaricdə 15 il sürgündə olmuş Ayətulla Ruhulla Xomeyni İrana qayıtdı. Və fevralın 11-də Mehdi Bəzirganinin baş nazirliyi ilə Müvəqqəti Hökumət elan edildi. Bundan sonra Şah tərəfdarları və amerikapərəst müxalifətlə mübarizə başlandı. Nəhayət, aprelin 1-də əsas şüarı «Amerikaya ölüm!» olan İslam İnqilabı baş verdi və İran ilk İslam Respublikası elan edildi. Lakin Amerikanın ölkədə dayaqları hələ də qalır, Xomeyni hakimiyyətinə qarşı müqavimət göstərməyə çalışırdılar. İnqilab tərəfdarları bu güclərin, əsasən, Tehrandakı ABŞ səfirliyində diplomat cildinə girmiş casuslar tərəfindən idarə olunduğunu hesab edirdilər.

ABŞ İranın milyardlarla pulunu dondurdu…

1979-cu ilin oktyabrında Şaha ABŞ-da müalicə üçün şərait yaradılması etirazları daha da coşdurdu. Radikal ruhanilərin dəstəyi ilə İslam İnqilabının tələbə fəalları Amerikadan Şahın verilməsini tələb edirdilər. Son nəticədə, bu gün İran tarixinə həm də “Tələbə günü” kimi düşmüş noyabrın 4-də 400-ə yaxın iranlı gənc hücum edərək, Amerikanın Tehrandakı səfirliyini tutdu və bütün əməkdaşları girov götürdü. Əsas tələb ABŞ-ın Şahı verməsi idi. Səfirliyin tutulmasına cavab olaraq, ABŞ prezidenti C.Karter İranın Amerika banklarındakı milyardlarla pulunu dondurdu və Tehranla bütün diplomatik əlaqələri kəsdi…

Niyə girovlar Reyqan prezident olan gün qaytarıldı?

Ağ ev və Pentaqon girovları xilas etmək üçün “Qartal caynağı” adlı xüsusi əməliyyat hazırladı. 1980-ci ilin aprelində həmin əməliyyat 8 Amerika komandosunun həlak olması, 1 hərbi təyyarə və 1 vertolyotun qəzaya uğraması, qalan hərbçilərin 1 vertolyotu və bir neçə avtomobili qoyub-qaçmaları ilə biabırçı uğursuzluqla nəticələndi. Amma İran Şahı Rza Pəhləvinin vəfatından sonra, İran inqilabçılarının əsas tələbi mənasını itirdi. Və nəhayət, İraq-İran müharibəsinin qızışması ilə İran tərəfində başlanan yumşalmalar sayəsində girov dramı sona yetdi. Danışıqlar nəticəsində İranda saxlanan 53 (onlardan ABŞ vətəndaşı olmayan və qadınlardan ibarət 13 nəfər əvvəl buraxılmışdı) ABŞ diplomatı və digər şəxslərin azad edilməsi 1981-ci il yanvarın 20-nə, ABŞ-ın yeni seçilən prezidenti Ronald Reyqanın andiçmə mərasimi ilə eyni vaxta təsadüf edirdi. Girov əməliyyatı sayəsində İran tərəfi ABŞ-dan bir sıra güzəştlər əldə etdi. Hadisələrin qısa xronologiyası belədir…

Səfirliyin tutulmasını ABŞ respublikaçıları təşkil etmişdilər?

Bəs ABŞ səfirliyinin tutulmasının əsas təşəbbüskarı kim idi?

Əksəriyyət təşəbbüskar kimi Xomeynini görür. Ancaq burada bir neçə versiya var. Biri bundan ibarətdir ki, Xomeyni öz gənc tərəfdarları vasitəsilə diplomatları girov götürtməklə ABŞ-la İranın xeyrinə sövdələşməyə getmək məqsədi güdürdü. Bəzi mənbələr isə daha gözlənilməz versiya irəli sürürlər: guya, bu əməliyyat o zaman yaxınlaşan prezident seçkilərində öz nümayəndələri Ronald Reyqanın qələbəsini təmin etmək istəyən Respublikaçılar Partiyasının Kissincer, Rokfeller kimi aparıcı üzvlərinin Xomeyni ilə gizli razılaşması ilə planlaşdırılıb. Həmin razılaşmada eks-prezident Haşimi Rəfsəncaninin və hazırkı dini lider Xamneinin də iştirak etdiyi bildirilir. Məqsəd demokrat Karterin simasında, bütövlükdə, ABŞ Demokrat Partiyasını gözdən salmaq olub. Hətta bu gün də İran Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları iddia edirlər ki, ABŞ səfirliyinin tutulması əməliyyatını amerikanlar özləri təşkil ediblər. Bunu təsdiqləyən sənədlərin də olduğu bildirilir. ABŞ casusu olan Musavi Xoenih isə əməliyyata cavabdeh olub. Həmin günlər İranın xarici işlər nazri olan İranın ilk prezidenti (1980-1981) Əbülhəsən Bənisədr dövründə “İslam İnqilabı” qəzetinin redaktoru olmuş Muhəmməd Cəfəri “Girovların tutulması və inqilab canişinləri” adlı xatirə-kitabında Ekspertlər Şurasının keçmiş rəhbəri Hüseyn Meşkininin səfirliyin tutulması ilə bağlı əməliyyatın hazırlanmasında iştirak etmiş 4-5 nəfərin adını çəkdiyini bildirir. Onların arasında M.Xoenihin adı xüsusilə vurğulanır. Girov əməliyyatında iştirak etmiş tələbələrdən çoxunun ifadələrinə görə, onlar, əsasən, Musavi Xoenih və Bənisədrlə əlaqə saxlayırmışlar…

Xomeyni əvvəlcə səfirliyə hücumun dayandırılmasını əmr edib?

İranın eks-prezidenti Haşimi Rəfsəncaninin xatırladığına görə, İslam İnqilabının lideri Ayətulla Xomeyni Amerika səfirliyinin tutulması xəbərini eşidəndə əvvəlcə tərəddüd edib ki, bu, düzgün addımdırmı? Xəbəri gətirən keçmiş xarici işlər naziri İbrahim Yəzdiyə deyib ki, «Gedin, tələbələri oradan qovun». Ancaq sonradan səfirlik qarşısında böyük kütləni görəndə Xomeyni fikrini dəyişib və «ikinci, daha böyük inqilaba» xeyir-dua verib.

Eks-prezident Mahmud Əhmədinejad səfirliyin “fəth”ində fəal iştirak edib?..

2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejadın 4 noyabr 1979-cu il olaylarının fəal iştirakçısı olduğu barədə ötən illərdə informasiya və hətta fotoşəkillər yayılmışdı. Bu barədə elə eks-prezident Ə.Bənisədrin də iddiaları səslənib. Prezident Həsən Ruhaninin BMT-də İranın səfiri təyin etdiyi Həmid Əbutalebinin sözügedən hadisələrdə fəal iştirakı barədə müxtəlif informasiyalar gündəmi bir müddət zəbt etmişdi. Lakin H.Əbutalebi bildirmişdi ki, 4 noyabr olaylarının bilavasitə iştirakçısı olmayıb. Sadəcə, səfirliyi zəbt edən qrupun müxtəlif ölkə nümayəndələri ilə yazışmalarının tərcüməsini təmin edib…

Gələcəkdə ABŞ-ın İrandakı səfirliyinin açılması mümkündürmü?

Bəs görəsən, 36 il öncəki hadisələr bugünkü nüvə razılaşmaları ilə yumşalmağa doğru gedən ABŞ-İran münasibətlərində hansı rol oynayır? Beynəlxalq diplomatiya qanunları baxımından, qeyri-etik sayılan ABŞ səfirliyinin tutulmasında İslam İnqilabının lideri Xomeyninin nə dərəcədə rolu olub? Və dini lider Xamneinin bu günlərdə yenidən ABŞ-ı düşmən elan etməsindən və İranda növbəti Amerika casusunun tutulması kimi olaylardan sonra, Tehranda ABŞ səfirliyinin bərpası mümkündürmü?
Bu suallarla müraciət etdiyimiz politoloq Zərdüşt Əlizadə məsələyə qısa münasibət bildirdi: “Xomeyni İran İnqilabının lideri idi və ABŞ-a qarşı ciddi addımlar atmaqda idi. Və çox güman ki, Amerika səfirliyinin titulması bilavasitə onun razılığı və ya göstərişi ilə olmuşdu. Və Xomeyni heç vaxt Amerikaya qarşı atdığı addımlarına görə peşman deyildi. Səfirliyin tutulmasını da Amerikanın İran xalqına, İran İnqilabına qarşı atdığı minlərlə düşmən addımlara br cavab aktı kimi dəyərləndirirdi. İki ölkənin qarşılıqlı münasibətlərinə gəldikdə, siyasətdə bir var, strateji düşmənçilik, bir də var, diplomatik münasibətlər. Yəni diplomatik münasibətlər mütləq xoş münasibətlər demək deyil. Sadəcə, qarşılıqlı olaraq bir-birini qəbul etmək, tanımaq deməkdir. Bu baxımdan yanaşsaq, dini liderin sərt çıxışlarına rəğmən, gələcəkdə Tehranda ABŞ səfirliynin açılması mümkündür. Amma bu o demək deyil ki, səfirlik açıldıqdan sonra, ABŞ və İran mütləq dost olacaqlar. Rəqabət də apara bilərlər, düşmən də ola bilərlər… Yəni, sözdə düşmənşilik olsa da, diplomatik əlaqələr saxlana bilər…”.

“Səfirliyin tutulması diplomatik baxımdan qeyri-etik olsa da…”

Siyasi analitik Tahir Cəfərli son aylar İran-ABŞ münasibətlərində isinişmə fonunda Xamneinin çıxışını o qədər də əhəmiyyətli saymır: ”Əvvəla, 1979-cu ilin axırlarında İranda gedən proseslərə obyektiv yanaşsaq, görərik ki, cəmi 7 ay öncə hakimiyyətə gəlmiş islamçılar o qədər də güclü deyildilər ki, ölkədə xalqı tam sakitləşdirə bilsinlər və yaxud müəyyən hərəkətlərin qarşısını alsınlar. İranlılar tərəfindən Tehrandakı ABŞ səfirliyinin tutulmasının səbəbkarları elə səfirliyin əməkdaşları və İrana qarşı siyasət aparan ABŞ departamenti idi. İranda baş vermiş inqilab anti-Amerika xarakteri daşıyırdı. İranlıların çoxu üçün ABŞ şeytanlar ölkəsi, dünyanın bütün xalqlarını pis günə qoyan bir güc idi. İranla yanaşı, o dövrdə Fələstində gedən hadisələrin də iranlılara böyük təsiri olmuşdu. İranlıların səfirliyi tutması diplomatik baxımdan qeyri-etik hərəkət idi. Lakin İran xalqı səfirliyin əks-inqilabçılara etdiyi dəstəyi görür və hiddətlənirdi. Səfirliyin alınmasının bilavasitə İslam İnqilabının lideri Xomeyninin göstərişi ilə olduğunu deyənlər də yanılırlar. Belə fikirlər ABŞ-ın mövqeyindən qaynaqlanır.

“İngilis bacarmadığı düşməni özünə dost etməyə çalışır”.

Hazırda ABŞ, əsasən, İranın qarşısında olması səbəbindən Bəşər Əsədi yıxa bilmir. Əsədi qorumaqla isə İran ABŞ-ın yaratdığı və artıq bütün Avrasiya üçün bəlaya çevrilmiş “İŞİD”in də varlığına Rusiyanın böyük dəstəyi ilə faktiki olaraq son qoymaqdadır. Ancaq amerikan-ingilis siyasətinin bir prinsipi var ki, ingilis bacarmadığı düşmənini özünə dost etməyə çalışır. Odur ki, 4 noyabr 1979-cu il olaylarını ABŞ “unudaraq” çalışır ki, İranı öz tərəfinə çəksin. İrana münasibətlərini ABŞ bu saat Bjezinskinin məşhur “Böyük şahmat taxtası”ndakı prinsiplərlə qurur. Orada belə bir ifadə var: “Əgər ABŞ İranı 2020-ci ilə qədər özünə dost və strateji ortaq etməsə, öz fövqəlgücünü itirəcək”…
İran diplomatiyası 3 min illik tarixə malikdir və elə bir ciddi siyasi hadisə göstərmək mümkün deyil ki, orada İran diplomatları uduzsunlar. Hazırda da xüsusən, Qərblə nüvə razılaşması məsələsində İran diplomatiyasının qələbəsini görürük. Əgər iki il bundan qabaq ABŞ İsrailin əli ilə İranı vurmaq istəyirdisə, bu gün ABŞ İranla yaxınlaşmaq üçün çox ciddi addımlar atmağa, hətta ənənəvi dostu olan İsraili də güdaza verməyə hazırdır.
İran ABŞ-la yaxınlaşsa da, Rusiyanı da “əlində” saxlayacaq ki, daha Şah dövründəki kimi ölkəyə gələn ABŞ diplomatları İranın daxili işlərinə qarışmasınlar. Görünən budur ki, ABŞ-Rusiya arasında mövqe tutaraq, bu iki fövqəldövləti bir-birinə qarşı qoymaqla istədiyi siyasi məqsədə nail olacaq və tezliklə İran ən qüdrətli dövlətə çevriləcək. Bu gün Azərbaycanda bəzi qüvvələr ölkəmizi gün-gündən güclənən İrana qarşı qoymaq istəyirlər. Bu, tamamilə yanlış siyasətdir. Əksinə, hazırkı iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan – İran dostluğu çox vacibdir…
İran siyasətçilərinin qətiyyətli çıxışlarına, onların rəqiblərini tənqid etmələrinə baxmayaraq, siyasi xətt dəyişilmir. Sadəcə, qarşıya qoyduqları məqsədə çatmaq üçün hər şeyə əl atırlar. Xamneinin son çıxışı belə olmalı idi, bu, ideoloji çıxışdır, geniş xalq kütlələri üçündür. İran siyasətinin gizli tərəflərini isə ancaq çox az yüksək siyasi xadim bilir. Odur ki, Xamneinin dediklərinə yox, İran – ABŞ yanaşmalarının nəticələrinə fikir vermək lazımdır. Əgər bu münasibətlər Xamneinin dediyi kimi olsaydı, ABŞ tərəfi sanksiyaları gün-gündən götürməz, bir neçə gün əvvəl Amerika dərmanlarını İrana buraxmazdı.
T.Cəfərli də hesab edir ki, İranda ABŞ səfirliyinin gələcəkdə bərpası realdır:
«Tehranda ABŞ səfirliyinin bərpası tamamilə mümkündür. İranın dini liderinin ABŞ-ın ünvanına dedikləri heç nəyi dəyişməyəcək. ABŞ – İran yaxınlığı İranı qüdrətli region dövlətinə çevirəcək və onun inkişafına güclü təkan verərəcək. İranın regional dövlətə çevrilməsi, geosiyasi gücünü artıracaq və İranı regionda diktə edən ölkəyə çevirəcək. Bunu da nəzərdən qaçırmamaq lazım deyil. Bu, o deməkdir ki, İranın təzyiqinə bütün Qafqaz respublikaları məruz qalacaq. Və bu işdə İrana dayaq ABŞ olacaq…”.

 Sultan Laçın

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın